Prezidentlə bağlı qanun hazırlanacaq
11:51 01-10-2013
CƏMİYYƏT
Prezidentlə bağlı qanun hazırlanacaq
Oqtay Əsədov Milli Məclisdə prezident seçkilərdən danışdı
Milli Məclisin payız sessiyası öz işinə başlayıb. İclasda 100 deputat iştirak edir. 99 nəfər gündəliyin lehinə səs verib.Spiker Oqtay Əsədov çıxışına ölkəmizdə keçiriləcək prezident seçkilərindən başlayıb. Parlament sədri bildirib ki, Azərbaycan xalqı prezident seçkilərində düzgün qərar verəcəkSpiker qeyd edib ki, bu ilin payız sessiyası prezident seçkiləri kimi əlamətdar hadisə ilə üst-üstə düşür: "Azərbaycan xalqı çox müdrik xalqdır, öz gələcəyi və inkişafında sözünü deyəcək və öz prezidentini seçəcək".Qeyd edək ki, iclasda deputat Elman Məmmədov narazılığını ifadə edib. O, sual edib ki, iclaslarda himn səsləndirilərkən bəzi deputatlar onu oxuyur, bəziləri oxumur. "Burada aydınlıq gətirilsin ki, himni oxuyaq, ya yox".
“Birdən partlayış olarsa, necə olacaq?”
Milli Məclisin iclasında çıxış edən deputat Musa Qasımlı “Elm siyasəti haqqında” qanun layihəsini yenidən gündəmə gətirib. Modern.az-ın məlumatına görə, millət vəkili sözügedən qanun layihəsinin parlamentin gündəliyinə salınmasını müsbət qarşılayıb.
“Mən universitetlərin gücləndirilməsini təklif edirəm. Xaircdə təhsil almanın əleyhinə deyiləm. Gənclərinmiz daha çox bakalavr təhsilini ölkəmizdə, magistratura, doktorantura təhsilini xaricdə davam etdirirlər”.Deputat daha sonra son günlər Bakıda müşahidə olunan tıxaclardan danışıb.“Bu gün Bakı küçələrində yanacaq daşıyan maşınlar saatlarla tıxaclarda olur. O tıxaclarda olan maşınların birində partlayış törənərsə, bunun hansı fəsadlar törədəcəyi haqda danışmalıyıq. Hesab edirəm ki, bunlar nəqliyyatın az olduğu zaman- gecələr daşınmalıdır. İkinci məsələ yollar, körpülər çəkilir. Amma 20 Yanvar dairəsində körpünün altı maşın dayanacağına çevrilir. Körpünün altında partlayış olarsa hansı nəticələr yaranacağını düşünməliyik. Bunlar strateji baxımdan vacib yerlərdir. İnsanların təhlükəsizliyinə diqqət yetirilməlidir”-deyə millət vəkili bildirib.
Qənirə Paşayeva əlil
tələbələrə güzəşt istədi
Qənirə Paşayeva birinci qrup əlil olan və ali məkktəbə daxil olan tələblərin ödəniş haqqından azad olunmasını təklif edib. Deputat bildirib ki, tələbə adını qananmış birinci qrup əlillər təhsil haqqini ödəməkdə çətinlik çəkirlər. ”Bununla bağlı ali məktəb rəhbərlərinə müraciət etdikdə rektorlar bildirirlər ki, məsələyə dair qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir”. Deputat Milli Məclisi bu məsələyə baxmağa çağırıb.
Sabir Rüstəmxanlı
deputatların himni
oxumamağına etiraz etdi
Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi sahəsindəki vəziyyətə toxunaraq, hələ də yeni doğulan uşaqlara “ov, “yev” soyas sonluqlarının verilməsindən narazılıq edib.
Deputat qeyd edib ki, soyad sonluqlarının milliləşdirilməsi vacib məsələdir və bu, həyata keçirilməlidir.
“Mən bilmirəm, hansı mexanizm tapılamlıdır ki, bu iş başa çatdırılsın. Buna mane olan hansı qüvvədir?”.
Daha sonra o, himn məsələsində deputat Elman Məmmədovu dəstəkləyib. Bildirib ki, Milli Məclisdə Azərbaycanın dövlət himinin oxunması vacibdir və oxunmalıdır.
S.Rüstəmxanlı dövlət himinin səsləndirilməsi ilə bağlı iradlarını bildirib. Deputat qeyd edib ki, himn ifası zamanı qadın səsi daha çox nəzərə çarpır. O bunu himinin 15-20 il əvvəl oxunması ilə əlaqələndirib və bildirib ki, bu məsələyə yenidən qayıtmaq lazımdır.
Deputat Milli Məclisi
qalmaqallı qanunu qəbul etməyə çağırıb
Musa Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyinə toxunub. O, bildirib ki, bu qanunun qəbulu cəmiyyət üçün vacibdir.
Musa Quliyevin sözlərinə görə, qanunun qəbulu cəmiyyətdə problemlərin qarşısının alınmasına səbəb olacaq. Deputat nikaha girənlərin icbari tibbi slığortasının da vacibliyindən danışıb və bu barədə qanunvericiliyin təsdiq olunmasının zəruriliyini bildirib. Deyib ki, ölkədə nikah zamanı tibbi sağlamlığın müəyyənləşdirilməsi gələcək nəsil artımında fəsadların aradan qaldırılmasına kömək edə bilər.
M.Quliyevin sözlərinə görə, ölkədə talassemiya, QİÇS, hepatit C xəstəliklərinin artması müşahidə olunur. O, Heydər Əliyev Fondunun talassemiya ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, talassemiyanın praktikasının düzgün qurulmaması bu xəstəliklə mübarizədə çətinliklər yaradır.
“Məcburi tibbi sığorta onunla bağlıdır ki, bu, nikaha girən cütlüklərin ümumi vəziyyətini ortaya çıxarmağa kömək edəcək”.
Daha sonra deputat selektiv abortun genişlənməsindən narahatlığını bildirib. O buna görə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunu gecikdirməməyə çağırıb.
“Selektiv abortlar genişlənib. Məsələn bu il orta məktəbdə birinci sinfə gedən oğlan uşaqlarının sayı qızlardan 9 min nəfər çoxdur. B qanun qəbul olunarsa, vəziyyəti bərabərləşdirməyə kömək edəcək”.
“Reproduktiv sağlamlıq haqqında” qanunun müzakirəsi qalmaqalla müşayiət olunub və indiyədək sənəd bir neçə dəfə dəyişikliyə məruz qalıb.
Gövhər Baxşəliyeva
tarixi şəxsiyyətlərə qarşı hörmətsizlikdən
gileyləndi
“Azərbaycan xalqının taleyində müstəsna əməyi olan insanların təhqir olunmaması üçün qanun layihəsi qəbul edilməlidir”.Bu sözləri millət vəkili Gövhər Baxşəliyeva deyib. O, qeyd edib ki, tarixi şəxsiyyətlərlə bağlı bu cür qanunun qəbul edilməsi vacibdir.
“Məsələn, Türkiyədə Atatürkü təhqir etmək olmaz, onun haqqında mənfi fikir söyləyəni məsuliyyətə cəlb edirlər. Bu qanun nə üçün lazımdır? Ötən aylarda biz şahidi olduq ki, Şah İsmayıl Xətai bəzi müəlliflər tərəfindən təhrif olunur. İrandan gələn Güntay Güncalp Şah İsmayıl Xətai haqqında Azərbaycanda təhrif olunmuş kitab çap edir. Onu vəhşi sərkərdə kimi göstərir. İndi də İskəndər Palanın kitabında Şah İsmayıl Xətai ilə bağlı cəfəngiyatlarla dolu yazılar var. Biz bunu Türkiyədə qadağan edə bilmərik. Amma ölkəmizə bu kitabların çapını qadağan etməliyik. Eləcə də Cümhuriyyətin yaradıcılarını təhqir edən əsərlər yazılır. Bunun qarşısını almalıyıq. O cümlədən fəaliyyətdə olan prezidenti təhqir etmək məsələsini də bura daxil etmək olar. Qeyd edilə bilər ki, prezidenti təhqir etmək olmaz”.
Prezidenti hüquqi
cəhətdən
qoruya bilmirik”
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov seçki debatları zamanı dövlət başçısına qarşı yönəklən təhqirlərdən ciddi narazılıq bildirib. O müxalifəti ittiham edərək, heç bir proqram təqdim etmədiyini deyib.
“Müxlaifət seçkiyə İsgəndər Həmidovun psixologiyası ilə gedir. 20 il ərzində onlar dəyişə bilməyiblər. İndi də İsgəndər Həmidovdan seçki əzabkeşi obrazı yaradıblar” deyə vitse-spiker bildirib. O, seçki kampaniyası zamanı təhqiramiz ifadələr səsləndirilməsini pisləyərək, deyib ki, dövlət başçısının təhqir olunması yolverilməzdir.
“Prezident niyə təhqir olunmalıdır? Prezidentin toxunulmazlıq hüququ var. Bu gün yerindən duran ona təhqirlər yağdırır. Bu heç bir mənaviyyata, mədəniyyətə sığmır. Prezident deyib ki, “mənim haqqımda nə qədər yazsalar da, onları məhkəməyə verməyəcəm”. Amma bu o demək deyil ki, prezident təhqir olunmlalır. Ölkə qnaunlarına görə, prezidentin toxunmazlıq hüququ var və o, dövlətin simvoldur”.
Daha sonra vitse-spiker dövlət başçısını hüquqi müstəvidə müdafiə edilməsinin zəruri olduğunu bildirib.
“Biz prezidenti hüquqi cəhətdən qoruya bilmirik. Təklif edirəm ki, bu məsələlərlə bağlı hüquqi müstəvidə ciddi addım atılsın. Dövlət başçısının qanunla nəzərdə tutulmuş səlahiyyətlərinə hamı hömət etməlidir”.
Z.Əsgərov deyib ki, Konstitusiyada prezidentin şərəf və ləyaqətinin qanunla qorunduğu bildirilsə də, Milli Məclis həmin qanunu qəbul etməyib:
"Mən təklif edirəm ki, biz o qanunu qəbul edək. Mən payız sessiyasında prezidentin şərəf və ləyaqətinin müdafiə edilməsi ilə bağlı qanunun qəbul olunmasını təklif edirəm. Sizdən bu məsələdə dəstək istəyirəm”.
Milli Məclisin sədri Oqtay Əsədov belə bir qanun layihəsinə baxılmasını mümkün sayıb. Prezidentliyə namizədlərin debatlarından danışan Oqtay Əsədov hər kəsin öz səviyyəsini göstərdiyini vurğulayıb: “Xalqımız müdrikdir və hər şeyi görür. Bəziləri üzərinə üç yorğan atsa da, eybi yenə görünəcək. Biz bu qanun layihəsi məsələsinə də baxa bilərik. Seçkidə fəal iştirak etməli və bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir”.
Milli Məclisdə bir neçə qanuna dəyişiklik edildi
Milli Məclisi keçirilən iclasında bir sıra orden və medalların dəyişdirilməsi təsdiq edilib. Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən "Tərəqqi", "Vətən uğrunda", "Polis veteranı" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları, o cümlədən "İstiqlal", "Şöhrət", "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenləri tamamilə dəyişdirilir. Bununla bağlı müvafiq olaraq "Azərbaycan Respublikasının "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının "Vətən uğrunda" medalının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının "Dövlət qulluğunda fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında", o cümlədən "Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Bayrağı" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında", "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" və "Şöhrət" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" qanunlara dəyişikliklər edilib. Layihələrə əsasən, ordenlərin və medalların bütün təsvirlərində və ölçülərində dəyişikliklər ediləcək.
Milli Məclis ilk iclasında həmçinin "Sosial müavinətlər haqqında" qanuna dəyişiklikləri qəbul edib.
Dəyişiklik barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, qanunun 10-cu maddəsində sosial müavinətlərin təyin edilməsi və ödənilməsi ayrılaraq ayrı-ayrı maddələrdə verilir. Maddə 10-da sosial müavinətin təyin edilməsi ayrıca, yeni əlavə olunan 10.1-də sosial müavinətlərin ödənilməsi ayrıca verilir. Eyni zamanda, yeni 10.1-ci maddədə ayrıca qeyd olunan sosial müavinətlərin ödənilməsində yeniliklər də var. Yeniliklərə əsasən, müavinətlər tam olaraq ödəniləcək. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15