Namizədlərin ilk günü
11:13 19-09-2013
İQTİSADİYYAT
Namizədlərin ilk günü
Gözləntilər tam əksinə oldu
Artıq prezidentliyə namizədlərin təbliğat kompaniyasına start verildi və ilk televiziya debatı həyata keçirildi. Və bu debatla prezidentliyə namizədlərin əslində nəyə qadir olduqlarını müəyyənləşdirmək mümkün oldu. Aydın oldu ki, prezidentliyə namizəd olmuş şəxslərin heç biri prezident İlham Əliyevə alternativ həddə deyil və böyük əksəriyyəti sadəcə olaraq seçkilərdə bir dekorasiya rolunu oynayır. Gəlin detallara baxaq. İlk maraqlı məqam budur ki, prezidentliyə namizədlər əslində cəmiyyətdən çox kənardadırlar.
Cəmiyyətin tanımadığı namizədlər
Namizədlərin ilk teledebatlarından məlum oldu ki, əslində prezidentliyə namizəd olanların özləri belə namizəd olmalarına inanmırlar. Başqa cür desək namizədlər iddialarını ortaya qoya bilmədilər və aydın oldu ki, bu seçkilərdən sadəcə olaraq umduqları cəmiyyətdə tanınmaq və seçkilərdən sonra ana müxalifət olmaqdır. Hər zaman seçkilərdə iştirak edən bəzi namizədlərin isə artıq tükəndiyi və təkrarçılıqdan o yana keçə bilmədikləri aydınlaşdı.
Araz Əlizadə məntiqi
Prezidentliyə namizədlər sırasında diqqəti cəlb edənlərdən ən önəmlisi ASDP sədri Araz Əlizadə oldu. Müxalifət düşərgəsində olan və hakimiyyətə qarşı sərt məntiqi ilə tanınan Araz Əlizadə teledebatda sözün həqiqi mənasında hakimiyyətin bir nömrəli müdafiəçisi kimi göründü. Bunun isə sözsüz ki, səbəbləri var. İlk səbəb odur ki, Araz Əlizadə etiraf etdi ki, bu gün hakimiyyətin alternativi yoxdur və seçkilərə qatılan namizədlər bu ölkəni idarə etmək gücündə deyil. Bundan başqa məlumdur ki, Araz Əlizadə hər zaman ənənəvi müxalifətə qarşı müxalifətdə olub və bu seçkilərdə də müxalifət üçün ciddi problemə çevrilməkdədir. Araz Əlizadə bu debatda demək olar ki, cəmiyyətlə ilk ünsiyyəti qura bilən namizəd oldu və toplumu hazırlıqsız dəyişikliyə getməməyə çağırdı. Bundan başqa cəmiyyətə göstərə bildi ki, bir şəxsin iki dəfədən çox hakimiyyətdə olması avtoritarizm ola bilməz və buna misal olaraq Marqret Tetçerin iki dəfədən artıq Böyük Britaniyada hakimiyyətdə olmasını göstərdi.
Sönük İqbal Ağazadə
Teledebatda ən səriştəsiz namizəd kimi isə Ümid partiyasının sədri İqbal Ağazadə oldu. Kəskin tonda çıxış etməyə çalışan İqbal Ağazadə amma dediyi sözün nöqtəsini qoya bilmədi. Ən gülməlisi isə bu oldu ki, adi namizədlik etikasını pozaraq çıxışını tamamlayan kimi studiyanı tərk etdi. Qeyd edək ki, ötən parlament seçkilərində bu ənənəni müxalifət formalaşdırmışdı və bu sonradan seçicilərə qarşı hörmətsizlik kimi dəyərləndirildi. İqbal Ağazadənin bir namizəd kimi etdikləri də sadəcə olaraq cəmiyyətə qarşı bir təhqir kimi dəyərləndirildi. Ekspertlər hesab edir ki, İqbal Ağazadədən daha çox şey gözlənilsədə o bunun yüzdə birini belə edə bilmədi və ilk debatda demək olar ki, diqqəti özündə cəmləşdirə bilmədi.
Zahid Oruc debutu
Bu seçkilərdə ilk dəfə iştirak edən Zahid Orucun nə cür effekt yaratmasıda maraqlıdır. Belə təsəvvür yaranmışdı ki, parlamentdə aktivliyi ilə fərqlənən, hər parlament iclasında müxtəlif təkliflərlə çıxış edən Zahid Oruc bu seçkilərdə də kifayət qədər ciddi imic sahibi olacaq. Amma ilk teledebatda bunu görə bilmədik. Aydın idi ki, Zahid Oruc hakimiyyətyönlü mövqe tutacaq və hətta seçkilərə bir neçə gün qalmış öz namizədliyini Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə geri götürəcək. Amma debatda yalnız ümumi tezislərlə çıxış etməsi göstərdi ki, Zahid Oruc prezident seçkilərində iştiraka hələ tam yetişməyib və bundan sonrakı prezident seçkilərində ondan hansısa nəticələri gözləmək olar.
Qüdrət Həsənquliyev
burulğanı
İlk debatda buda məlum oldu ki, namizədlər içərisində kifayət qədər hazırlıqlı olanı Qüdrət Həsənquliyevdir. Müxalifətə qarşı sərt çıxışlar edən Qüdrət Həsənquliyev həm də fərqli görünməyi bacardı. Kadr islahatlarını yenə gündəmə gətirən Qüdrət Həsənquliyev çalışdı ki, daha çox cəmiyyətin rəğbətini qazansın və hardasa buna nail oldu. Amma buda var ki, digər namizədlər kimi BAXCP sədri də öz qələbəsinə zərrə qədər inanmır. Buna baxmayaraq hesab etmək olar ki, gələn debatlarda Qüdrət Həsənquliyev daha da aktivləşəcək və müxalifətin vahid namizədi olan Cəmil Həsənli üçün ciddi problemlər yaradacaq.
Görünməyən
Fərəc Quliyev
ilk teledebatda ümumiyyətlə nə dediyi məlum olmayan, prezidentliyə nəyə görə namizəd olduğu aydınlaşmayan isə Fərəc Quliyev oldu. Bir neçə ildir ki, millət vəkili kimi fəaliyyət göstərən və fəaliyyəti fəaliyyətsizlikdən ibarət olan Fərəc Quliyevin indi prezidentliyə namizəd olması anlaşılan deyil. Uzun illər AXC-də olan və bu gün cəbhəçilər tərəfindən qəbul olunmayan Fərəc Quliyevin atdığı bu addımların tək bir mənası ortaya çıxır ki, Fərəc Quliyev artıq cəmiyyət tərəfindən qəbul olunmadığı üçün, müxtəlif üsullardan istifadə etməklə hakimiyyət düşərgəsində qalmaq istəyir. Amma onun teledebatdakı tezisləri sübut etdi ki, o hakimiyyət üçündə əsas fiqura çevrilə bilməyəck və yəqin ki, bu Fərəc Quliyevin son siyasi gedişi olacaq.
Namizədlərə maraq
Aparılan araşdırma bunu da sübut etdi ki, bu seçkilər ən sönük seçkilərdir və demək olar ki, cəmiyyət üçün bu namizədlərin heç biri ciddi bir əhəmiyyət kəsb etmir. Ən azından ona görə ki, namizədləri İlham Əliyevə alternativ kimi görə bilmirlər. Çox gülməlidir ki, namizədlərin özləridə özlərini İlham Əliyevə alternativ görmür və çıxışlarında İlham Əliyevin mövcud komandasında kimlərisə hədəfə almaqla diletant həddindən yuxarı çıxa bilmirlər. Görünür bunu nəzərə alan İlham Əliyevin vəkili Əli Əhmədovda çıxışını məhz bu tonda qurdu. Konkret faktlarla rəqib tərəfi susduran Əli Əhmədov 10 il ərzində görülən işləri sadalamaqla arqumnetləri sıradan çıxartdı.
Çox maraqlıdır ki, son günlər keçirilən sorğularda bunu sübutlayır və aydın olur ki, namizədlərin seçki şansları nəzərə çarpacaq həddəndə aşağıdadır. Belə ki, QHT Əməkdaşlıq Alyansının 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkisinin uzunmüddətli monitorinqinin I mərhələsinin yekunlarında da aydın olub ki, "Prezidentliyə namizədlərdən daha çox hansına inanırsız?" sualına rəyi öyrənilən respondentlərin 89,32 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər: "Rəyi soruşulanlardan 7,94 faiz isə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 0,91 faiz Ümid Partiyasının namizədi İqbal Ağazadəyə, 0,55 faiz Qüdrət Həsənquliyevə, 0,35 faiz İlyas İsmayılova, 0,31 faiz Sərdar Cəlaloğluna, 0,62 faiz isə digər namizədlərə inandıqlarını bildiriblər"."Bu gün seçki keçirilərsə kimə səs verərdiz?" sualına cavabında da respondentlər tərəfindən birmənalı olaraq İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən on min nəfərin 89,32 faizi, yəni 8 932 nəfəri "İlham Əliyevə səs verərdim" deyə cavab verib. 7,94 faiz isə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2,74 faiz isə "digər namizədlərə səs verərdim" deyə cavab verib.Yəqin ki, bu artıq kifayət qədər ciddi nəticədir və son teledebatdan sonra yəqin ki, İlham Əliyevin reytinqi daha da artacaq.
Cəmil Həsənli puçu
İlk teledebatda buda aydın oldu ki, Milli Şuranın vahid namizədi bu ada və yükə ümumiyyətlə sahib deyil. Nəyə görə? İlk növbədə ona görə ki, müxalifətin vahid namizədi hesab edilən Cəmil Həsənli heç bir arqument ortaya qoya bilmədi və buda ondan irəli gəldi ki, onun seçki platformas; sadəcə olaraq yoxdur. Yəni hakimiyyətin dediklərinə alternativ nə isə çıxara və ya söyləyə bilmədi. Alternativi olmayan hansısa namizədə isə cəmiyyətin səs verməsi sadəcə mümkünsüzdür. Bundan başqa məlum oldu ki, Cəmil Həsənlidə siyasi keyfiyyətlər həddindən artıq aşağı səviyyədədir və bu baxımdan teledebatdakı çıxışı sadəcə olaraq bir jurnalist məqaləsindən yuxarı çıxa bilmədi. Bu isə artıq onun məğlubiyyətini şərtləndirən amildir. Ən maraqlı başqa bir məqam isə bu oldu ki, Cəmil Həsənlinin kifayət qədər cəmiyyətin bilmədiyi qüsurları var imiş və bu qüsurların ortaya çıxması onun siyasi ömrünü demək olar ki, sıradan çıxartdı. Hakimiyyətin bu qüsurları bilib və teledebat günü ortaya çıxartması isə bir seçki taktikası oldu və taktika özünü doğrultdu.
Cəmil Həsənlinin fəaliyyətində bir məqamda ortaya çıxdı ki, onu Milli Şura dəstəkləsədə əslində şuradakı partiyaların ona dəstəyi yoxdur və demək olar ki, meydanda təkdir. Ümumiyyətlə seçkilərin hazırkı durumuna baxsaq aydın olar ki, siyasi partiyalar düzgün seçki taktikası seçə bilməyiblər və bir partiya olaraq seçkilərə təsir edə bilmirlər. Hazırda yalnız Yeni Azərbaycan Partiyası kollektiv şəkildə fəaliyyət mexanizmi qura bilib və bölgələrdə bu daha aydın şəkildə görünür. Müşahidəçilər bildirir ki, bölgələrdə müxalifətin fəaliyyəti isə ümumiyyətlə diqqəti cəlb etmir.
Çıxarılan nəticə
Aydın oldu ki, bu seçkilərə yalnız hakimiyyət ciddi hazırlaşıb və müxalifət ənənəvi taktikasından çıxa bilməyib. Görünür bu səbəbdən bütün ümidlərini seçkidən sonrakı mərhələyə saxlayıblar. Belə ki, çalışılacaq ki, seçkilər sona çatandan sonra müxtəlif aksiyalar keçirtməklə beynəlxalq təşkilatlarda belə rəy yaratsınlar ki, seçkilər demokratik keçirilməyib və bunun qarşılığında hakimiyyəti qınaq obyekti etdirsinlər. Amma bir faktda var ki, hakimiyyət seçkiləri demokratik keçirtməklə qələbəsini daha uğurlu edə bilər. Çünki ən demokratik seçkilərdə belə müxalifət indiki halı ilə qələbə qazana bilməyəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28