20 ildir yol gözləyən ana fəryad elədi: “Bircə onu görüm, saçlarını oxşayım...”
12:35 01-11-2013
CƏMİYYƏT
20 ildir yol gözləyən ana fəryad elədi: “Bircə onu görüm, saçlarını oxşayım...”
Biz onun haqqında bircə bunu bilirdik: o qədər də uzaq olmayan 90-larda, Uzaq Şərqdən azərbaycanlı dostuna qoşulub gəlib. Dost sədaqəti, gənclik romantizmi, ya da sadəcə hansısa maraq üzündən, burasını hələ də tam dəqiqliyi ilə bilmirik. Bunu bircə özü bilir. Başqa heç kim. Bildiyimiz təkcə o odur ki, Bilgəhdə, Qocalar Evində 20 ildir bir nəfər yaşayır. 20 ildir öz kiçik hücrəsinə qapılıb, dərdini heç kimə deməz, bir kimsəyə söyləməz, bir kimsəylə həmsöhbət olmaz, hər keçən gününü sayar, özünə qapılıb, öz dünyasında xəyallar qurar və... Və heç vaxt ağlına da gəlməzdi ki, o bura gələndən 20 il keçəcək və Lent.az saytının iki əməkdaşı onun kiçik hücrəsindən içəri girəcək, onunla həmsöhbət olacaq, nəhayət, bu söhbətdən minlərlə oxucu xəbər tutacaq, onun həyat hekayəsini oxuyacaq, kimisə qəhər boğacaq, kimsə bu inanılmaz və nəfəs kəsən hekayətin həqiqiliyinə şübhə edəcək, kimsə dərindən köks ötürəcək, kiminsə ona yazığı da gələcəkdi.
Elə həmin anda Bilgəhdən 8 min kilometr aralıda, Rusiyanın ucqarlarında, kiçik Obluçye şəhərciyində 77 yaşlı bir ana düz 20 ildir oğlundan xəbər varmı deyə, hər gün poçt qutusunu yoxlayacaq, hər gün qapını döyüb onun qəfil içəri girəcəyinə ümidini itirməyəcək, hətta axtarışa belə verməyə ürəyi gəlməyəcəkdi.
Hə, Lent.az-ın oxucuları bildi söhbət nədən və kimdən gedir. Kimsə bilmirsə və yuxarıda yazdıqlarımız ona maraqlı gəldisə, 15-20 dəqiqənizdən keçin lütfən, sadəcə bu linklərə göz atın:
http://news.lent.az/news/142175
http://news.lent.az/news/142470
http://news.lent.az/news/143747
Və oxuyandan sonra özünüz də əmin olacaqsınız ki, belə bir həyat hekayəsini filmlərdə belə görməmişdiniz!
***
...Zinaida anaya axşam zəng elədik. Gözləmirdi təbii... Qəfil telefon zəngindən diksinən kimi olmuşdu, dəstəyin o başında sadəcə hıçqırıq səsləri gəlirdi...bir də rabitəsiz cümlələr. Vəssalam! Başqa heç nə... Amma bizdən qabaq onu bu kiçik şəhərdə yaşayan həmyerlimiz tapmışdı. Bizim dəqiqləşdirdiyimiz ünvana gedib Momotların doğrudan da bu evdə yaşadığına tam aydınlıq gətirmişdi. Yazıq arvad, bizim zəngimizdən sonra əməlli təlaşa düşübmüş. “Bakıdan gəliblər, oğlun Jenyadan xəbər gətiriblər” - deyən həmyerlimizin Obluçyedə mağazası var. Səhəri diri gözlü açıb, dözə bilməyib, sübh tezdən, saat 7-də üz tutub həmin mağazaya... Mağaza bağlıymış. Bir saat gözləyib, qar yağmağa başlayıb, əyni nazik olduğundan qayıdıb evə.
Biz də elə Obluçyeyə təxminən həmin ərəfədə çatdıq. Şəhər administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Alina Popovanı gələcəyimiz barədə əvvəlcədən xəbərdarlıq etmişdik deyə, kabinetində bizi gözləyirdi:
- Bilirsiz, mən onun bacısıyla, İrinayla danışdım. Düzdür, heç nə demədim, amma dünəndən əlli dəfə zəng edib. Bərk narahatdır, israrla nə baş verdiyini bilmək istəyir. Hə, “Təcili yardım”a da zəng vurmuşam, maşın və həkim ayırıblar. Hər ehtimala qarşı.
- Bəlkə əvvəlcə bacısına deyək?
- İnanın, mən nə deyəcəyimi bilmirəm. Mən, ümumiyyətlə, qorxuram. Birdən arvada bir şey oldu? İrina zəng vurdu bayaq, deyir, dünənki zəngdən sonra zavalı arvad havalı kimidi, əlləri-ayaqları əsir. Bilmirəm. Bəlkə İra, bəlkə özünüz? Amma mən içəri girə bilmərəm. Yox, yox, mən kənarda duraram, sonra gələrəm, gözaydınlığa...
Amma məni düz qapıyacan ötürdü. Kiçik Obluçye şəhərinin lap kənarında balaca taxta evdir. Maşından düşüb balaca, taxta qapını aralayıb içəri giririk. “Təcili yardım” küçənin o başında gözləyir, Alina isə siqareti bir-birinə calaya-calaya evdən aralıda var-gəl edir.
...Evdən itin səsinə çıxırlar. 75-80 yaşlı bir qocadı. Mənə baxıb dərhal yenidən içəri girir. Bu dəfə Zinaida anayla birgə çıxırlar... Düz qarşımda dayanır. Müqəssirəm kimi düz gözlərimin içinə baxır, gözlərimi yayındırıram. Mümkün deyil o gözlərə baxmaq, inanın mümkün deyil. Qəribə çalar alıb bəbəklərinin içi. Bircə kəlmə soruşur, daha doğrusu, sanki ultimatum verir:
- “Hə” denən...
Gülümsəməyimə bənd imiş, üstümə atılır... Nə qədər soyuqqanlı olsam da, özümü saxlaya bilmirəm... O isə... məni iyləməyə başlayır, hə, sözün həqiqi mənasında, əllərimi öpür, barmaqlarımı ovxalayır, ovcumu yanaqlarına sürtür. Dayanmır, dayanmır, az qala çiynimdəki noutbukdan belə 20 ildir nəinki üzünü görmədiyi, sorağını eşitmədiyi oğlu Jenyanın iyini almaq istəyir.
- Sən özün, onu öz gözlərinlə gördünmü oğlum? Xəstə deyil ki? Bəs niyə bir xəbər eləmir neçə vaxtdı? Bilirmi ki, mən sağam? Axı...
Əllərimdən elə yapışıb ki, sanki bu dəqiqə qaçıb gedəcəm, buraxmaq istəmir. Dodağının altında isə nəsə deyir. Rabitəsiz danışır deyə heç nə başa düşmürük.
Bizi qarşılayan qarı birtəhər sakitləşdirir onu. Birlikdə içəri keçirik. Alina da gəlir, gözləri dolub. Amma Zinaida anaya baxıb sadəcə gülümsəyir.
- Gördüz, Zinaida Yeqorovna, hər şey yaxşıdı...
- Qızım, gözlərimin yaşı da quruyub bu illərdə. Ağlamaq istəyirəm yaş da gəlmir. Oğluma ağlamaq istəyirəm, bu günümə ağlamaq istəyirəm, bacarmıram. İlahi, - xaç çevirir – sən mənə bir az da ömür ver, lap azca, bir onu görüm, saçlarını oxşayım, bircə dəfə, vur-tut bircə dəfə.
...Bu dəfə Alinanı sakitləşdirməli oluruq....
- Bir-bir, lap əvvəldən danış, hardadır, nə işlə məşğuldur, niyə bu 20 ildə xəbər etməyib. Hamısını danış.
- Dayanın fotosunu göstərim.
Noutbukun açılmasına belə səbirsizlənir, sanki daha 20 il çəkir onun üçün.
- Odu! Özüdü! Mənim balam, Jenka! Niyə belə qocaldın ay bala?!
Başını divanın kənarına vurur. Noutbukun monitorunu qucaqlayır, qəribə sifət alır, bilmirsən sevinir, ya kədərlidi. Əlini monitorun üstündəki fotoda gəzdirir. Sanki əliylə tutmaq istəyir fotonu, dartıb çıxarmaq istəyir ordan...
- Bu illər ərzində elə bir gecəm olmadı ki, onun üçün dua eləməyim. Hər gün səhər durub poçt qutusunu yoxlayırdım. Hər gün. Həm burda Obluçyedə, həm də əvvəllər yaşadığımız Amurskda. Fikirləşirdim ki, bir parça kağız nədir axı, onu göndərməsin? İşıq, telefon pullarının qəbzi gəlirdi. Bilirdim ki, qəbzdi, amma yenə də diqqətlə oxuyurdum. Arxasına baxırdım. Amurskdan bura köçəndən sonra ordakı evi satdığımız adama tez-tez zəng edirdim ki, bax ha, birdən nəsə teleqram gələr, məktub gələr, xəbər etməzsən. İnan, oğlum, əsəblərim elə pozulmuşdu ki! Bu evi təzə tikmişik, 6-7 il olar. Yazıq Jenyanın heç bundan xəbəri yoxdur. Burda, ümumiyyətlə, bir-iki il rahat yata bilmirdim. Hər gecə evin, həyətin işıqlarını yanılı qoyurdum. Qapımızdan yola kimi qaranlıq olur. Bir gün Saşaya dedim ki, - Saşa dayı Jenyanın atalığıdır, doğma atası Mixail hələ Jenya 5 yaşındaykən dünyasını dəyişib – yola qədər işıq dirəyi quraşdıraq, gecə qaranlıq olur. İnanın, artıq ağlımı itirmək dərəcəsinə gəlib çıxmışdım... Saşa deyirdi neynirsən küçəyə işıq dirəyini, gecə küçəyə çıxırsan ki? Deyirdim uşaqdı, tanımır bu evi, birdən gələr, tapa bilməz qayıdıb gedər (Kövrəlir)
Mən illər öncə Valerini itirdim. Öldürdülər oğlumu. İnan, oğlum, hər gün qəbiristanlığa gedirəm. Orda mənim də yerim var, Jenyanın da. Bax, bu Saşanın da. Hə, şam yandırıram, dua edirəm. Deyirəm, niyə Tanrı bizi belə qarğıyıb axı? Bir oğlumu öldürdülər, qanı batdı, Jenya da belə. Bu uşaqların atası Mixailin, mənim birinci ərimin başına gələnlər daha dəhşətlidir. Jenyanın beş yaşı vardı onda, Valerinin isə üç. Balıqçı idi ərim. Amuru elədən-elə belədən-belə üzürdü qayıqla. Qış idi. Çayı buz bağlamışdı. Buzu deşib balıq tuturdu. Birdən buz qırılıb, bu da qayıq qarışıq suyun altına. Çay da bunu aparıb. O vaxt sovet dövrü idi, gediş-gəliş yox idi. Meyiti çayın Çin tərəfindən çıxmışdı. Vermədilər, basdırdılar, hara atdılar bilmədik. (Kövrəlir) Bizim hökumət nə qədər eləsə də bir xeyri olmadı. O bir dərd oldu mənə. Sonra bunları böyütdüm. Buna bax, gör nə şirin uşaq olub? Sakit, tərbiyəli uşaq idi Yevgeni. Elə Valeri də. İdmanla məşğul olurdu, o vaxt karateyə qadağa qoymuşdular, amma o gizli şəkildə məşğələlərə gedirdi. Eh, nə isə. Danışaram bütün bunları. Sən danış, hardadı o Bakıda? Orda neyləyir axı? Niyə gedib ora?
- Demək sizin də xəbəriniz yoxdu?
- Hardan bilim, ay bala... Bir gün işdən evə yorğun gəlmişdim. Əynimi dəyişdim, yemək bişirməyə başladım. Axşam oldu, Valeri gəldi. Dedim, qardaşın hanı? Qayıtdı ki, bilmirəm. Amma hiss edirdim ki, yalan danışır, bilir. Səsimi qaldırdım, atasının ruhuna and verdim, xeyri olmadı. Bircə onu dedi ki, dostuyla bir yer var, ora dəyib gələcək. Vəssalam...
Zinaida ana oğlunu səhərə kimi gözləyir. Üç gün də keçir. Səbri çatmır, milisə ərizə verir, özü isə işdən çıxır, Amur çayının keçdiyi bütün yaşayış məntəqələrini dolaşır, bəlkə kimsə nəsə görüb deyə. Ananı ən çox narahat edən Jenyanın çayda boğulması olub. Amma bir ay keçir heç bir xəbər çıxmır. Onda qərara gəlir ki, axtarışa versin.
Jenya isə həmin vaxt...
- Jenyanın qardaşını kimlər və niyə öldürüb?
- Zinaida ana hər həftə niyə motokross yarışlarına baxmağa gedir?
- O, Qarabağa təkcə azərbaycanlı dostunamı görə gedib?
- Bu 20 ildə Jenya evlərinə niyə bircə dəfə də olsa məktub yazmayıb? Xəbər etməyib?
- Və nəhayət, Parol : “Dojd stuçit tvoyo okno!”...
Bu nə sirr? Bu nə müəmma?
Bir sözlə, hər şey yenidən başlayır...
Ardını gözləyin, əsəbləri tarıma çəkən, müəmmalarla dolu hekayəti qaçırmayın!
Səbuhi Məmmədli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33