Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru, rejissor Tofiq İbrahim oğlu Mirzəyev 94 yaşında İsraildə vəfat edib.
16 iyun 1932-ci ildə Gədəbəy rayonunda anadan olan Tofiq Mirzəyev uzun illər ərzində Azərbaycan teatrı, kino və televiziya sənətinin inkişafına dəyərli töhfələr verib, zəngin yaradıcılığı ilə milli mədəniyyət tarixində özünəməxsus yer tutub.
Tofiq Mirzəyev geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan görkəmli sənətkar kimi "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq", "Təhminə", "O qızı tapın" və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino salnaməsində silinməz iz qoyub. O, aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də uğurla çalışaraq milli televiziya və ekran mədəniyyətinin inkişafında mühüm xidmətlər göstərib.
Sənətkarın çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 2022-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, həmin ildə "Şöhrət" ordeni ilə təltif edilib. Tofiq Mirzəyev, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Ömrünün son illərini İsraildə keçirməsinə baxmayaraq, Tofiq Mirzəyev doğma Vətəninə, Azərbaycan xalqına və milli mədəniyyətinə bağlılığını daim qoruyub saxlayaraq, incəsənətimizin təbliği istiqamətində fəaliyyətini davam etdirib.
Tofiq Mirzəyevin vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir. Onun zəngin yaradıcılıq irsi, yaratdığı bənzərsiz obrazlar və sənətə verdiyi töhfələr xalqımızın mədəni yaddaşında daim yaşayacaq.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Tofiq Mirzəyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.





.jpg)
























.png)


















