Bəzi məmurlar arasında Bakı uğrunda “gizli savaş”
11:22 19-09-2013
İQTİSADİYYAT
Bəzi məmurlar arasında Bakı uğrunda “gizli savaş”
Paytaxtın yeni Baş Planı ilə bağlı narazılıqlarla bağlı daha bir iddia
Uzun müddətdir ki, haqqında danışılan Böyük Bakının Regional İnkişaf Planının təsdiqlənməsinin uzanmasına səbəb alimlər arasında fikir ayrılığının yaranması olub. Bu barədə millət vəkili Vahid Əhmədov məlumat verib.
O bildirib ki, Baş Planın gecikməsində səbəb layihədə müəyyən müəssisələrin, o cümlədən neftayırma zavodlarının Bakıdan kənara köçürülməsi, həmçinin ekoloji cəhətdən müəyyən problemlərin ortaya çıxması ola bilər. “Baş Plan böyük problemdir. İki il bundan əvvəl prezident Bakı şəhər İcra Hakimiyyətində iclas keçirdi və Bakının inkişafı ilə əlaqədar Baş Planın hazırlanması ilə bağlı göstəriş verdi. Çox təəssüf ki, bu iş uzandı və Bakı da faktiki olaraq tikilib qurtardı. Bundan sonra nə keçiriləcək, nə qalacaq hamısı müəmmalıdır. Artıq köhnə binalar, küçələr çox az qalıb. Köhnə Bakıdan yalnız İçərişəhər qalıb. Ona görə də Baş Planın hazırlanması lazımdır. Buna baxmayaraq, gec də olsa, planın təsdiqlənməsi vacibdir. Çünki Bakı həddindən artıq yüklənib. Baş Planda müəyyən müəssisələri, o cümlədən neftayırma zavodlarını Bakıdan kənara köçürülməsi, həmçinin ekoloji cəhətdən müəyyən problemlərin ortaya çıxması ilə bağlı müzakirələr olur. Baş Planın gecikməsinin səbəbini dəqiq deyə bilmərəm. Amma bildiyimə görə, baş planla bağlı alimlərin fikir ayrılıqları yaranıb”, - deyə B. Əhmədov bildirib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev isə deyir ki, Bakının Baş Planı hazırlanandan sonra onun status məsələsi həll edilməlidir. Onun sözlərinə görə, bu gün bələdiyyələrin ərazi bölgüləri məlum olmadığından ona görə də torpaqları bölə bilmirlər. “Status məsələsi tarixi prosesdir. Ona görə də bunun vaxtının yetişməsi lazımdır. Məsələn, Türkiyədə bələdiyyələrin yaranması 19-cu əsrə aiddir. 1884-cü ildə orada ilk bələdiyyə yaradılıb. Haradasa bələdiyyələrin 200 il tarixi var. Bu tarixi prosesi bəzən mütəxəssislər, bu sahənin insanları qiymətləndirə bilmirlər. Bələdiyyələr hansı funksiyaları yerinə yetirməlidir. Bu gün Böyük Şəhər Bələdiyyəsi yarada bilərik, amma onun hansı funksiyaları olacaq, bu nəyə lazımdır? Bunun üçün proqram olmalı, hazırlıq getməlidir. Türkiyədə tarixən bu hazırlıq gedib. Bələdiyyələr yarandı, daha sonra onların birləşməsi prosesi getdi. Bələdiyyələrin sayı azaldıldı. Amma yenə də bələdiyyələrin sayının azaldılması vacibdir. Çünki bu qədər bələdiyyə kimə lazımdır? Elə ölkələr var ki, 80-200 bələdiyyə var. Amma Azərbaycan kimi kiçik bir dövlətdə 2757 bələdiyyə var idi. Sonradan da bu say 1758-ə endirildi. Amma yenə də bu rəqəm Azərbaycan üçün çoxdur. Bunlar azaldılıb təkmilləşməyə gedəndən sonra bunların içərisindən böyük şəhər bələdiyyəsi iddiası meydana gələ bilər. Ona görə də biz buna hələ ki, hazır deyilik. Mən də Böyük Şəhər Bələdiyyəsinin yaranmasının tərəfdarıyam. Bakının Baş Planı, əlbəttə, hazırlanmalıdır və yalnız bundan sonra status məsələsi həll edilməlidir”.
Belə görünür ki, Bakının yeni Baş Planı ilə bağlı fikir ayrılıqları yalnız alimlər arasında yaranmayıb. Burada ayrı-ayrı məmur maraqlarının toqquşmasından da söhbət gedir.
Məsələn, mümkündür ki, bəzi məmurlar Hacıbala Abutalıbovun rəhbərliyi dövründə paytaxt meriyasının səlahiyyətlərini genişləndirəcək status əldə etməsinə qarşıdırlar və bu səbəbdən Baş Planın hazırlanaraq qəbul edilməsində gecikmələr ortaya çıxıb.
Digər tərəfdən, Abutalıbovun özünün də Bakı merinin seçkili yolla müəyyənləşməsini istəməməsi səbəbindən yeni Baş Planın qəbulunda maraqlı olmaması tamamilə realdır. Unutmayaq ki, illərdir məhz hazırki paytaxt rəhbərinin inadkarlığı ucbatından Bakı meriyasına seçkilər keçirilmir, halbuki bu, Avropa Şurası qarşısında Azərbaycan hökumətinin götürdüyü öhdəliklər sırasındadır. Bakı həmin quruma üzv olan yeganə paytaxt şəhərdir ki, rəhbərliyi seçkili deyil.
Baş Planla bağlı yubanmada məmur maraqlarının həlledici rol oynaya biləcəyinə dair daha bir ehtimal xeyli müəssisələrin, təşkilatların, o cümlədən bəzi nazirliklərin belə paytaxtdan köçürülməsi zərurətidir. Görünür, bir çox iri məmurlar paytaxtdan kənarda oturmağı ya özlərinə sığışdırmır, ya da bunun onların hökumət içindəki proseslərdə aktiv rol almalarına əngəl yaradacağını düşünərək mümkün yollarla müqavimət göstərirlər.
Hər halda bunlar ehtimallar və fərziyyələrdir. Ümid edək ki, qısa zamanda bu qaranlıq məsələ aydınlığa qovuşsun.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53