Ərdoğanın Acarıstan planı?!
09:43 29-09-2013
İQTİSADİYYAT
Ərdoğanın Acarıstan planı?!
Məscid minarəsinin sökülməsinin arxasındakı müdhiş gizlinlər!
Ötən ay Gürcüstanın Adigeni rayonunun Çala kəndində məscid minarəsinin sökülməsi yerli müsəlmanların etirazın səbəb oldu və nəticə etibarilə qarşıdurma yarandı. Hökumət minarənin sökülməsini Türkiyədən gətirilən materialların gömrük rüsumlarının ödənilməməsi ilə əsaslandırırdı. Qarşıdurmanın sonunda isə hökumət güzəştə gedərək sökülərək Tiflisə aparılmış minarəni yerinə qaytaracağına söz verdi. Lakin bu dəfə qərara pravoslavlar etiraz etdi.
Əhalisi əsasən gürcü müsəlmanlarından ibarət olan Acarıstana üz tutaraq mitinqlərini muxtar respublikanın paytaxtı Batumidə davam etdirməsinə də qarşı çıxan pravoslavlar yolları belə bağladılar. Gürcü hökumətinin məlum qərarından sonra Axaltsexidə keşişlərin iştirakı minə yaxın radikal pravoslavın iki gün davam edən etirazında bütün yollar bağlanmaqla yanaşı, "minarəni yalnız bizim meyitlərin üzərindən apara bilərsiniz" sloqanı da səsləndi.
Son olaraq hökumət ortalığı sakitləşdirə bildi, amma bu günə qədər minarə məsələsinin fonunda həllini tapmayan məsələ müsəlmanlara təzyiqlərin olmasıdır. Əslində bu, indinin yaxud yaxın keçmişin təzyiqləri də deyil.
Pravoslavların baş verən minarə hadisələrində Türkiyəni ittiham etməsi də sıradan bir məsələ deyildi. İttihamlarsa birbaşa Türkiyə Baş naziri Rəcəp Təyyib Ərdoğana ünvanlanmışdı. Belə ki, pravoslavlar iddia edirdilər ki, əslində bütün bunları Ərdoğana bağlı xüsusi xidmət orqanları ortalığı qarışdıraraq bölgədə islam dininin təsiri artırmaq məqsədi daşıyır.
"Ərdoğan Acarıstan və Cavaxetiya bölgəsini Gürcüstandan zorla qopardıb islamın gücünü artırmaq istəyir". İttihamlar əsasən bu səpkidə idi.
Acarıstan: pazlın
tamamlanmayan hissəsi
Bu, baş verənlərin ümumi mənzərəsidir. Sökülən minarə, hazırda azlıqda qalan müsəlmanların etirazı, pravoslavların radikal dirənişi, proseslərdə kənar izlərin axtarışı və s. Lakin bölgənin dini mənzərəsində şəkilləndirmələr, proseslərin axınına müdaxilələrlə dəyişdirilənlər məlum olayların bütöv pazlın kiçik hissəsi olduğunu göstərir. Halbuki pazl kimi təsəvvür etdiyimiz dini şəkilləndirməni daha öncə, uzun illərdən bəri bütövləşdirmək üçün işlər gedir. Amma bunu tamamlanmış hesab etmək olmaz. Bu, o zaman tamamlana bilər ki, Cənubi Qafqazın başıbəlalı- məhz belə adlandırmaq olar- bölgələrindən olan Acarıstan tamamilə xristianlaşdırılmış olsun.
Ona görə başıbəlalı ki, bu bölgə zamanında Osmanlı və Çar imperiyaları, daha sonra Türkiyə və Rusiyanın üstünlük qazanmaq uğrunda mübarizə meydanlarından biri olub. Belə ki, XVI əsrdin ortalarından Osmanlı imperiyasının nüfuzuna daxil olan Acarıstanda əhalinin çox hissəsinin müsəlmanlığı qəbul etməsi də həmin dövrə təsadüf edir. 1878-ci ildə müharibəni Car Rusiyasına uduzan Osmanlı bölgəni güzəştə getməyə məcbur oldu, lakin bu onun ərazidən birdəfəlik əl üzdüyü demək deyildi. Məhz I Dünya müharibəsi gedişində və sonra da Cənubi Qafqaz, eləcə də onun daxilində olan Acarıstan Türkiyə və Rusiyanın mübarizə obyekti idi. Acarıstanın muxtar respublika olmasına səbəb də əslində bu mübarizə olmuşdu.
22 ildə dəyişən
mənzərə: İslamdan
xaçpərəstliyə doğru
1991-ci ilin məlumatına görə, Cənub-Qərbi Gürcüstanda etnik azlıq olan acarların 75 faiz müsəlman idi. Bu yaxınlarda açıqlanmış rəsmi sənədlərə görə isə, Acarıstanın paytaxtı Batumə və ətraflarda yaşayan sakinlərin 75 faizi gürcü pravoslav kilsəsinin mənsublarıdır. Son 22 ildə dəyişən bu mənzərə haqqında İtaliyanın "Vatican Insider" nəşrində dərc olunmuş məqalədə maraqlı faktlara toxunulub. Nəşr gürcü hökumətinin Acarıstan üzərindəki dini siyasətinə toxunaraq yazır ki, bölgədə bu gün keşişlərin çoxu müəslman ailələrində çıxırlar. Onu demək kifayətdir ki, Batum seminariyasının rektoru İstanbulda təhsil almış mollanın nəvəsidir.
Acarların pravoslavlığa kütləvi axını haqqında danışan mitropolit Dimitri hələ ötən il bildirib ki, 1991-ci ildə beş min insan, hansılar ki, müsəlman və ateistlər idi, pravoslavlığa keçdi. Sonra Xoluda ən yüksək teoloji məktəb açıldı ki, bu, SSRİ məkanında ilk dini məktəb idi.
Hazırda Acarıstanda sadəcə kiçik müsəlman anklavları qalır ki, onlar da regionun mərkəzi hissəsinə yaxın kəndlərdədir. Xuloda isə məscid və mədrəsələr var, yaşlı nəsil də türkcə danışır.
Acarlara İslam dini
Osmanlı türkləri tərəfindən zorla qəbul etdirilib?
Müsəlmanların xristianlığa üz tutmasını M.Dmirti belə izah edir. O iddia edir ki, acarlara islam dini Osmanlı türkləri tərəfindən zorla qəbul etdirilib: "Amma faktiki olaraq onlar xaçpərəst qaldılar. Bu günə qədər onlar xaçlarını daşıyırdı, bəzən bunu gizli etsələr də. Pasxadan əvvəl Şərq xaçpərəstlərinin xalq ənənəsinə uyğun olaraq, yumurtalarını rəngləyir, evlərində ikona saxlayırlar. Bura 1991-ci ildə SSRİ-nin dağılmasından sonrakı dövrün dini oyanışı da əlavə olundu. Xristianlığa ictimai münasibətdən danışarkən gürcü patriarxı II İlinin mənəvi oğlu sayılan sovet xarici işlər naziri olmuş prezident Eduard Şevarnadzeni xaç suyuna salmasını xatırlamaq kifayətdir".
Nəşr yazır ki, son dövrlər gürcü pravoslav kiləsi aktiv fəaliyyət aparır. Yaxın vaxtlarda kilsə tərəfindən atılan addımlar Ermənistanla sərhəddə narazılıq yarandı. Bu zaman Axalsike şəhərinin erməni keşişi Xakob Saxakyan yerli KİV-lərə müsahibələrində iddia etdi ki, gürcü kilsəsi X-XI əsrin monastır kompleksinə aid olan Damala kəndində iki qədim məbəddə zəvvarlıqları və dini xidmətləri təşkil edir. Onun fikrincə, bu kompleks Gürcüstanda yaşayan ermənilərin tarixi mirası hesab edilir. Ermənilərlə yeni mübahisə onu göstərir ki, dövlət-hansı ki, pravoslavlığı rəsmi din hesab edir və kilsəni kifayət qədər maliyyələşdirir-xristian dinlərinin iyerarxiyasını saxlamağa çalışır. Dini azlıqları sıxmır, hətta gürcü əhalisinin 2 faizini təşkil edən katoliklərə münasibətdə loyaldır. Burda şüurlu şəkildə dini siyasətdən söhbət gedir. Bu, həm də daxili təhlükəsizlik və sərhədlərin mühafizəsi ilə də bağlıdır.
Göründüyü kimi gürcü hökuməti öz dini bütövlüyünü qoruyub saxlamaqda maraqlıdır.
Rusiya: hədəfləri və
ehtiyat etdikləri
Rusiya sovetlərdən sonra iki dinin-İslam və xristianlığın mövcud olduğu bölgədə daha çox İslam faktorundan ehtiyatlanır. Çünki xristianlığın provaslav icması Gürcüstanda kifayət qədər geniş təsirlərə malikdir ki, bu da rus cəmiyyəti ilə eynilik təşkil edir. Ermənistan isə qriqorianlığı ilə idarəolunan səviyyədə saxlanılıb. İslam faktorunu diqqətdə saxlamaq Moskva üçün həm də ona görə vacibdir ki, etnik mənzərəsi isə müxtəliflik kəsb edən Şimali Qafqazda bu din hakimdir. Qafqazın Şimalındakı hakim din üzərində təsir gücü saxlamaq üçün Kreml "Rusiya Müsəlmanları Birliyi", "Rusiya Müftilər Şurası", "Rusiya Müsəlmanları Ali Ruhani İdarəsi" strukturlarını yaratdı. Bu strukturların hər birinin baş idarəsi də Moskvada yerləşirdi. Bunun ardınca yaradılan "Şimali Qafqaz Müftilər Şurası"nda konfederativ əsaslarla fəaliyyət göstərən strukturlar formalaşdı.
Tiflisin demarşı: Rus və erməni kilsəsinin ardınca QMİ təsirini itirdi
Gürcüstan isə dinin gürcü dövlətinin inhisarı altına alınması prosesinin 2003-cü ilin "qızılgül inqilabı"ndan sonra başladı. Buna qədər, islam faktorunu bir kənara qoysaq, Rusiya və Ermənistanın xristianlıqdan yetərincə yararlandığını görmək olar. Həmin dövrdən başlayaraq Gürcüstan Rusiyanın bütün təsirlərini öz üzərində azaltmaq siyasətini seçdi, o cümlədən "Rus və Moskva Provoslov Kilsəsi Patriarxlığı"nın gürcü cəmiyyətindəki rolunu azaltmağa başladı. Burda Tiflisdən bütün Gürcüstan üzrə fəaliyyətini quran "Erməni Apostol Kilsəsi"nin də təsir dairəsi geniş idi. Məhz buna görə, Gürcüstan-Ermənistan, Gürcüstan-Rusiya münasibətlərində dini şəbəkələrin idarəolunması uğrundan mübarizə gedirdi. Rəsmi Tiflis bunun hüquqi tərəfinə istinad edərək hər iki tərəfi Gürcüstandan müəyyən qədər sıxışdırmağa nail oldu və gürcü patriarxlığının hegomonluğunu təmin etdi. Amma Abxaziya və Cənubi Osetiya üzərində "Rus və Moskva Provoslov Kilsəsi Patriarxlığı"nın təsiri qalır. Əslində lap əvvəldən Gürcüstan ərazisinin bu bölgələrində rus kilsəsinin təsiri digərləri ilə müqayisədə daha çox idi. 2008-ci ilin dörd günlük müharibəsində bu bölgələrin Rusiya tərəfindən işğal edilməsində, həmçinin yerli əhalinin əksər hissəsinin Rusiyadan yana olmasında da məhz Rus kiləsinin rolu, yəni dini faktorun gücü danılmazdır.
Son 10 ildir başlanan bu prosesdə rus kiləsinin, Erməni Apostol kiləsinin üzləşdiyi problem Azərbaycanın bölgədəki dini təsirini yerinə yetirən Qafqaz Müsəlmanları İdarəsini də gözləyirdi. Ağrılı keçən bu prosesdə-gürcü dövlətinin sərhədləri daxilində hegomonluğunu qurması prosesində QMİ özünü kənarda saxlamağı bacarmışdı. Amma əvvəldən baş verənlər bir gün bu məsələ ilə QMİ-nin də qarşılaşacağınına dair kifayət qədər ehtimallar yaradırdı.
Belə bir problem 2011-ci ildə QMİ-yə alternativ olaraq Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) adlı qurum yaradılmaqla ortaya çıxdı. Əslində bu qurumun yaradılması prosesi 2009-cu ildən başlamışdı. Lakin Azərbaycan tərəfinin ciddi etirazı və qarşılıqlı görüşlər bir qədər vaxt qazanmaqdan başqa heç nəyə yaramadı. Nəticə etibarilə QMİ öz səlahiyyətlərini Gürcüstanda itirdi.
Faktiki sınma nöqtəsi: Acarıstan
Gürcüstan artıq öz sərhədləri daxilində dini hegomunluğu ələ almağı bacarıb. Amma bu hegemonluq müəyyən qədər axsayır. Məhz bu baxımdan, pazlın tamamlanmayan hissəsi də budur. Acarların dirənişi onu göstərir ki, onlar heç də iddia edildiyi kimi İslamı məcbur qəbul etməyiblər. Bu dirənişdə ən böyük rol oynayan amillərdən biri də muxtar respublikanın keçmiş rəhbəri Aslan Abaşidzenin siyasətidir. Təsadüfi deyil ki, gürcü mətbuatı 2003-cü ildə hakimiyyətə gələn Saakaşvilinin "Acarıstan Aslanı"na qalib gəlməsə hakimiyyəti saxlaya bilməyəcəyini yazırdı. Həmin dövrdə Saakaşvili Abaşidze ilə müəyyən kompromislərə nail olmuşdu. Amma Mixeilin hakimiyyəti illərində ən çox təzyiq etdiyi bölgə də Cənubi Osetiya ilə yanaşı Acarıstan olub. Və bu gün Gürcüstanda islam dinini dirənişlə qoruyub saxlayanlar da acarlardır. Təbii ki, onların müəyyən hissəsi boyunlarından xaç asmağa çoxdan razılıq verib, amma bölgədə kompakt şəkildə islamın mövcudluğu da bu bölgəyə aiddir. Bir çox müsəlmanın xristianlığa üz tutması Gürcüstanda qalan islam azlığı üçün təhlükə hesab edilir. İslam daşıyıcıları Çeçenistan və Dağıstanla sərhəddə yaşayan çeçenlər, eləcə də Azərbaycanla sərhəd yaxınlığında yaşayan Şərqi Gürcüstanın şiələridir.
Türkiyə və Azərbaycan: hesabda geri
qalmamaq üçün hansı addımlar atılmalıdır?
Bu gün acarların yeganə ümidi bəlkə də Türkiyə və Azərbaycandır. Türkiyə Gürcüstanda dini siyasətini əvvəldən humanitar istiqamətdə aparırdı. Türkiyə ilə cənubda həmsərhəd olan Acarıstanda islamın inkişafını ən çox dəstəkləyən də elə Ankaradır. Minarə qalmaqalında Türkiyənin ittiham edilməsi də bununla bağlıdır.
Azərbaycanın QMİ-nin Gürcüstan üzərində imtiyazının ləğvi ilə itirdikləri Acarıstandakı müsəlmanlara da təsirsiz ötüşmür. Bu Azərbaycanın Gürcüstana kapital yatırımları etdiyi bir dövrdə, yəni iqtisadi faktorunu gücləndirdiyi bir vaxt baş verdi ki, bununla Azərbaycan bir tərəfdən qazandığı halda, digər tərəfdən böyük bir itkiyə məruz qaldı.
Hazırda hesabın Türkiyə və Azərbaycanın xeyrinə olmadığı ortadadır. Dini təsirin itirilməsi isə sıradan bir məsələ deyil, əksinə olduqca mühüm faktorun əldən çıxması kimi qəbul edilməlidir. Misal üçün,
Abxaziya və Cənubi Osetiya xalqının rus kilsəsinin təsiri altında Moskvaya yaxın olması 2008-ci il müharibəsində Kremlin işinə yaradı. Bun dan başqa, Ukraynada Rusiyayönümlü Yanikoviçin hakimiyyətə gəlməsində də Rus kilsəsinin təsiri güclü olub. Dini təsirin qorunması üçün atılan addımlara ən bariz nümunə kimi, Azərbaycanda çox az sayda olan katoliklərə Vatikandan dəstək göstərilməsi, onların kilsələrinin inşa edilməsinə birbaşa papa səviyyəsində qatılmaların olmasını göstərmək olar.
Acarıstanda itirilən dini təsir isə iqtisadi tərəfdən də Gürcüstanın xeyrinə işləyir. Belə ki, bölgənin gözü hesab edilən Batum limanı regiondakı iri transmilli layihələrin, o cümlədən Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarındandır. Əslində aparılan mübarizənin digər bir səbəbi də bununla bağlıdır.
Bu baxımdan, Türkiyə və Azərbaycan hərəkətə keçməsi lazımdır. Acarıstanda islamın dominantlığının qorunması Azərbaycana itirilmiş təsirini qaytara, eləcə də Borçalıdakı soydaşlarımızın da dini aşınma siyasətindən kənarda qalmasına kömək edə bilər. Türkiyənin də burda qazancı dini faktorun oynaya biləcəyi rol, həmçinin bununla Batumun əldən çıxmamasıdır. Bütün hallarda hər iki ölkəyə Acarıstanda islamın təzyiqlərdən qorunması divident gətirə bilər. Təbii ki, burda dini təəssübkeşlik də əsas amildir.
Asif Nərimanlı
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28