Arif Əsgərov oğlunun güdazına gedir
11:30 20-09-2013
İQTİSADİYYAT
Arif Əsgərov oğlunun güdazına gedir
Sabiq vitse-spikerin xanımı Prezidentə müraciət etdi
Ötən günlərdə “Azərbaycan Dövlət Dəmiryolları” ASC-nin sədri Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da qarışdığı 48 milyon manatlıq dələduzluq əməli ilə bağlı məlumat vermişdik. Dünən isə bununla bağlı yeni məqamlar ortaya çıxıb.
Bildirək ki, Elnar Əsgərovun və onun xalası uşaqlarının bu misli görünməmiş maliyyə fırıldağının qurbanlarından biri də mərhum vitse-spiker, Azərbaycan konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas, ziyalı Zakir Zeynalovun ailəsidir.
Qeyd edək ki, “Azərbaycan Dövlət Dəmiryolları” ASC-nin marketinq və tarif şöbəsinin bölmə rəisi olmuş Rahib Hüseynov bir neçə həftə əvvəl DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. R.Hüseynov 50-yə yaxın sahibkarı üst-üstə 48 milyon manat aldatmaqda şübhəli bilinir. Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb.
Zərərçəkənlər deyirlər ki, əslində bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu Elnar Əsgərov gəlir və bütün pullar ona çatırmış. Saxlanılan R.Hüseynovun əvvəlcə Arif Əsgərovun bacısı oğlu olduğu deyilmişdi, lakin daha sonra “Azərbaycan Dövlət Dəmiryolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov onun A.Əsgərovun baldızı oğlu olduğunu açıqladı.
Məlum olub ki, oliqarx oğlunun və onun xalası oğlanlarının törətdiyi bu maliyyə fırıldağının güdazına gedənlərdən biri də mərhum Zakir Zeynalovun ailə üzvləridir. Z.Zeynalov da A.Əsgərov kimi əslən Tovuz rayonundandır. O, Azərbaycanın görkəmli ziyalılarından və hüquqşünaslarından biri olub, uzun müddət Milli Məclisin deputatı, parlamentin Dövlət quruculuğu və konstitusiya komitəsinin sədri, parlamentin vitse-spikeri olub. O, Azərbaycanın indiki konstitusiyasının müəlliflərindən biridir.
Məlum olub ki, mərhum Zakir Zeynalovun ailə üzvləri üzləşdikləri fırıldaqla bağlı bundan əvvəl daxili işlər naziri Ramil Usubovun da qəbulunda olublar. İndi isə Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə başına gələnlər haqda müraciət ünvanlayaraq dövlət başçısından kömək diləyir.
Çimnaz Zeynalova özünün müraciətində vurğulayır ki, evlərini satıb, yeni ev almaq istəyirmişlər. «Təxminən 7-8 aya yaxındır ki, mən və oğlum Nazim evimizi satmışdıq. Fikrimizdə başqa ev almaq planı var idi. Lakin böyük oğlum Adil bir gün mənə bildirdi ki, Arif Əsgərovun oğlu Elnar Əsgərovla iş görəcək və ona müəyyən məbləğdə pul lazımdır. Belə ki, Elnarla aralarında olan danışığa əsasən müəyyən miqdarda vəsait qoymaqla yaxşı gəlir əldə etmək mümkün imiş. Adil məni inandırdı ki, Elnarla iş görsələr, pul geri qayıdarkən üstündə müəyyən məbləğ artıq qayıdar və bu da bizə qazanc olar. Pulları Adilə verdikdən sonra müvəqqəti olaraq kirayə evə köçməli olduq. Bir müddətdən sonra isə Adil mənə dedi ki, Elnar verdiyimiz pulu mənimsəyir və qaytara bilməyəcəyini deyir”.
Bu hadisədən sonra xanım Zeynalova dəfələrlə Arif Əsgərovla əlaqə yaratmağa çalışsa da, bu heç cür mümkün olmur. «Hətta Arif Əsgərovun rəhbəri olduğu idarəyə dəfələrlə getməyimə baxmayaraq məni qəbul etmədi və qapıdan qayıtmalı oldum. Günlərin birində nəhayət ki, Arif Əsgərovla telefonla danışa bildim və ona baş vermiş əhvalatı təfsilatı ilə bildirdim. Öz növbəsində isə Arif Əsgərov cavabında bildirdi: “Bu məsələyə görə bir də məni narahat etməyin və oğlum Elnarın adını heç yerdə çəkməyin. Onsuz da heç nəyə nail ola bilməyəcəksiniz. Mənim sizə veriləsi pulum yoxdur. Kimə istəyirsiniz, hara istəyirsiniz, gedin və şikayətinizi edin. Heç kəsdən qorxmuram və heç nədən çəkinmirəm. Şikayət edəcəyiniz və qapısını döyəcəyiniz heç bir məmuru mən saymıram”.
Çimnaz Zeynalova özünün müraciətində bir sıra mətləblərə toxunub və başına gələnləri nəql edib. Əslində, vəzityyət belədir ki, Arif Əsgərovun oğlu ilə bağlı məsələ xeyli qalmaqallıdır. Ortada 48 milyon manatlıq bir yeyinti var və bu iş dərindən araşdırılarsa, idarə rəisinin özü belə kifayət qədər çətin duruma düşəcək. Hadisələrin gedişatı belədir ki, Arif Əsgərovun yaxınları belə bir sıra qalmaqallı proseslərdə iştirak ediblər. Hələ bir müddət əvvəl onun qardaşı haqqında da məlumatlar yayılmışdı ki, dəmiryolu stansiyasının rəisi olan bu şəxs bəzi xoşagəlməz olayların iştirakçısı olub.
Arif Əsgərovun digər qardaşı isə Qazax rayon İcra Hakimiyyətinin başçısıdır. Onun haqqında isə rayonda yetərli qədər qalmaqallı məlumatlar var. İşinin öhdəsindən gələ bilməyən bu şəxsin rayonda çoxsaylı problemlər yaratdığı da faktdır. Rayon sakinləri onunla bağlı bəyan edirlər ki, icra başçısının başı öz şəxsi işlərinə daha çox qarışıb və bu səbəbdən də rayonda problemlər dizə çıxır.
Arif Əsgərovun özünün də xeyli sayda problemlərinin olduğu barədə də bilgilər var. Hələ bir müddət əvvəl Dövlət Dmiryolu İdarəsinin Maliyyə Xidmətinin arxivinin yanması da şübhələrə yol açmışdı. Bununla bağlı şübhələrdə vurğulanırdı ki, həmin yanğın hadisəsi məqsədli şəkildə törədilib. Və niyyət bəzi maliyyə qalmaqallarının üstünün açılmamasına nail olmaqdır. Hətta o da deyilirdi ki, bu sənədlərin bir qismi kopya olunaraq, ayrı-ayrı adamların əllərinə keçib. Bəzi sənədlərdə isə indiyə qədər dəmiryolu vasitəsi ilə daşınan yüklərə görə alınmış rüsumların böyük bir qismi belə kassaya köçürülmədiyi vurğulanır.
Onu da bildirək ki, Arif Əsgərovun özünə böyük biznes yaratdığı və bu yolla da imkanlarını genişləndirdiyi deyilir. Həmin məlumatlara görə, Dövlət Dəmiryolu İdarəsinin rəisi ölkənin ən gəlirli sahələrinə belə nəzarəti əlində saxlamaqla, maddi imkanlarını artırmağı bacarıb.
Hadisələrin gedişatı isə belə deməyə əsas verir ki, Arif Əsgərovun oğlu ilə bağlı qalmaqal daha da böyüyərək, onun özü üçün böyük problemə çevriləcək. Artıq məsələnin ictimailəşməsi və ortadakı 48 milyon manatın aqibəti isə yaxın zamanlarda aydınlaşacaq. Və bu aydınlaşmadan sonra idarə rəisinin durumunun heç də yaxşı olmayacağı dəqiqdir. Onun işdən çıxarılacağı və ya həbs oluna biləcəyi də müəmma olaraq qalır. Ən yaxşı halda, Arif Əsgərov oğlunun əməllərinə görə çox ağır bir bədəl ödəməli olacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28