İri məmurlar arasında görünməmiş panika
11:51 18-09-2013
İQTİSADİYYAT
İri məmurlar arasında görünməmiş panika
YAP-dan gələn açıqlama kimləri əndişəyə salıb?
YAP-ın icra katibi Əli Əhmədovun son açıqlaması hökumət daxilində narahatlıqlar yaradıb. Belə ki, bir çox iri məmurlar icra katibinin həmin açıqlamasından sonra öz postlarını itirmək təhlükəsinin real ola biləcəyi barədə düşünməyə başlayıblar.
Xatırladaq ki, YAP-ın icra katibi srağagün keçirdiyi mətbuat konfransında deyib: "İlham Əliyev növbəti illərdə hazırda ölkədə gedən inkişafın tempini daha da qaldırmaq üçün kadr islahatları həyata keçirəcək". O, əlavə edib ki, yeni kadrlara ehtiyac var.
Payızda keçiriləcək parlament seçkilərindən sonra hökumətdə ciddi kadr islahatlarının reallaşacağını bəzi KİV-lər bir müddətdir yazırdılar. Hesab olunurdu ki, müəyyən iri məmurlar seçkidən sonra formalaşacaq Nazirlər Kabinetinin yeni tərkibində yer almayacaqlar.
Əli Əhmədovun srağagünki açıqlaması isə KİV-lərin bu cür ehtimal və proqnozlarının heç də havadan yaranmadığını ortaya çıxardı. Bir sözlə, seçki sonrası bəzi yüksək vəzifəli şəxslərin öz postları ilə vidalaşa biləcəyi rəsmən təsdiqlənmiş oldu.
Vurğulamaq yerinə düşər ki, seçkilərdən əvvəl baş verən bəzi kadr təyinatları da bu yöndəki iddiaların əsaslılığına dəlalət edə bilər. Son dövrlərdə baş verən kadr dəyişikliklərinin statistikasına baxanda bunu aydın müşahidə etmək olur. Rəhbər vəzifəyə təyin olunan şəxslər, bir qayda olaraq, yaşı 40-dan az, xaricdə təhsil almış, bir neçə xarici dil bilənlərdir.
Məsələn, Elşad Hüseyn oğlu İsgəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olundu. O, 1972-ci il təvəllüdlüdür və bu vəzifəyə gələrkən 40 yaşı yenicə tamam olmuşdu.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə gətirilən Fərhad Məmmədovun isə cəmi 32 yaşı var.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə sədr təyin olunmuş İnam Kərimov 36 yaşındadır.
Təhsil naziri postunda Misir Mərdanovu əvəz edən Mikayıl Cabbarovun isə bu vəzifəyə gətirilərkən 37 yaşı vardı.
Bu kadrlarla bağlı daha bir önəmli məqam onların xaricdə təhsil almaları, çoxlu əcnəbi dil bilmələri, müasir idarəetmə prinsiplərindən bu və ya digər şəkildə xəbərdar olmalarıdır.
Sadaladığımız təyinatlar cəmiyyətdə belə bir əhval-ruhiyyə yaradıb ki, qarşıdan gələn seçkidən sonra bu siyasət daha geniş miqyasda davam edəcək. Elə Əli Əhmədovun açıqlaması da, yuxarıda da vurğuladığımız kimi, bu ehtimalın rəsmi təsdiqi, anonsu kimi dəyərləndirilə bilər. O səbəbdən də hazırki komanda daxilində müxtəlif iri məmurların, xüsusilə "qocalar"ın prezident seçkilərindən sonrakı dövr üçün karyeraları baxımından narahatlıq keçirməyə başlamaları, panikaya düşmələri tamamilə anlaşılandır.
Hətta belə məmurlardan bəzilərinin adları da çəkilir: baş nazir müavinləri - Abid Şərifov, Elçin Əfəndiyev, Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, kənd təsərrüfatı naziri İsçmət Abbasov, gənclər və idman naziri Azad Rəhimov, müdafiə naziri Səfər Əbiyev, Əmək və Əhalinin sosial Müdafiəsi Naziri Füzuli Ələkbərov, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, səhiyyə naziri Oqtay Şirəliyev, bir çox şəhər və rayonların icra hakimiyyətlərinin başçıları payızdakı seçkilərin ardınca qısa müddətdə öz postları ilə vidalaşacaq yüksəkçinlilər olaraq göstərilirlər.
Əslində Əli Əhmədovun məlum sözlərindən bir müddət əvvəl - ölkə başçısının ötən həftənin əvvəllərində bölgələrə səfəri zamanı dedikləri də hazırki hakim komandanın bir çox ağırçəkili fiqurları ilə yolların ayrılmaq ərəfəsində olduğunu söyləməyə əsas yaradırdı. Dövlət rəhbəri bəzi məmurların qudurğan həyat tərzi keçirdiyini dilə gətirdi və belələrinin vəzifələrini itirəcəyini anons etdi. Bu baxımdan da aydın görünür ki, payızın son ayları və qış bir çox iri məmurlar üçün həddən artıq "isti" keçəcək. Onlar yalnız illərdir tutduqları postlardan deyil, həm də qeyri-qanuni yollarla yığdıqları sərvətlərindən, bir çoxları hətta ola bilsin ki, azadlıqlarından məhrum olacaqlar.
Bunu indi yalnız KİV-lərin, müstəqil ekspertlərin proqnozları, ehtimalları demir, bunu həm də artıq YAP-ın önəmli bir rəsmisi deyir.
Deməli, prezident seçkilərindən sonra da bizi kifayət qədər qaynar, sürprizlərlə dolu bir gündəm gözləyir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40