Tanınmışların DİPLOM İŞİ - “Özümə əminliyim çox olsa da, həyəcanlı idim”
12:33 01-11-2013
CƏMİYYƏT
Tanınmışların DİPLOM İŞİ - “Özümə əminliyim çox olsa da, həyəcanlı idim”
Tələbəlik həyatı hər bir kəs üçün ömrün maraqlı, çətin və keşməkeşli anları ilə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur.
“DİPLOM İŞİ” adlı yeni rubrikada danışacaq şəxsləri tələbəlik illərinə qaytaracağıq. Daha dəqiqi, tanınmış simalardan tələbəlik dövrünün sonunda müdafiə etdikləri diplom işi haqda soruşulacaq: diplom işini necə yazıblar, hansı çətinliklə qarşılaşıblar, diplom rəhbərləri kim olub və s.
Deputat Rəbiyyət Aslanova: “Hər kəsin öz diplom işini xatırlaması xoşa gəlimli məqamdır. Gənclik dövrünə səyahətdir. Mən Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışam. Bir az təvazökarlıqdan kənar olsa da, deyəcəm. 1973-cü ildə “Panislamizm” mövzusunda yazmaq böyük cəsarət tələb edirdi. Diplom işimin mövzusu “Panislamizm və onun nümayəndələri” adlanırdı. Sovet dönəmində siyasi sistemin təbiətindən irəli gələn tələblərin əksinə olaraq, 19-cu əsrin sonu, 20-ci əvvəllərində Azərbaycanda bu mövzuda yazmaq, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə haqqında yazmaq və onu təbliğ etmək cəsarətli addım idi. Görünür, bu, gəncliyin içindəki ruhdan irəli gəlirdi. Həmin dövrdə mənə dərs deyən müəllimlər içərisində Qədir Mustafayev adlı alim vardı. O mənim elmi rəhbərim idi. Artıq 5-ci kursu bitirəndə dəqiq bilirdim ki, mən “Panislamizm”dən yazacam. Sonradan bu mövzunu davam etdirmə imkanım olmadı. Ancaq həmin dövrdə böyük səs-küyə səbəb oldu. Çünki məndən sonra gələn tələbələr də o mövzuya müraciət etdilər. Mənim yazım başqalarına da örnək oldu. Azərbaycan gerçəkliyində belə fikrin səslənməsi qorxulu hesab ounurdu. Bu gün yazmağa nə var ki? Türk dünyasının böyük ziyalılarının yazdığı qiymətli kitablar var. Mən sevinirəm ki, yazdığım o fikirlər, gələcək proqnozlar özünü doğrultdu. Həmin il ilk dəfə olaraq ixtisaslaşma gedirdi. Diplom işimi yazarkən, tək Azərbaycan ədəbiyyatından deyil, eyni zamanda Sankt-Peterburqda olan, qorunan çoxsaylı vəsaitlərdən istifadə etmişdim. Müdafiəmdən əlanın fərqləndirici forması ilə qiymətləndirildim”.
Xalq şairi Zəlimxan Yaqub üçün universitet illəri uzaq keçmişdə qalıb. “Artıq yaşımın elə çağındayam ki, o illərdən demək olar heçnə xatırlamıram” deyən şair bildirdi ki, Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakülətisini bitirib:
“Həmin illər mənim üçün unudulmaz idi. Çünki universitet də bir həyatdır. Diplom işimin müdafiəsi 1972- ci ildə olub. Mövzunu da özüm seçmişdim: “Kitabın taleyi”. Diplom işimdə kitabın tarixi, yaranması, kitabın dünəni, bu günü ilə bağlı maraqlı məlumatlar yazmışdım. Özümə əminliyim çox olsa da, həyəcanlı idim. Elə bil birinci dəfə tribunaya çıxırdım. Buna baxmayaraq, başda elmi rəhbərim olmaqla, digər müəllimlər də çıxışımı bəyəndilər. Ona görə də diplom işimin müdafiəsindən “5” qiyməti almışdım”.
”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid diplom işini yadına salmaq üçün bir qədər fikirləşməli oldu: “Mənim universitet illərim olduqca maraqlı keçib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumuşam. Oxuduğum illər ərzində eyni zamanda mətbuat sahəsində işləyirdim. Hətta yazılarım da çıxırdı. Diplom işimin mövzusunu özüm seçmişdim. Bu isə 1988-ci ilə təsadüf edir. Mövzunun adı “Çap olunmuş yazılar” adlanırdı. Olduqca yüksək səviyyədə hazırladığım diplom işi müəllimlər tərəfindən bəyənildi və “5” aldım”.
Xalq artisti, xanəndə Mənsum İbrahimov rubrikamızı çox maraqla qarşıladı: “Diplom işimin üstündən illər keçib, amma çalışacam ki, yadımda qalanları sizinlə bölüşüm. Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirmişən. Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində qiyabi təhsil almışam. Universiteti 1993-cü ildə bitirmişəm. Orada oxuduğum müddətdə Opera və Balet Teatrının solisti idim. 1985-ci ildə Asəf Zeynallıda oxuyanda 3-cü kursda idim və Üzeyir Hacıbəyovun anadan olmasının 100-cü ildönümü münasibəti ilə müsabiqə keçirilmişdi. Mən də həmin müsabiqədə birinci yeri tutmuşdum. O vaxt da, Şövkət xanım həmin münsiflər heyətinin üzvü idi. Elə həmin il onun məsləhəti ilə Məcnun rolunu oynamışam. Mənim elmi işimin adı da "Leyli və Məcnun" olub. Məcnun rolunu canlandırmışam. Münsiflər tərəfindən yüksək qiymətləndirilmişdi. Bu elmi işi də özüm istəmişdim. Ümumiyyətlə, mən orta məktəbdən yaxşı oxumuşam. Tarix və ədəbiyyata böyük marağım olub. Uşaqlıqdan hər işimi özüm görməyə öyrəşmişəm. Öz əməyimə, zəhmətimə güvənmişəm. kiməsə öz işimi gördürməyi sevməmişəm. Biz həmişə çalışmışıq ki, ifamızla öndə olaq”.
Ulduz İBRAHİMOVA
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33