Avropa+Rusiya= bizlər
13:22 23-11-2013
İQTİSADİYYAT
Avropa+Rusiya= bizlər
Ukrayna sözünü dedi, Azərbaycan isə səbr edir
Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. Qərar Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub: "Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir".
Bundan başqa, daxili bazarın Ukrayna və Avropa Birliyi ölkələri arasında paritet münasibətləri təmin edəcək səviyyədə formalaşdırılması da qərarın məqsədlərindən biridir.Baş nazir Nikolay Azarov Xarici İşlər Nazirliyi, İqtisad İnkişaf Nazirliyi və Sənaye Siyasəti Nazirliyinə tapşırıb ki, Rusiya və AB-yə bu məsələlərin işlənməsi üçün üçtərəfli komissiya yaradılmasını təklif etsinlər. Eyni zamanda adı çəkilən nazirliklərə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi üçün MDB və Gömrük İttifaqı ölkələri ilə dialoqu bərpa etmək də həvalə olunub. Xatırladaq ki, AB assosiasiya sazişinin əsas şərti kimi sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılaraq xaricdə müalicəyə göndərilməsini tələb edirdi. Ukrayna rəhbərliyi əvvəlcə bu şərtə etiraz etməsə də, sonradan fikrindən daşınıb və Y. Timoşenko haqqında parlamentdə hazırlanan qanun layihələri hakimiyyətdəki Regionlar Partiyası və onun müttəfiqlərinin səsləri ilə rədd edilib. Beləliklədə Ukrayna seçimini etdi və bu seçimlə üstünlük Rusiyaya keçdi. Çünki regionun Rusiya təsirində qalmasını zəiflədən əsas güclərdən biri də Ukrayna idi. Ukrayna rəsmiləri öncədən bəyan etmişdilər ki, Avropa İttifaqına üzv olacaqlar və NATO-ya daxil olmaq üçün hazırlıq işləri aparılacaq. Ukraynanın belə xətt tutması isə sözsüz ki, Rusiyanı narahat edirdi. Çünki Ukrayna qərbin qapısı hesab edilirdi və Ukrayna ilə paralel Gürcüstan və Azərbaycan faktoruda mövcud idi. Buna görə Rusiya üçün vacib məsələ Ukrayna ilə müttəfiqliyi qorumaq idi. Amma Ukraynanı razı salmaq o qədərdə asand deyildi. Məhz buna görə Rusiya Ukrayna ilə də təhdid dilində danışmağa başladı və Vladimir Putin bəyan etdi ki, Ukrayna Avropa İttifaqı ilə danışıqlara gedərsə Rusiya Ukraynaya qazı beynəlxalq qiymətlərə uyğun verəcək və digər iqtisadi əlaqələr kəsiləcək. Bu isə faktiki Ukraynanın çöküşü demək idi. Bundan başqa aydın oldu ki, Ukrayna rəhbərliyi ilə Avropa İttifaqı arasında Timoşenko problemi var. Çox qəribədir ki, Avropa İttifaqı bir tərəfdən MDB ölkələrini Rusiyanın caynağından qurtarmaq istəyir, bu biri tərəfdən isə təzyiqləri artırmaqla bu ölkələri Rusiyanın ağuşuna atırlar. Məhz bu yanlış siyasətə görə Avropa İttifaqı bu günə qədər regiona müdaxilə edə bilmir. Gəlin maraqlı bir məqama baxaq. Ermənistan tam olaraq Rusiyanın təsir dairəsindədir, qərblə əməkdaşlığa maraqlı deyil və Gömrük İttifaqına sevinə-sevinə üzv olur. Bunun qrşılığında isə Avropa İttifaqı Ermənistanda keçirilən qeyri-demokratik seçkiləri demokratik hesab edir və təbriklər sıralanır. Azərbaycana gəldikdə isə, bu ölkə qərbin enerji təhlükəsizliyini tam təmin edir, Rusiyanın regiona müdaxiləsinin qarşısını alır, qərbyönlü kurs götürən Gürcüstanın çöküşünün qarşısını almaq üçün Rusiya ilə üz-üzə gəlir və bunun qarşılığında Avropa İttifaqı az qala Azərbaycanda keçirilən seçkiləri əsrin ən qanunsuz seçkiləri adlandırır. Belə olan halda Azərbaycan və ya digər dövlətlər Avropa İttifaqının səmimiliyinə necə inansınlar? Bunu da qeyd edək ki, Ukraynanın belə qərar qəbul etməsi Avropa Birliyini şoka salıb. Avropa Birliyi Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya haqqında sazişin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarından məyus olduğunu bildirib.Bu barədə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton bəyan edib. "Biz düşünürük ki, bu qərardan tək Avropa Birliyi yox, Ukrayna xalqı da məyus olub", deyə o bildirib.
"AB-nin öz hüdudlarından kənarda təklif etdiyi bu cür ambisiyalı sazişin imzalanması ilə Ukrayna gələcəkdə islahatlar kursunu möhkəmləndirəcəkdi və bütün dünyanın sərmayəçi və beynəlxalq maliyyə təsisatlarına özünün beynəlxalq bazarlarda necə etibarlı və ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdi", deyə Eşton bildirib.
Onun sözlərinə görə, saziş Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə yeni razılaşmanın əldə olunması ilə bağlı danışıqlarına təkan verəcəkdi və ölkəyə qoyulan xarici sərmayələrin həcmini artıracaqdı.
"Biz Ukraynanın gələcəyinin AB ilə sıx münasibətdə olacağına inanırıq və Ukrayna xalqı qarşısında üzərimizə götürdüyümüz və ona rifah gətirəcək öhdəliklərə sadiq qalırıq", deyə Eşton bildirib.Maraqlıdır, bəs Ukraynanıın bu qərarından sonra Azərbaycan hansı addımı ata bilər?
Öncəliklə,gəlin Ukraynanın üçtərəfli danışıqlar təklifinə verilən münasibətə baxaq.
"Ukrayna Nazirlər Kabinetinin üçtərəfli formatda Avropa Birliyi-Ukrayna-Rusiya danışıqlarının keçirilməsi barədə təklifi çıxış yolu deyil və belə bir presedent yoxdur".AB-yə sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus belə bəyanatla çıxış edib.
L. Linkyaviçyus bildirib ki, AB-nin ikitərəfli danışıqlar barədə Ukraynaya təklifi qüvvədədir və üçüncü tərəfin bu prosesdə rol alması mümkün deyil: "Avropa Birliyi həmişə deyib ki, assosiasiya sazişini Ukrayna buna hazır olduqda imzalamağa hazırdır və lazımi islahatların aparılmasına dair qəti seçim etmək ukraynalıların üzərinə düşür. Bu yolda görülən işlər nəzərə alındıqda biz Ukrayna hökumətinin son qərarından təəssüflənirik".
Nazir qeyd edib ki, Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna xalqının Avropaya can atma arzusunu gerçəkləşdirmək üçün siyasi təşəbbüsü öz əlinə almalıdır: "Ukrayna 46 milyon əhalisi ilə son illər Avropa Birliyinə yaxınlaşıb. Göründüyü kimi, Ukrayna xalqı Avropa ailəsinə aid olmağa qərar verib". Gördüyünüz kimi Avropa Birliyi bu dəfə sürüşkən mövqe ilə razılaşmaq niyyətində deyil və verilən bəyanat göstərir ki, Avropa Birliyi ilə Rusiya açıq savaşa hazırlaşır. Bu baxımdan yanaşsaq Azərbaycan üçündə çətin anların olacağını proqnozlaşdırmaq olar. Amma hazırda Azərbaycan tərəfinin mövqeyindən aydın olur ki, neytrallığı sona qədər qorumaq yolu seçilb. Məsələn, Azərbaycan Avropa Birliyinə və ya NATO-ya daxil olmaq niyyətində deyil və bunu açıq şəkildə bəyan edib. Bununla yanaşı Azərbaycan həm də Avropa Birliyi ilə bir sıra sazişləri Rusiyanın təzyiqlərinə baxmayaraq imzalamaq niyyətindədir. O cümlədən yəqin ki, yaxın günlərdə sadələşdirilmiş viza layihəsini də qəbul edəcək. Bununla yanaşı Azərbaycan Avropa Birliyinə qatılmadığı kimi Gömrük İttifaqına da qoşulmaq niyyətində deyil. Ancaq Rusiya ilə ticari əlaqələri gücləndirməyə çalışır. Bütün bunlar isə sübut edir ki, Azərbaycan hər iki tərəfdən maksimum dərəcədə kənarda durmağa çalışır. Ekspertlər hesab edir ki, məhz bu amilə görə Rusiya sona qədər Azərbaycana təzyiq edə bilmir. Amma Ukraynanın belə bir mövqe seçməsi Azərbaycan üçün problemlər yarada bilər. Çünki öncələr Azərbaycan-Ukrayna-Gürcüstan üçlüyü mövcud idi və Rusiyanın basqısına qarşı üçlük birlikdə duruş gətirə bilirdi. İndi isə Ukrayna bu sıradan çıxmaq üzrədir və nəticədə Azərbaycan hədəfdə olacaq. Amma bir məqamda var ki, Ukrayna da Azərbaycan xəttini seçərsə vəziyyət stabilləşə bilər. Söhbət Avropa Birliyindən imtina edən Ukraynanın həm də Gömrük İttifaqından imtina etməsi ehtimalıdır. Əgər bu olarsa Rusiyanın təzyiqləri sona qədər olmayacaq.Sonda bunu da qeyd edək ki, Ukraynanın çıxartdığı bu qərar ölkənin siyasi həyatına da mənfi təsir göstərə bilər. Ən azından kütləvi aksiyalara start veriləcək. Artıq bununla bağlı ilk siqnallar eşidilməyə başlanıb. Belə ki, Ukraynanın "Batkibşina" müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuk bəyan edib ki, prezident Viktor Yanukoviç Rusiya hakimiyyəti ilə 20 milyard dollarlıq "sövdələşməyə" gedib. Onun fikrincə, bu məbləğin bir hissəsi onun 2015-ci ildə yenidən prezident seçilməsinə sərf olunacaq. Yatsenyukun fikrincə, Yanukoviç bu pulun məbləğində Ukrayna ilə Avropa İttifaqı arasında müqavilə imzalamaqdan imtina edib: "Yanukoviç özünün ikinci dəfə prezident seçilməsinə Rusiyadan qarantiya almaq üçün alver edib".Bunu da vurğulayaq ki, Rusiya kimi Avropa Birliyidə təzyiq dilində danışmağı sevir və bunu Ukraynada rahatlıqla həyata keçirə bilər. Çünki Azərbaycandan fərqli olaraq Ukraynada kifayət qədər güclü müxalifət var və narıncı inqilab zamanı bunun şahidi olduq. Bundan başqa Ukraynadakı aparıcı müxalifət partiyalarının əksəriyyəti məhz qərbin dəstəyi və maliyyəsi ilə formalaşıb. İstənilən an bu qüvvələri hərəkətə gətirmək mümkündür. Buda vurğulanır ki, yaxın vaxtlarda Ukrayna prezidentinə inamsızlıq məsələsi Ali Radada müzakirəyə çıxarılacaq. Beləliklə Ukrayna atdığı bu addımla regionda ciddi bir qabarma yaratdı. Amma bu qabarma deyəsən heç də Ukraynanın milli maraqlarına cavab verməyəcək. Çünki Ukrayna enerji məsələsində nə qədər Rusiyadan aslı durumdadırsa, digər resurslara görə də Avropa Birliyinin təsirindədir. Ukraynanın ortaq mövqe tutmaq şansı isə əlindən alındı. Düzdür Ukrayna son söz dedi. Amma bu deyəsən heç də hakimin son sözü deyil. Bu daha çox müttəhimin yalvarış dolu son sözü oldu. Hakimlər isə qərarını hələ
açıqlamayıb
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53