Füzuli Ələkbərovun rayonlardakı qəbulu ilə bağlı ilginc məqam
11:21 19-09-2013
İQTİSADİYYAT
Füzuli Ələkbərovun rayonlardakı qəbulu ilə bağlı ilginc məqam
Nazir vaxtilə kurasiyasında olan rayonda vətəndaşlarla görüşə getmədi
Artıq bir neçə aydır Azərbaycanda bəzi nazirlər və komitə sədrləri rayonlarda vətəndaşlarla qəbula ezam olunurlar. Bəziləri bunu seçkiöncəsi hökumətin özünəməxsus taktiki gedişi hesab edir və düşünürlər ki, bu, ölkədə vətəndaşların məmur özbaşınalığından narazılığını əhəmiyyətli şəkildə azalda bilər.
Əlbəttə, bu taktiki gedişin nə qədər uğur gətirəcəyini zaman göstərəcək. Biz isə bu yazıda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun əyalətlərdə vətəndaşlarla görüş qrafiki ilə bağlı bir məqama diqqət çəkmək istəyirik.
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov on gün əvvəl Hacıqabul rayonunda qəbul keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbula Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının sakinləri qatılıb.
Nazir daha əvvəl Ağstafa rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı bölgədə yerləşən rayonların - Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarının sakinlərinin, eləcə də Kəlbəcər rayonundan olan və bölgədə məskunlaşmış məcburi köçkünlərin “Açıq qapı” şəraitində müraciətləri dinlənilib.
Bundan başqa, əmək və əhalinin sosial müdafiəsi naziri Ağcabədi və Yevlax rayonlarında nazirliyin həmin rayonlar və ətraf rayonlar da daxil olmaqla 10 rayon üzrə fəaliyyət göstərən strukturlarının fəaliyyəti ilə bağlı prezidentə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.
Ələkbərovun vətəndaşlarla daha bir qəbulu cənub rayonlarını əhatə edib. Bu barədə məlumatda bildirilirdi ki, əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəran rayonunda Astara, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərini qəbul edib. Qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin “Açıq qapı” şəraitində müraciətləri dinlənilib.
Bəs bütün bu bilgiləri təkrar oxucularla paylaşmaqda məqsədimiz nədir? Məsələ burasındadır ki, yuxarıda yazdıqlarımızdan aydın görünür ki, Füzuli Ələkbərovun bölgələr üzrə görüşləri bir rayonda keçirilir və ora ətraf rayonların vətəndaşları gəlir. Amma əmək və əhalinin sosial müdafiəsi nazirinin bir görüşü var ki, orada olduqca ilginc məqam diqqət çəkir.
Belə ki, ötən ay Fizuli Ələkbərov Göyçay rayonunda növbəti qəbul təşkil edib. Maraqlıdır ki, həmin görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Ağsu, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Qobustan, Şamaxı, Yevlax, İsmayıllı rayonlarının sakinlərini qəbul edib. Qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin “Açıq qapı” şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.
Bəs burada diqqətçəkən, ilginc olan məqam nədir? Nəzərə alsaq ki, İsmayıllı rayonu uzun müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin kurasiyasında olub, onda onun bu rayonun sakinlərini Göyçayda qəbul etməsi maraq doğurur. Əminliklə demək olar ki, bu ilin əvvəllərindəki məlum İsmayıllı hadisələri olmasaydı, Füzuli Ələkbərov əsas qəbulunu yəqin ki, orada keçirəcək və Şamaxı, Oğuz, Qəbələ, Ağsu kimi ətraf rayonların sakinləri də ora təşrif buyuracaqdılar.
Amma belə görünür, nazirin oğlunun və qardaşıoğlunun bais olduğu deyilən məlum İsmayıllı hadisələrindən sonra onun bu rayonla əlaqələri tamam kəsilib. Belədə o da maraq doğurmaya bilməz ki, İsmayıllıda çoxsaylı mülkləri və istirahət mərkəzləri olduğu deyilən Füzuli Ələkbərovun həmin daşınmaz əmlaklarının aqibəti necədir. Bəzi mənbələr istisna etmirlər ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin özü də ilin əvvəlindən bəri oradakı mülk və obyektlərinə baş çəkməyə gedə bilmir.
Hər bir halda Ələkbərovun cəmi bir neçə ay əvvələdək kurasiyasında olan rayondan bu qədər uzaq düşməsi diqqətçəkicidir. Görünür, həmin rayonda ortaya çıxan narazılıqları hələ də nə hökumət daxilində, nə də İsmayıllı camaatı arasında ona bağışlamırlar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20