Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində çimərlik ərazisinə çirkab suların axıdıldığı iddiası ilə bağlı görüntülər yayılıb.

"Unikal" Xəzərxəbər-ə istinadən xəbər verir ki, sakinlərin bir qismi borudan kanalizasiya sularının dənizə axıdıldığını iddia etsə də, digərləri bunun qrunt suları olduğunu bildiriblər.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti isə açıqlamasında axıdılan suyun kanalizasiya və ya tullantı suyu deyil, qrunt suları olduğunu bəyan edib. Qurumun məlumatına görə, laborator analizlər zamanı məişət və ya fekal çirklənmə aşkarlanmayıb və suyun dənizə axıdılması ətraf mühitə mənfi təsir göstərmir.