Əli Əhmədov harınlamış məmurlara barmaq silkələdi
11:12 19-09-2013
İQTİSADİYYAT
Əli Əhmədov harınlamış məmurlara barmaq silkələdi
Belə məmurların sayının getdikcə azalacağı bildirildi
"İnsan psixologiyaları demək olar ki, bütün ölkələrdə oxşardır. Hakimiyyət, vəzifə insanları korlaya bilir. Amma görünür, vəzifə daha çox daxili mənəvi zənginliyi olmayan insanları korlayır". Bunu YAP sədrinin müavini Əli Əhmədov mətbuata müsahibəsində deyib.
Ə. Əhmədov bildirib ki, prezident İlham Əliyev də bu məsələlərə diqqət çəkir: "Prezident İlham Əliyev YAP-ın sədri olaraq bu məsələləri diqqət mərkəzinə çəkməklə partiyanı bu hallara qarşı mübarizəyə səsləyib. Güman edirəm ki, bu çağırışlar nəticəsiz qalmayacaq, bunların şahidi olacağıq. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə, xüsusilə də ayrı-ayrı sahələrdə münasibətləri tənzimləyən mexanizmlər təkmilləşdikcə bu harınlama ehtimalları azalacaq. Mən buna inanıram. Bəlkə də gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq. Daha doğrusu, məmurun ona verilən səlahiyyətlərə görə harınlamaq şansı əlindən alınacaq. Prezident və onun partiyası bunu etməyə nail olacaq".
Ə. Əhmədov bildirib ki, YAP məsələyə belə yanaşır: "Biz kommunizm ideologiyası və psixologiyasından uzaqlaşmışıq. Düzdür, YAP-dakı insanların çoxu Kommunist Partiyasının üzvü olub və partiyanın çatışmayan cəhətlərini partiyanın üzvü olmayanlardan daha yaxşı bilirlər. Belə düşünürük ki, YAP özünü Kommunist Partiyası kimi göstərməməlidir. Başqa ölkələrin də təcrübəsi göstərib ki, sözlə, təzyiqlə, təqiblə cəzalandırılmaların nəticəsi ötəri və keçici olur. Buna mexanizmləri təkmilləşdirərək, harınlamaq istəyən məmurların qarşısını ala biləcək mexanizmləri inkişaf etdirərək nail olmaq istəyirik. Seçdiyimiz yol bundan ibarətdir. Güman edirəm ki, bu yol səmərəli yoldur. Elə ölkələr var ki, orada oğurluğa görə insanların əlini kəsirlər. Amma orada oğurluq aradan qaldırılmayıb. Korrupsiyaya görə insanları edam edirlər, amma korrupsiya hələ də aradan qaldırılmayıb. Deməli, buna nail olmağın yolu insanların cəzalandırılmasından deyil, daha səmərəli mexanizmlərin yaradılmasından keçir. Bu istiqamətdə işlər görsək, hədəfimizə daha tez çatarıq".
Qeyd edək ki, "Unikal" qəzeti məmur özbaşınalığı və harınlığı barədə illərdən bəri yazılar yazır və tənqidi fikirlər səsləndirir. Bəzi məmurların harınlıq edərək, insanlara yuxarıdan aşağı baxmasını ehtiva edən bu məlumatların araşdırılması ilə bağlı rəsmi qurumlara da dəfələrlə müraciətlər ünvanlayıb. Təəssüf ki, indiyə qədər bu müraciətlərin böyük əksəriyyətinə ya əhəmiyyət verilməyib, ya da baxılmamış qalıb.
Əslində, istənilən bir cəmiyyətdə özbaşına məmurların olmasına qeyri-adi baxmaq lazım deyil. Çünki bu psixoloji amillə bağlıdır. Bəzən birilərinə etimad göstərilib, ona idarəçilik verilir. Və qarşı tərəf də bu bu etimaddan sui-istifadə edərək, vətəndaşları incitməklə məşğul olur. Nəticə isə ondan ibarət olur ki, həmin məmurun hərəkəti bütöv bir hakimiyyətin ayağına yazılır. Belə halların qarşısını almaq üçün rəsmi qurumların operativ olması və mətbuatın yazdıqlarına xüsusi diqqət yetirməsi zəruridir. Ona görə ki, mətbuat cəmiyyətin aynasıdır və insanlara həqiqətləri çatdırır.
Sonda onu da bildirək ki, "Unikal" qəzetinin və ölkə mətbuatının yazdığı və bundan sonra yazacağı məmur özbaşınalığı ilə bağlı məlumatlara bundan sonra diqqətlə yanaşılacağına ümid edirik. Əminik ki, cənab Prezident və onun rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının bu səpkidə verdiyi bəyanatdan sonra harın məmurlarla bağlı ciddi ölçü götürüləcək.
Elvin
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28