Füzuli rayonunda yolların inşası zamanı miliyonlar göyə sorulur
10:59 26-11-2013
İQTİSADİYYAT
Füzuli rayonunda yolların inşası zamanı miliyonlar göyə sorulur
Alı Alıyev yolların çəkilişin öz dostunun şirkətinə həvalə edib,ekspertlər isə icra başçısın günahlandırdılar
Samir Əliyev:
“Prezidentin ehtiyat fondundan və yaxud ümumiyyətlə dövlət büdcəsindən rayonlarda aparılan təmir və tikinti, yolsalma işləri üçün vəsiatlərin təyinatı üzrə düzgün şəkildə xərclənməsində qaranlıq məqamlar çoxdur”
Əli Bayramlı: “İcra hakimiyyətlərinə ayrılan investisiya xərclərini incələdikdə burada sosial yönümlü xərclərin çox az olduğunu görmək olar”
Füzuli rayonunda yeni yolların inşası zamanı bəzi şübhəli məqamlara yol verilir. Bu barədə səslənən iddialara görə, rayona həmin məqsədlə ayrılan vəsaitləri icra başçısı Alı Alıyev öz yaxın dostuna məxsus olan şirkətin sərəncamına keçirir.
Həmin iddialarla bağlı detallı şəkildə danışmamışdan əvvəl qeyd edək ki, indiyədək Füzuli rayonuna yol tikintisi ilə bağlı müxtəlif vaxtlarda iri məbləğdə dövlət vəsaitləri ayrılıb. Sonuncu dəfə bu ilin oktyabrında Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında prezident sərəncamına əsasən, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Füzuli Rayon İcra Hakimiyyətinə ayrılıb.
Bunadək isə müxtəlif vaxtlarda Füzuli Rayon İcra Hakimiyyətinə yol tikintisi ilə bağlı müxtəlif həcmdə dövlət vəsaitləri ayrılıb; amma sonradan həmin vəsaitlərin necə xərcləndiyi yönündə KİV-də müxtəlif iddialar yer alıb. Məsələn, 2011-ci ilin yayında Əhmədbəyli-Alxanlı-Zobucuq avtomobil yolunun tikintisi üçün 7 milyon manat rayon icra başçısı Alı Alıyevin sərəncamına verilsə də, sonradan mətbuat yazıb ki, həmin yol Bakı-Füzuli-Ağdam magistral yolu olduğu üçün ancaq yolun üzərinin asfalt örtüyü üzündən təmir edilib. Ayrılmış vəsaitin isə hara xərclənməsi məlum olmayıb. Sözügedən magistiral yolu əks etdirən “Ala qapı” adlanan yol göstəricisi ləğv edilmiş, əvəzinə həmin yerdən iki kilometr qabaqda, kiçik bir yol göstəricisi yolun kənarında vurulub.
Bundan başqa, Alı Alıyevin Fuzuli rayonuna rəhbərliyi dövründə Horadiz qəsəbəsinin yenidən qurulması və abadlaşdırılması məqsədi ilə ayrılan təxminən 15 milyon manata yaxın vəsaitin önəmli bir hissəsi də yol tikintisi üçün sərf edilib. Amma bu işlərin də keyfiyyətli görüldüyü və xərclənən vəsaitlərin şəffaflığı məsələsində ciddi şübhələr hökm sürməkdədir.
Ümumiyyətlə, Füzulidə yolların tikilməsi və abadlıq işləri məqsədilə təkcə son 3 ildə bu rayona dövlət büdcəsindən və digər qaynaqlardan ayrılan vəsait10 milyon manatdan çox olsa da, həmin pulların xərclənməsi ilə bağlı şəffaflıq sahəsində ciddi problemlər var və elə buna görə də icra başçısı Alı Alıyev KİV tərəfindən ciddi şəkildə tənqid edilir. Qarşı tərəf bu tənqidlərlə razılaşmasa belə, ortaya çıxan yeni iddia indiyədək səsləndirilən şübhələri bir az da dərinləşdirilir.
Bəzi məlumatlarda bildirilir ki, rayonda yeni yolların çəkilməsi və müxtəlif yolların yenidən qurulması ilə bağlı ayrılan vəsaitlərin bir hissəsinin əvvəlcədən mənimsənildiyi və yaranmış boşluğun sahibkarlardan toplanan pullar hesabına doldurulduğu yönündə də iddialar səslənməkdədir. Məsələn, bu ilin yanvarında belə xəbərlər yayılmışdı ki, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Horadiz qəsəbəsində dəmiryolu stansiyasına gedən yola üzlük daşlar vurdurur. Həmin işi görən iş icraçısı isə ərazidə olan bütün dükan, market və digər iş sahiblərindən Alı Alıyevin adından pul tələb edir. Vəziyyətdən şikayətlənən sahibkarlar isə polis və vergi orqanlarının adı ilə hədələnir.
Bütün bunları qeyd etdikdən sonra ortaya çıxan yeni iddianın üzərinə qayıdaq. Yazının əvvəlində də qeyd edildiyi kimi, rayon icra başçısının yol tikintisi üçün Füzuliyə ayrılan pulları yaxın dostu Xaləddinə məxsus şirkət vasitəsilə xərcləyir. İcra başçısının həmin dostunun həm də Bakıda “Məxməri” adlı restoranının olduğu bildirilir.
Əslində, qanunvericiliyə əsasən, dövlət vəsaitlərinin xərclənməsi zamanı şəffaflığın təmin edilməsi üçün görüləcək işlərin icrasının həvalə edildiyi firma və şirkətlər tender yolu ilə müəyyənləşdirilməlidir. Amma Alı Alıyevin bu məqsədlə özünə yaxın bir şirkəti seçməsi, ən azı, həmin qanunvericilik tələbinin pozulması kimi qiymətləndirilməlidir və bu, məlum şübhələri, ortada korrupsiya hallarının ola biləcəyi yönündə ehtimalları xeyli qüvvətləndirir. Füzuli rayonundakı bu müəammalı yol çəkilişi ilə bağlı vəsaitlərin ayrılmasını “Unikal”a şərh edən
ekspert Samir Əliyev bildirib ki, “Prezidentin ehtiyat fondundan və yaxud ümumiyyətlə dövlət büdcəsindən rayonlarda aparılan təmir və tikinti, yolsalma işləri üçün vəsaitlərin təyinatı üzrə düzgün şəkildə xərclənməsində qaranlıq məqamlar çoxdur. Bu da ondan irəli gəlir ki, həmin vəsaitlərin xərclənməsi birbaşa rayon icra hakimiyyətləri başçılarının sərəncamında olur və onlar ictimai qurumların qarşısında hesabatlı deyillər. Yəni bu pulların sərf edilməsi prosesində ictimai iştirakçılıq təmin edilmir. Nəticədə də ictimaiyyət arasında, o cümlədən də bu mövzu ilə maraqlanan media mənsublarında haqlı olaraq bir sıra şübhələr meydana çıxır. Rayon icra hakimiyyətləri sərf edilmiş vəsaitə görə Maliyyə Nazirliyi və Hesablama Palatası qarşısında cavabdehdir ki, bu da qapalı bir çevrənin yaranmasına gətirib çıxardır”.
Ekspertin sözlərinə görə, “Sözügedən vəsaitlərin düzgün və təyinatı üzrə xərclənməsində yaranan şübhələri aradan qaldırmaq üçün ictimai iştirakçılığa yer verilməlidir. İctimai iştirakçılıq olmayan yerdə şayiələr və müəmmalı məqamlar yaranmağa başlayır. Bu baxımdan Avropa dövlətlərində olduqca səmərəli praktika yaranıb. Bu praktikadan istifadə edilməsi bizdə də yaxşı nəticələr verə bilər. Avropada bu cür vəsaitlər dövlət tərəfindən yerli bələdiyyələrin hesabına köçürülür ki, təmir-tikinti və s. işlərlə bələdiyyələr məşğul olsun. Bələdiyyələr seçkili orqan olduğuna görə həm seçicilər, həm vətəndaş cəmiyyəti qurumları, həm də media qurumları qarşısında hesabat verməlidirlər. Yəni bu variantda ictimai iştirakçılıq təmin edildiyindən maliyyə maxinasiyalarına yol verilməsi ehtimalı xeyli azalır”. Samir Əliyevin dediklərini inkişaf etdirərək ekspert Əli Bayramlı “Unikal” dedi ki, “İcra hakimiyyətlərinə ayrılan investisiya xərclərini incələdikdə burada sosial yönümlü xərclərin çox az olduğunu görmək olar. Ümumiyyətlə, bu il icra qurumları investisiya bölgüsündə ən böyük paya sahib olublar. O da Təhsil Nazirliyinin təmir-tikinti idarəsinin səlahiyyətlərinin məhdudlaşdırılmasından sonra baş verib. Çünki icra hakimiyyətlərinə yönələn əsaslı vəsait qoyuluşunun 99 faizini təhsil sahəsi tutur. “2009-2013-cu il Regionların Sosial İqtisadi İnkişafı ilə bağlı Dövlət Proqramı” ilə əlaqədar hər hansı bir məbləğ nəzərdə tutulmayıb. “2009-2013-cu illər regionların soisal-iqtisadi İnkişafı üzrə Dövlət Proqram”ının icrası ilə bağlı hesabatına nəzər yetirsək, təkcə aran rayonlarına 3 milyard manatdan çox vəsait yatırılıb. Ümumilikdə isə 10 milyard manatdan çox pul istifadə edilib. Əlbəttə, burada icra hakimiyyətlərinin üzərinə bir sıra öhdəliklər qoyulub. Müxtəlif istiqamətlərdə investisiya vəsaitləri ilə yanaşı, icra hakimiyyətlərinə dövlət büdcəsindən birbaşa xərclər də ayrılır. Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2012-ci ildə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 791,4 milyon manat olub. Çünki ümumi respublika üzrə (Bakı istisna olmaqla) şəhər və rayonların gəlirləri cəmi 499,4 milyon manat proqnozlaşdırılır ki, bu da çox acınacaqlı haldır. Ötən il yerli xərclərlə gəlirlərin tənzimlənməsi üçün hökumət 2011-ci ilin dövlət büdcəsindən 858,8 milyon manat ayırmağa məcbur olub”.
Şakir Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17