Bəzi icra başçılarının müdhiş varlanma üsulu
12:15 24-09-2013
İQTİSADİYYAT
Bəzi icra başçılarının müdhiş varlanma üsulu
Onlar fermerlərin plastik kartlarını necə mənimsəyirlər?
Hazırda Azərbaycanda ənd təsərrüfatinin inkişafı dövlətin prioritet sahələrindən hesab olunur. Ən azı rəsmilərin açıqlamaları belə düşünməyə əsas verir.
Amma məsələ orasındadır ki, hələ də bəzi üzdəniraq məmurlar fermerlərin sərbəst fəaliyyətinə süni məhdudiyyətlər yaradırlar. Öz məqsədlərinə müxtəlif yollarla nail olmaq cəhdində bulunan məmurlar hətta dövlət tərəfindən fermerlərə ayrılan subsidiyalara da göz dikirlər.
Bir müddət əvvəl bu haqda bəhs edən KİV (məsələn, olaylar.az saytı) yazırdı ki, vəziyyət o həddə çatıb ki, bu sahəyə cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi özü "subsidiya əməliyyatı"na girişib. Adıçəkilən nazirlik yeni yaradılan iri fermer təsərrüfatlarına dəstək olmaq əvəzinə onlardan maksimum qoparmağa çalışır. Hansı ki, belə iri fermer təsərrüfatlarının yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına sözün həqiqi mənasında töhvə verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti belə fermer təsərrüfatları tərəfindən təmin edilir. Eyni zamanda, fermer təsərrüfatlarının inkişafı ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Belə bir şəraitdə məmurların fermerlərə ayrılan vəsaitə göz dikmələri qətiyyən başa düşülən deyil.
Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda əsas diqqəti məhz bu məsələyə yönəltdi: "Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.
Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyib. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!"
Göründüyü kimi məmurların fermerlərə ayrılan vəsaitin hansı səviyyədə və hansı yollarla məninsəmələri dövlət başçısına dəqiqliyi ilə bəllidir. Dövlət başçısınin mövcud problemləri açıqlığı ilə deməklə məmurlara üzlərini yığışdırmaları üçün bir mesaj kimi də qəbul etmək olar.
Ekspertlərin bildirdiyinə görə, adi kənd təsərrüfatı məhsulu istehsal edən fermerə hər hektara görə 40 manat, buğda və taxıl məhsulları kimi strateji məhsullara görə isə 80 manat verilir. Amma həmin subsidiyaların ünvanlarına çatmasında ciddi problemlər var. Ötən il Azərbaycan fermerlərinə 60 milyon manata yaxın subsidiya ayrılıb. 2007-2012-ci illər ərzində fermerlərə ayrılan cubsidiyaların ümumi həcmi 400 milyon manata yaxındır. Göründüyü kimi burada söhbət kifayət qədər böyük məbləğdən söhbət gedir. Buna baxmayaraq, bəzi hallarda fermerlərin malik olduqları torpaq sahələrinin həcmi artıq göstərilir və dövlət büdcəsindən daha çox vəsait ayrılır. İcra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılan komissiya tərəfindən həmin vəsaitin bir qismi mənimsənilir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən fermerlərdən subsidiya kartları yığılır ki, guya hansısa dövlət əhəmiyyətli tədbir üçün istifadə ediləcək.
Ən ilginc iddia isə ondan ibarətdir ki, bəzi rayonlarda fermerlərə ayrılan cubsidiyalar bankomatlardan gecə saat 3-4 radələrində çıxarılır. İcra hakimiyyətləri yerli əhalidən qorunmaq mıəqsədilə pulu bankomatdan gecə saatlarında çıxarır. Bu isə bir daha təsdiqldəyir ki, bəzi rayonlarda fermerlərə ayrılıb subsidiyalar ünvanına çatmır, məmurlar tərəfində mənimsənilir".
"Unikal"ın araşdırmaları göstərir ki, müxtəlif vaxtlarda Maliyyə Nazirliyinin apardığı yoxlamalar da bəzi yerli icra hakimiyyətlərinin bu cür mənimsəmələrə əl atdığını göstərib. Doğrudur, bu il seçki ili olduğundan belə hallar əvvəlki illərlə müqayisədə bir o qədər kütləvi hal xarakter daşımayıb, amma indidən konkret addımlar atılmayacağı təqdirdə gələn ildən bu cür mənimsəmələrin yenə də at oynadacağı qaçılmazdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28