Seçkidən sonra müxalifətin aqibəti necə olacaq?
11:50 18-09-2013
İQTİSADİYYAT
Seçkidən sonra müxalifətin aqibəti necə olacaq?
Milli Şura seçkilərdən sonra olmayacaq, Müsavat və AXCP ayrı-ayrılıqda bloklar yaradacaqlar
Qarşıdan gələn prezident seçkiləri nəticə etibarı ilə siyasi konyukturanın dəyişməsinə səbəb olacaq. Bunu bilmək üçün münəccim olmağa da gərək yoxdur. Normada adətən seçkilərdən sonra bloklar dağılır, yeniliklər meydana çıxır və yeni bloklaşma üçün zəminlər yaranır. Bu seçkilərdən sonra aqibəti qaranlıq olanlar siyasi qüvvələr sırasında isə müxalifət durur.
Milli Şuranın taleyi
necə olacaq?
Bu gün müxalifətin güc-bəla ilə birləşdiyi Milli Şuranın gələcək taleyinin sual altında olduğunu bəribaşdan bilmək elə də çətin deyil. Ən azından ona görə ki, indidən birliyin daxilində ixtilaflar baş qaldırıb, əsas təşəbbüsçüsü Rüstəm İbrahimbəyov siyasətdən getdiyini açıqlayır və sairə. Hadisələrin gedişatından belə başa düşmək olar ki, seçkidən bir müddət sonra müxalifət daxilində yenidən konfliktlər baş qaldıracaq və bu da parçalanmaya səbəb olacaq.
Artıq təməli ALP-Müsavat və Müsavat-AXCP tərəfindən qoyulan bu ixtilafın yekun olaraq Milli Şuranın parçalanması üçün zəmin yaratdığı birmənalıdır. Aydın məsələdir ki, ALP ilə Müsavat, Müsavatla isə AXCP yola getmir. Müsavat başqanı İsa Qəmbərin ALP lideri Lalə Şövkətlə bağlı dedikləri də kimsənin yadından çıxmayıb. Elə Milli Şurada yaranmış son narazılıq zamanı Lalə Şövkətin İsa Qəmbərin əleyhinə kəskin ifadələr işlətməsi də ortada olan konfliktin məntiqi nəticəsi idi.
AXCP ilə Müsavat arasındakı münaqişənin tarixi ilə xeyli keçmişə gedib çıxır və ortada şəxsi ambisiyalar məsələsi çoxdan bəri siyasəti üstələyib. Elə sosial şəbəkələrdə daxil olmaqla, mətbuatda baş qaldıran toqquşmalardan da açıq şəkildə görünür ki, bu "mehriban" düşmənlər sadəcə, seçkini gözləyirlər. Seçkidə əldə olunacaq nəticəyə uyğun olaraq isə münasibətlərə aydınlıq gətiriləcək.
Təbii ki, bu seçkilərdə müxalifətin şansı elə də çox deyil. Əksinə, onların namizədləri də daxil olmaqla, apardıqları təbliğat belə cəmiyyətdə lazımi effekt vermir. Belə olan təqdirdə, şübhəsiz, seçkidən sonra yaşanacaq uğursuzluq tərəflərin mərkəzdənqaçmasına səbəb olacaq ki, bu da yeni parçalanmanın başlanması deməkdir. Yəni, seçkidən sonra Milli Şuranın olacağı mümkün görünmür.
Yeni bloklaşma siyasəti
Dəqiqdir ki, prezident seçkilərinin ardından ölkədə ikinci bir mühüm seçki kampaniyası start götürəcək. Bu da parlament seçkiləridir ki, orada təmsil olunmaq istəyən qüvvələr faktiki olaraq çoxdur. Milli Şura formatında partiyaların uğur qazana biləcəyi də inandırıcı deyil. Ona görə də, tərəflərin yeni bloklaşmaya getməsi qaçılmaza çevriləcək.
Bu yeni bloklaşmada əsasən iki aktiv tərəf olacaq. Onlar AXCP və Müsavatdır ki, bu iki partiya ayrı-ayrılıqda ətraflarına partiyalar toplamağı çoxdan hədəfləyirlər. Bu zaman AXCP-nin ətrafında ola biləcək iki əsas partiya diqqəti çəkir: ALP və VİP. Bir zamanlar, AMİP-i parçalamaq üçün Əli Kərimli tərəfindən istifadə olunan Əli Əliyevin yenidən AXCP sədrinin yanında olacağı istisna deyil. ALP-nin bu günkü mövqeyi isə sanki AXCP ilə eyniyyət təşkil edir. Partiyanın sədri Əvəz Temirxanın verdiyi bəyanatlar və açıqlamalarda da mümkün qədər cəbhə qorunur ki, bu da səbəbsiz deyil.
Müsavata gəldikdə isə İsa Qəmbərin ətrafında xeyli partiyanın varlığı bu gün də məlumdur. Amma həmin partiyaların siyasi proseslərə təsir etmək imkanları o qədər məhduddur ki, adlarını belə yadda saxlamaq üçün zəhmət çəkilmir. Bütün bunlara baxmayaraq, Müsavat Partiyası mümkün imkanlardan yararlanıb, "cırtdanlar"la bloklaşmaya getməkdən başqa çıxış yolu da görmür.
Hərçənd seçkilərdən sonra Müsavat Partiyasında İsa Qəmbərin başqan kimi qalacağı da sual altındadır. Çünki partiya qurultaya getməli və yeni sədr seçməlidir. Yeni sədrin Arif Hacılı ola biləcəyi deyilənlər sırasında olsa da, İsa Qəmbərin də ayrıca namizədinin varlığına dair bilgilər mövcuddur. Həmin bilgilərə əsasən başqan Arzu Səmədbəylini öz postunda görür.
Düzdür, AXCP də belə bir problem yaşanmır. Əli Kərimli öz diktaturasını ustalıqla qurduğundan onun partiyasında sədrin getməsini istəyən belə yoxdur. Üstəlik, buna cəsarət edə biləcək birinin də varlığı mümkün görünmür.
İctimai Palata kimin
nəzarətinə keçəcək?
Əslində, Milli Şura yarandıqdan sonra böyük əksəriyyət İctimai Palatanın dağılacağını və ya yeni birliyə birləşəcəyini gözləyirdi. Lakin Pənah Hüseyn və daha bir neçə siyasi fiqurun sayəsində onun monolitliyi qorunub saxlanıldı. Amma seçkidən sonra İP-in də taleyinə aydınlıq gətirilməlidir.
İndiki məqamda Pənah Hüseynin nəzarətində olan bu birliyin seçkilərdən sonra da onun patronajlığı altında olacağı şübhə doğurmur. Sadəcə, indiki monolitlikdən əsər-əlamətin qalacağı gözlənilmir. Çünki AXCP sədri Əli Kərimli də İP-dən özünə "pay" götürmək istəyəcək. Və bunun üçün lazım olan bütün imkanlarından istifadə edəcək.
Bildirək ki, hələ İP yarananda məlum idi ki, Əli Kərimli birliyi nəzarətində saxlamaq üçün xeyli sayda adamını ora yerləşdirməyə nail olmuşdu. Milli Şura yarandıqdan sonra oradakı adamlarının bir qismini transfer edən partiya sədri, seçkilərdən sonra yaratmaq istəyəcəyi yeni blokuna görə, İP-dən adam "oğurluğu" etməyə çalışacaq.
Beləliklə, müxalifət düşərgəsi özünün sonuncu şansından yararlanmaqdadır. Bu gün pafosla aparılan təbliğatın oktyabrın 9-da hansı aqibətlə üzləşəcəyi də məlum olacaq. Əsas ondan sonrakı prosesdir ki, bu barədə də yuxarıda geniş məlumat verilib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20