Britaniya altı aydır gizli şəkildə Fələstin böhranının həlli planını hazırlayır.
"Unikal" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat dərc edib.
Məlumata görə, plan səkkiz bənddən ibarət olub və iyulun 29-da Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel tərəfindən avropalı siyasətçilər arasında paylanıb.
Qeyd olunur ki, o, Şimali İrlandiyada protestant ittifaqçılar və katolik millətçiləri arasında silahlı qarşıdurmaya son qoyan və paramiliter qrupların tərksilah edilməsini nəzərdə tutan "Belfast" sazişinin (“Yaxşı Cümə Müqaviləsi”) müəlliflərindən biri olub və o vaxtdan bəri bir neçə münaqişə ilə bağlı hökumətə məsləhətlər verib.
NYT vurğulayır ki, bu planın dərcindən bir gün sonra Ərəb Dövlətləri Liqasının (LAS) 22 üzvü BMT-nin Fələstin üzrə konfransının münaqişənin nizamlanmasına dair Britaniya variantının əsas məqsədlərini əks etdirən yekun sənədini imzalayıb.