Rüfət Aslanlının komitəsi yenə tənqid hədəfində
12:31 01-11-2013
CƏMİYYƏT
Rüfət Aslanlının komitəsi yenə tənqid hədəfində
9 illik Dövlət Proqramı icra edilir, ya yox?
“Azərbaycanın qiymətli kağızlar bazarında tam bir xaos mövcuddur. Bazarda gedən proseslər qəsdən gizlədilir. Qəbul olunmuş qaydalar Bakı Fond Birjası tərəfindən kobud şəkildə pozulur. Və bu, məqsədli şəkildə həyata keçirilir”. Bu cümlələr hələ ötən ilin yayında iqtisadçı ekspert Hafiz Babalı tərəfindən səsləndirilmişdi.
İndinin özündə də əksər ekspertlər Azərbaycanın qiymətli kağızlar bazarında şəffaflığın yetərincə olmamasından gileylənirlər. Onlar hesab edirlər ki, Azərbaycanda birjadankənar bazarda bir çox müəmmalı proseslər cərəyan edir, bəzən hətta belə proseslər ciddi qanunsuzluqlarla müşayiət olunur. Hələ də fond bazarında bağlanan əqdlər barədə şəffaflıq təmin edilməyib.
Ekspertlərə görə, Rüfət Aslanlının rəhbərlik etdiyi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) daha açıq, şəffaf fəaliyyət göstərməli olduğu halda, bu müşaiyət edilmir. Komitə ilə bağlı belə iradlar da bir qayda olaraq nəticəsiz qalır.
Ekspertlərin bildirdiklərinə görə, QKDK-nin tabeçiliyində olan Bakı Fond Birjası (BFB) BFB depozitarilərdən məlumat daxil olduqdan bir gün sonra informasiyanı dərc etməlidir. Burada əqdin bağlandığı tarix və yer, konkret emitent, əqdin sayı, nominal dəyəri və qiyməti haqda bilgi verilməlidir. Amma kifayət qədər nümunələr göstərmək mümkündür ki, həmin qaydalar kağız üzərində qalır, bu cür bilgilər ictimaiyyətə açıqlanmır və hətta KİV-dən ünvanlanan sorğular da bir çox hallarda cavabsız qalır.
Mütəxəssislər maraqlı bir məqama da diqqət çəkirlər. Məsələ burasındadır ki, Azərbaycanda birjadankənar əməliyyatlar haqqında məlumatın açıqlanması 2011-2020-ci illərdə qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulub. Dövlət Proqramı Dünya Bankı kimi beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənir, lakin hələlik onlar yalnız prosesi müşahidə edirlər. Ümumiyyətlə, həmin Dövlət Proqramının icrası istiqamətində əlaqədar qurumun - QKDK-nın hər hansı irəliləyişə nail olması diqqət çəkmir ki, bu da haqlı olaraq narahatlıqlara yol açır.
Məsələn, bu ilin yayında Bakı Fond Birjası 30 aprel-31 may üçün investisiya qiymətli kağızlarla birjadankənar əməliyyatlar barədə məlumat açıqladı. Həmin məlumatdan müəyyən strukturların bu qeyri-şəffaf bazar platformasında sabitliyə kömək etdiyi görünürdü. Belə ki, BFB-nin məlumatına görə, deyilən dövrdə birjadankənar fond bazarında 9 862,7 min manatlıq əqdlər qeydiyyata alınıb. Bu, BFB-də 5 aylıq təkrar səhm bazarının həcmindən 2,4 dəfə çoxdur. Birjanın məlumatına görə, bu ilin mayında maliyyə institutları 7 229,4 min manatlıq, sənaye şirkətləri 1 616,2 min manatlıq, iqtisadiyyatın başqa sahələri 517,1 min manatlıq əqd bağlayıb. Bütün əməliyyatlar qiymətli kağızların nominal qiyməti ilə olub.
Reallıq isə ondan ibarətdir ki, 2012-ci ilin martından BFB birjadankənar bazarda konkret əqdlər üzrə məlumatları gizləyir. “Adlı investisiya qiymətli kağızların alqı-satqısı haqqında əqd bağlanması qaydaları”na əsasən, BFB konkret tərəflər istisna, birjadankənar əqdlərin bütün aspektlərini açıqlamalıdır. Bundan başqa, birjadankənar platforma insayder əqdlərinin sevimli yeridir. Orda QKDK-nın normativ aktlarına (dekabr 2012) zidd olaraq əqdlər açıqlanmır.
Bir dəfə isə jurnalistlərdən birinin “Niyə QKDK informasiya açıqlığı tələbinin birja tərəfindən pozulmasına nəzarət etmir?” sualına cavab olaraq komitə sədri Rüfət Aslanlı bildirmişdi ki, “BFB saytında çoxlu informasiya tapmaq olar”. Halbuki real mənzərənin əsla belə olmadığını yuxarıda vurğuladıq.
Bəzi ekspertlər isə məlum mövzuda tam fərqli fikirdədirlər. Onlar hesab edirlər ki, əvvəlki illərlə müqayisədə QKDK-nin və strukturlarının ictimaiyyətə açıqlığı sahəsində durum nisbətən yaxşılaşıb. Bununla belə, yaranmış durum yalnız adıçəkilən komitə rəhbərliyinin iradəsi və istəyi ilə də ortaya çıxmayıb. Belə ki, qiymətli kağızlar bazarındakı bir çox ciddi əməliyyatlarda müəyyən məmur maraqlarının olması, həmin məmurların isə nüfuz baxımından hökumət içində önəmli yerlər tutması adıçəkilən komitənin fəaliyyətində neqativ tendensiyalara yol açır. Yəni belə məmurlar öz təsir güclərini işə salaraq hansısa əməliyyatda gizlilik prinsipinin işləməsinə nail olurlar. Məsələn, bəzi ekspertlər və KİV-lər Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi komitə tərəfindən bir çox səhmdar cəmiyyətlərin ələ keçirilməsi ilə nəticələnən əməliyyatlarla bağlı QKDK-nın
müxtəlif vaxtlarda qeyri-şəffaflıq nümayiş etdirməsini göstərmək olar.
Hər bir halda QKDK artıq fəaliyyətində şəffaflıq, ictimai açıqlıqla bağlı müasir dövrün tələblərini ən yaxşı şəkildə əks etdirmək məcburiyyətindədir. Əks halda həm icrasına iki ildir başladığı deyilən Dövlət Proqramı öz mənasını itirmiş olacaq, həm də adıçəkilən komitə ilə bağlı tənqidlər, iradlar, bir çox hallarda isə hətta ittihamlar səslənməyə davam edəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06