Qərbin İrana qarşı sanksiyaları götürüləcəkmi?
11:53 01-10-2013
CƏMİYYƏT
Qərbin İrana qarşı sanksiyaları götürüləcəkmi?
"İran nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etmədiyi müddətcə bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar götürülməyəcək". Bunu ABŞ dövlət katibi Con Kerri CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, rəsmi Tehran bunun üçün "Fordo" da daxil olmaqla bütün nüvə obyektlərində beynəlxalq müfəttişlərin yoxlamalar aparması üçün imkan yaratmalı, uranın zənginləşdirilməsini təxirə salmalı və əlavə protokol imzalamalıdır: "Yəni İran əməkdaşlığı qəbul etsə və bütün nüvə obyektlərini beynəlxalq müfəttişlərin üzünə açsa, onda bu ölkəyə tətbiq olunmuş sanksiyaların götürülməsi barədə qərar bir neçə ay ərzində qəbul edilə bilər. Biz razılığın daha tez əldə olunmasına inanırıq. Çünki hər şey İranın bu prosesə necə hazır olmasından asılıdır. İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini isbatlasa, onda bu ölkə ilə münasibətlərdə əsaslı dəyişikliklər baş verə bilər".
Bu arada amerikalı senatorlar Robert Menendes və Lindsi Qraham "The Washington Post" qəzetində "İran səfiri dəyişdi, mesaj dəyişmədi" başlığı altında dərc etdikləri hesabatlarında rəsmi Tehranın imicinin dəyişmədiyini qeyd ediblər. Onlar İrana qarşı diplomatiyaya optimist baxdıqlarını, ancaq sanksiyaların sərtləşdirilməsini də dəstəklədiklərini vurğulayıblar.
"İran Qərblə yalnız uranın zənginləşdirilməsi haqqının qorunması çərçivəsində razılaşa bilər". Bunu isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ABC telekanalının canlı yayımlanan və böyük tamaşaçı kütləsinə sahib olan "Bu həftə Stefano Pulusla" proqramında bildirib.
Məhəmməd Cavad Zərif İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını deyərək, bunun tərəflərin razılaşması üçün də yaxşı bir atmosfer yaratdığını vurğulayıb: "İran illər öncə Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) öz istəyi ilə qoşulması da etimad yaradan bir cəhddir. Rəsmi Tehran ABŞ-ın İranın nüvə enerjisindən yararlanmaq haqqını rəsmi şəkildə tanımağa hazır olduğunu və ona hörmət göstərməyi qəbul etdiyini gördüyü zaman tərəflər arasında razılığın əldə olunması şansının da artacağı qətidir. İran hökuməti bu mövzuda ölkənin ali dini liderinin tam dəstəyinə və təsdiqinə də malikdir".
İran XİN rəhbəri II Dünya müharibəsində baş vermiş yəhudi soyqırımına da toxunub: "İran rəhbərliyi və səlahiyyətli şəxsləri dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, günahsız insanların öldürülməsini qınayırlar. Bu cinayətlərin faşist Almaniyası tərəfindən və ya Fələstində işlənməsi arasında da bir fərq görmürük".
Məhəmməd Cavad Zərif İsrailin baş naziri Benyamin Netanyahunun 1990-cı ildən bəri İranın nüvə silahı istehsal etməsinə 6 ay qaldığı istiqamətində hər gün çıxış etdiyini, ancaq rəsmi Tehranın nə 6 ay, nə də 6 il sonrasında belə bir proqramı olmadığını vurğulayıb: "İranın heç bir zaman belə bir proqramı olmayacaq".
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə İran və ABŞ prezidentləri arasındakı telefon danışığına münasibət bildirib. İRİB-in məlumatına görə, Möhsün Pak Ayin deyib ki, bu telefon danışığı qarşılıqlı etimad yaradılması təşəbbüsünün başlanğıcı ola bilər: "Əgər proses davam edərsə, hər iki ölkənin xeyrinə ola bilər".
Səfir vurğulayıb ki, İranla ABŞ-ın qarşılıqlı etimad yaratmaq prosesinə maneə sionist lobbisi və ABŞ mühafizəkarlarıdır: "ABŞ-ın mühafizəkarların təsiri altına düşməməsi qarşılıqlı etimad yaratmaq prosesini gücləndirə bilər".
Möhsün Pak Ayin həmçinin ABŞ-ın region və İran məsələlərinə düzgün yanaşmasını dünya sülhü üçün vacib sayıb: "Amerikalıların 34 ildən sonra İranın hədələrə təslim olmamasını başa düşməsi müsbət dəyərləndirilir".
İran və Oman
birgə dəniz manevri keçirəcək
Dünən verilən bir başqa məlumata görə, İran və Oman birgə dəniz manevri keçirəcək. İRNA-nın məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.
Onun sözlərinə görə, hərbi manevr 2014-cü ilin fevral ayında baş tutacaq: "Manevrin məqsədi dənizdə axtarış və xilasetmə əməliyyatları həyata keçirməkdir".
İran 2 pilotsuz
təyyarəsinin
təqdimatını keçirdim
Dünən o da məlum olub ki, İran yeni pilotsuz təyyarəsinin təqdimatını keçirib. İran mətbuatının məlumatına görə, tədbir bu ölkənin Quru Qoşunlarının komandanı, general Əhmədrza Purdəstanın iştirakı ilə keçirilib.
"Yəsir" adlanan pilotsuz təyyarə 5 km yüksəklikdə uçmaq, 8 saat havada qalmaq, həmçinin 200 kilometr məsafə qət edə bilmək qabiliyyətlərinə malikdir. Yerli mütəxəssislərin kəşfiyyat işlərində istifadə olunması üçün dizayn etdiyi təyyarənin uçuş-enmə zolağına ehtiyac yoxdur, yüngül, güclü və modern kameralara sahibdir, həmçinin hədəfə dəqiqliklə nəzarət edə bilir. "Yəsir"dən yardım, döyüş əməliyyatları, eləcə də nəqliyyatın hərəkətinin nizamlanmasında istifadə də edilə bilər.
Bundan başqa, İran daha bir pilotsuz təyyarəsinin təqdimatını keçirib. İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general Məhəmməd Əli Cəfərinin iştirak etdiyi tədbirdə "Şahid 129" adlı yerli pilotsuz təyyarənin sərhədləri müşahidə etməkdə, həmçinin quldurlar və hər cür hallarla mübarizədə təsirli olduğu bildirilib. Təyyarə raketlər daşımaq və hansısa ərazini bombardman etmək xüsusiyyətinə malik olmaqla indiyədək İran istehsalı olan ən strateji təyyarə sayılır. M.Cəfəri ABŞ-ın "RQ 170" modelli pilotsuz təyyarəsində mühəndislik və elmi işlərin sona çatdığını, iranlı elm adamlarının onu bəzi hissələrini hazırlayaraq istehsal etdiklərini deyərək, yaxın gələcəkdə İran istehsalı "RQ 170" modelli pilotsuz təyyarə ilə bağlı müsbət xəbərlər verəcəklərini vurğulayıb.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12