Londona "dilənməyə" gedənlər...
15:36 14-09-2013
İQTİSADİYYAT
Londona "dilənməyə" gedənlər...
"Milli Şura" indi Böyük Britaniyada antiazərbaycançı şəbəkə axtarışına çıxıb
Dağıdıcı müxalifət düşərgəsində ciddi gərginlik hökm sürür. Artıq demək olar ki, virtual şəkildə mövcud olan "Milli Şura"da haqq-hesab davası gedir. Cəmil Həsənlini "vahid ehtiyat namizəd" edən AXCP və Müsavat Partiyasının rəhbərliyi isə yaxalarını kənara çəkib gələcək planlarını qurmaqla məşğuldurlar. Çünki onlar builki prezident seçkilərində də məğlub olduqlarını yaxşı anlayırlar. Belə görünür ki, məğlub olsalar da, Əli Kərimli və İsa Qəmbər qazanclarından qalmaq fikrində deyillər. İndi bu "siyasətçilər" yeni sponsor axtarışındadırlar.
Qəti şəkildə deyə bilərik ki, aqressiv müxalifətin yaratdığı "Milli Şura"nı qarşılıqlı ittihamlar və kəskin ziddiyətlər parçalayaraq dağıtdı. Qurumun sədri, qoca kinorejissor Rüstəm İbrahimbəyovun dublyoru Cəmil Həsənlinin bu təşkilatdan prezidentliyə "namizəd" olması vəziyyəti bir az da gərginləşdirdi. Çünki AXCP və Müsavatın C.Həsənlinin namizədliyini müdafiə etməsi "arzusu ürəyində qalan" reneqat Eldar Namazova ağır zərbə vurdu. Bu səbəbdən də Rüstəm İbrahimbəyovun qurduğu ssenarini məhv edən Namazov başqa yola əl atmaq məcburiyyətində qaldı. Cəmil Həsənlinin namizədliyini "müdafiə etmək" görüntüsü yaradan Namazov tərəfdarlarını təlimatlandıraraq tarix müəlliminə qarşı gizli savaş açdı. Yaxın tərəfdarlarına "Milli Şura"dan çıxmaq göstərişini verən reneqat Namazov yəqin ki, R.İbrahimbəyovun göndərdiyi maliyyə vəsaitinin qalıqlarını indi bu istiqamət üzrə xərcləyir.
Bir müddət öncə R.İbrahimbəyovun ayda Eldar Namazova 2000 min dollar göndərdiyi barədə məlumatlar yayılmışdı. Guya Namazov bu pullar vasitəsi ilə qoca kinorejissorun "vahid namizəd" kimi seçkiyə qatılmasını təmin etməli idi. Amma siyasi riyakar bu planı sonadək icra edə bilmədi və asanlıqla ona göndərilən pulların arxasına keçdi. Onsuz da cəmiyyətimiz yaxşı bilir ki, "Milli Şura"da təmsil olunan bəzi partiyalar üçün hər bir seçki yaxşı biznes layihəsidir. Azərbaycan ictimaiyyəti dəfələrlə dağıdıcı müxalifət partiyalarının funksionerlərinin vədlər verərək müxtəlif adamları aldatmaqla pul aldıqlarının şahidi olub. Hər kəs bilir ki, bu dağıdıcı-reneqat qaragüruhçuların xəmiri belə yoğrulub. Bunlar alınlarına xəyanətkar damğasını hələ iyirmi il bundan əvvəl öz əməlləri ilə vurublar. Xalq belə "siyasət"çilərə artıq inanmır.
İndi bu insanlar Cəmil Həsənlini qabağa verərək onun "arxasınca" getdiklərini söyləyirlər. Ancaq qabağa verdikləri adamı yaxşı tanıyırlar. Deputat mandatına görə partiyasını satan, bu gün söylədiyi fikri 10 gündən sonra danan bir şəxsdən rəhbər olar? "Milli Şura"nın avqustun 12-də keçirilən iclasında Cəmil Həsənli deyib: "Prezident seçkisi, prezidentliyə namizədlik sıradan bir iş deyil. Bu, çox mühüm, məsuliyyətli bir işdir. Bu məsuliyyətin altına girmək hər kəsin, o cümlədən mənim işim deyil". Avqustun 23-də keçirilən iclasda isə bu şəxs tamamilə başqa sözlər söyləyib: "Məndən prezidentliyə namizəd də olar, prezident də. Üstəlik seçkilərdə tam qələbə qazana da bilərəm". Hansı ağılın sahibi olmalısan ki, 10 gün əvvəl prezidentliyin ağır, məsuliyyətli iş olduğunu, buna hazır olmadığını deyəsən, 10 gün sonra isə prezidentliyə ancaq özünü layiq biləsən?
İndi keçək Cəmil Həsənli ilə Eldar Namazovun London səfərinə. E.Namazov deyib ki, Böyük Britaniyanın Azərbaycanla bağlı həm siyasi, həm iqtisadi, həm də geosiyasi maraqları var. Onlar da "Milli Şura" olaraq Azərbaycanın bütün beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq etmək niyyətindədirlər. Çox maraqlı və gülməli fikirdir. Çünki Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri İrfan Siddıq bildirib ki, Azərbaycanla Britaniya möhkəm və dərin əlaqələrə malik ölkələrdir. "Məqsədimiz siyasi münasibətləri genişləndirmək, hazırda yüksək səviyyədə olan ticari-iqtisadi əlaqələri daha da artırmaq, enerji sahəsindəki əməkdaşlığı dərinləşdirmək, təhsil, turizm və mədəniyyət sahələrində vətəndaşlarımız arasında olan əlaqələri artırmaq, həmçinin demokratiya və insan haqları sahəsində açıq müzakirə aparmaqdan ibarətdir". Səfirin fikirlərindən aydın olur ki, hər iki dövlət arasında sıx əməkdaşlıq mövcuddur. Amma bunun "Milli Şura"ya heç bir dəxli yoxdur. Maraqlıdır, bəs, onda reneqatlar dəstəsinin 3 üzvü Londonda kimlərlə görüş keçirəcəklər?
Bu şəxslərin London səfərinin pərdəarxası gizli deyil. Məlumdur ki, Namazovla Həsənli "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovla görüşüb "dərdləşəcəklər". Öncə reneqat Namazov qoca kinorejissora hesabat verəcək. Planın nədən və kim tərəfindən pozulduğu, göndərilən pulların hara xərclənildiyi sorulacaq. Cəmil Həsənli isə qoca kinorejissora yalvarıb seçki prosesində iştirak etmək üçün pul dilənəcək. Necə ki, əli antiazərbaycançı şəbəkələrin maliyyəsindən üzülən R.İbrahimbəyov "Milli Şura" üzvlərinə yalvararaq onları "hərəyə 1 manat verək" aksiyasına dəvət etmişdisə, indi Cəmil Həsənli həmin yolu gedir. İndi Böyük Britaniyada antiazərbaycançı şəbəkə axtarışına çıxan bu şəxslər maliyyə dəstəyi almaq üçün istənilən vasitəyə əl atacaqlar. Bu, Azərbaycanın aqressiv müxalifətinin köhnə metodudu. Onlar xarici dairələrdən alınan qrantları mənimsəyirlər, sonra da gəncləri dilənçiliyə sürükləyirlər.
Prezident seçkilərində artıq uduzduqlarını dərk edən "Milli Şura" üzvləri bunu açıq şəkildə etiraf da edirlər. Dünən "Milli Şura"nın üzvü Zəfər Quliyev seçklərdə Prezident İlham Əliyevin növbəti dəfə prezident seçiləcəyini söyləyib: "Mən indiki seçkidən ciddi bir yenilik gözləmirəm. Müxalifət, bizim "Milli Şura" öz namizədi ilə fəal formada seçkidə iştirak edəcək və vəziyyəti dəyişmək üçün bütün resurslardan istifadə edəcək. Ancaq obyektivlik naminə onu da qeyd etmək lazımdır ki, qələbə üçün indiki vəziyyətdə şans çox azdır. Belə bir şəraitdə seçki prosesi öz axarı ilə gedəcək, İlham Əliyev üçüncü dəfə seçiləcək".
Dünən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da baş verən hadisələrə öz münasibətini açıqlayıb. O deyib ki, "Milli Şura"dakı böhrandan çıxış yolu kimi alternativ "vahid namizəd" variantı seçilsə də, indi "Milli Şura" adı ilə proseslər həmin namizədin seçki qərargahında cərəyan edir: "Milli Şura" formatı o dərəcədə ciddi böhran yaşayır ki, onu artıq yox da hesab etmək olar. Yəni "Milli Şura"nın təsisçilərinin bir-birilərinə ittihamları var, bir-birini xəyanətdə və başqa-başqa əməllərdə suçlayırlar və bütün siyasi birliklərdə bu cür vəziyyət böhranlı vəziyyət sayılır və formatın sıradan çıxması kimi hesab olunur. Bu, mənim şəxsi fikrim deyil, bu, sırf siyasi yanaşmadır, politoloji təhlildir. Bu təhlillər də onu göstərir ki, artıq "Milli Şura"nın bu ilin əvvəllərindən başlayaraq qurulan və formalaşdırılan formatı yoxdur, işləmir".
Bütün bu etiraflardan, söylənilən fikirlərdən aydın olur ki, Azərbaycan xalqı seçkilərdə Prezident İlham Əliyevə ikinci bir alternativ görmür və dağıdıcı müxalifətin may ayından başlatdığı "seçki şousu" bumeranq effekti verib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53