Məleykə Abbaszadə böyük təhlüykə ilə qarşı-qarşıya
12:38 17-09-2013
İQTİSADİYYAT
Məleykə Abbaszadə böyük təhlüykə ilə qarşı-qarşıya
Yeni təhsil naziri ilə də dərinləşən ixtilaf TQDK sədrini vəzifəsindən götürə bilər
"Unikal"ın ötən həftə yazdıqları təsdiqlənir: TQDK sədri Məleykə Abbaszadə ilə yeni təhsil nazirinin də arasında "soyuq rüzgarlar" əsməyə başlayıb və bu "soyuq küləklər" getdikcə güclənməkdədir.
Xatırladaq ki, ötən həftə Bakı şəhər Təhsil İdarəsinin rəhbəri TQDK-nı ittiham etmiş, qarşı tərəf bu ittihamı cavabsız qoymamışdı.
Amma məsələ bununla da qapanmadı.
Belə ki, yeni təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində TQDK-nın "bostanına daş atıb". Mikayıl Cabbarov deyib: "Bu il buraxılış imtahanlarında 2 qiyməti almış 128 nəfər məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali məktəblərə qəbul olunub".
KİV-lər hesab edir ki, təhsil nazirinin dediklərində ziddiyyətin fərqinə varmaması mümkün deyil. "Mikayıl Cabbarov özü də yaxşı bilir ki, buraxılış imtahanlarında 2 qiyməti almış məzunların qəbul imtahanlarında uğurlu nəticələr göstərdiyini demək hər kəsdə təəccüb doğuracaq. Lakin yeni təhsil naziri bunu deyir və bu fikirlərilə diqqəti TQDK-nın fəaliyyətinə çəkir. Axı buraxılış imtahanlarını da bu qurum həyata keçirir. Deməli, belə anlaşılır ki, qəbul imtahanlarında uğurlu nəticə göstərən həmin 128 nəfər məzuna qəbul imtahanında haqsızlıq olunaraq 2 qiyməti yazılıb. Yaxud da əksinə, 2 qiyməti alan həmin məzunlara qəbul imtahanlarında hansısa imtiyazlar tanınıb ki, onlar uğurlu nəticə göstərib" deyə mətbuat yazır.
Biz də bu mövzu ilə bağlı ötən həftəki yazımızda bildirmişdik ki, Mərdanovun vəzifəsindən azad edilməsinə aylar qala Təhsil Nazirliyi-TQDK savaşı artıq tamamilə aşkar müstəviyə keçmişdi, tərəflərin bir-birinə ittihamları, qınaqları obrazlı desək, "havada uçuşurdu". Vəziyyət o yerə çatmışdı ki, artıq mediada Mərdanovla Məleykə Abbaszadənin uzun illərdən bəridir davam edən ixtilafından yorulmuşdu. Artıq fərqli KİV-lərdə hökumətin iki məmurun davasına müdaxilə etməli, bu qarşıdurmanı dayandırmalı olduğu zərurətindən danışılırdı.
Mərdanovun Mikayıl Cabbarovla əvəz olunmasından sonra bir çoxları artıq Təhsil Nazirliyi-TQDK müharibəsinin bitəcəyini proqnozlaşdırırdı. İlk aylarda iki qurum arasında hər hansı problemin nəzərə çarpmaması, tərəflərin bir-birini hədəf göstərən açıqlamalar verməməsi də bu proqnozların doğru çıxacağını düşünməyə əsas verirdi.
Amma son on gündəki qarşılıqlı "atışmalar" artıq Təhsil Nazirliyi ilə TQDK-nın münasibətlərində hələ də ciddi gərginliklərin qaldığını, bunun yeni "soyuq savaş"a çevrildiyini söyləmək üçün yetərlidir.
Bəzi ekspertlərə görə, yeni təhsil naziri ilə də gərgin münasibətlərdə olmaq TQDK sədrinə baha başa gələ bilər. Məsələ burasındadır ki, Məleykə Abbaszadənin Mikayıl Cabbarovla da "soyuq savaş"da olması belə təəssürat yaradır ki, əslində onun Mərdanovla konfliktində də əsas günahkar heç də sabiq təhsil naziri olmayıb. İctimai rəydə belə bir fikir formalaşır ki, TQDK sədri ilə heç bir təhsil nazirinin "ulduzu" barışmır, bu da ilk növbədə məhz onun haqsız olduğu rəyini gücləndirir.
Belədə artıq TQDK- sədrinin özünün də əvəzlənməsi ehtimalı gündəmə gələ bilər. Yəni təhsil nazirləri dəyişsə də TQDK-nın Təhsil Nazirliyi ilə münasibətlərinin düzəlməməsi sonda Məleykə Abbaszadənin postundan kənarlaşdırılmasını, Dövlət Komissiyasının başına bu qurumla Təhsil Nazirliyinin qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində işləyəcək fiqurun gətirilməsini qaçılmaz edə bilər.
Hələ iyul ayında TQDK sədrinə qarşı tənqidlər səslənməyə başlamışdı. Tənqidlərin əsas hissəsini isə onun son qəbul imtahanları zamanı keçid ballarını xeyli aşağı salması göstərilirdi. "Unikal" olaraq biz o vaxt yazmışdıq ki, bu, Dövlət Komissiyası sədrinin hökumət daxilindəki bəzi rəqiblərinin işidir. Onlar Məleykə Abbaszadəni haqlı və haqsız ittihamların hədəfinə çevirməklə TQDK rəhbərliyində dəyişikliyə ümid edir və bura arzuladıqları şəxsin gətirilməsinə çalışırlar.
Qeyd edək ki, hələ TQDK sədrinin "əzəli düşmən"i sayılan təhsil naziri Misir Mərdanov "vurularkən" Məleykə Abbaszadənin də postunda çox qalmayacağı iddia edilirdi. Bu iddiaların üstündən bir neçə ay keçmiş TQDK sədrinin bəzi KİV-lərdə tənqid hədəfinə çevrilməsi əlbəttə, maraq doğurur.
Güman ki, kimlərsə həqiqətən gələn ilki qəbul imtahanlarının sədri yeniləşmiş TQDK tərəfindən keçirilməsini qarşılarına məqsəd qoyublar.
İndi proseslərin yeni TQDK-Təhsil Nazirliyi münaqişəsinə çevrilməyə doğru getməsi qəzetimizin həmin vaxtkı proqnozlarının da doğrulmağa başladığının, Məleykə Abbaszadənin əvəzlənməsi ehtimalının tədricən gücləndiyinin göstəricisidir.
Prosesin hansı istiqamətdə davam edəcəyi və necə yekunlaşacağı haqqında indidən danışmaq isə tezdir. Hər şeyi zaman göstərəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53