Biznesdə sosial layihə: ekspertlər hökumətə təklif verdi
11:19 26-11-2013
İQTİSADİYYAT
Biznesdə sosial layihə: ekspertlər hökumətə təklif verdi
Korporativ sosial məsuliyyətini necə inkişaf etdirməli?
İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycanda korporativ sosial məsuliyyətlə (KSM) bağlı vəziyyəti araşdırıb. "Noyabrın 25-i bununla bağlı keçirilən konfransda araşdırmanın müəllifi Tural Abbaslı deyib ki, Azərbaycanda KSM qavrayışı şirkətlərin fəaliyyət istiqamətlərindən asılı olaraq dəyişir: "Ölkədə bank sektoru, mobil rabitə operatorları və neft şirkətləri KSM-lə bağlı daha fəaldır. Bəzi şirkətlər isə KSM fəaliyyəti həyata keçirdiyini hesabatlarında qeyd etsələr də, əslində KSM-lə bağlı heç bir fəaliyyət göstərmirlər.
Ümumilikdə KSM nəinki ictimaiyyət üçün, hətta onu həyata keçirən şirkətlər üçün anlaşılan səviyyədə deyil. Bu sahədə maarifləndirməyə ehtiyac var. İqtisadiyyatın sektorları üzrə KSM qavrayışını təhlil etsək, məlum olar ki, tikinti təmir şirkətləri, eləcə də yeyinti və yüngül sənayedə fəaliyyət göstərən şirkətlər sosial layihələrə biganə münasibət göstərirlər".
Tural Abbaslı qanunverici bazanın yoxluğunu, məlumatlılığın az olmasını, KSM üzrə kadr çatışmazlığını, materialların olmamasını, şirkətlərin bir-biri ilə təcrübə mübadiləsi etməməsini əsas problemlər kimi qeyd edib: "Azərbaycanda bəzi şirkətlər BMT-nin korporativ sosial məsuliyyət üzrə çağırışına qoşulub. KSM Azərbaycan sosial şirkəti 2012-ci ildə yaradılıb. Şirkətin əsas missiyası müxtəlif biznes nümayəndələrinin sosial, iqtisadi və ekoloji mövzulardakı məsuliyyətlərinin yerinə yetirilməsinə yardımçı olmaq, KSM sahəsində maarifləndirmə işinin aparmaqdır.
Hökumətin korporativ sosial məsuliyyətin tətbiqi istiqamətində məqsədyönlü fəaliyyəti 2008-ci ildə Beynəlxalq Maliyyə Korporasiyası və İqtisadiyyat və Sənaye Nazirliyinin birgə həyata keçirdiyi "Azərbaycan korporativ idarəetmə layihəsi" çərçivəsində aparıldı. Layihə çərçivəsində Korporativ Etika Məcəlləsi hazırlanıb.
QHT-lərə Dövlət Dəstəyi Şurası biznes strukturları ilə QHT-lər arasında münasibətlərin inkişafına təşəbbüs göstərib. Korporativ sosial məsuliyyət haqqında qanun layihəsi 2011-ci ildə müzakirəyə çıxarılsa da, ona münasibət bir mənalı olmadı. Milli Məclisə təqdim edilməsi nəzərdə tutulsa da, bəzi millət vəkilləri bildiriblər ki, dünyada təcrübəsində KSM sahəsində qanun anlayışı yoxdur. Sənədin xartiya kimi təqdim olunması daha məqsədəuyğun hesab edilib".
Ekspert KSM-lə məşğul olan şirkətlərə neft sektoru (ARDNŞ, BP), banklar (Paşa bank, Bank Technique, Atabank), mobil operatorlar ("Bakcell", "Narmobile", "Azercell") nümünə göstərib: "Ölkə banklarının KSM barədə təsəvvürləri Mərkəzi Bankın bu sahədə qabaqcıl mövqeyi sayəsində artıb".
Tural Abbaslı KSM-in inkişafı ilə bağlı təkliflərini verib:
- KSM-in inkişafı üçün stimulverici tədbirlərin həyata keçirilməsi (vergi güzəştlərinin tətbiqi, müvafiq vergilərdən azadolmalar və s.);
- Korporativ sosial məsuliyyət mədəniyyətinin inkişafı ilə bağlı maarifləndirmə işinin aparılması;
- Hökumət və biznes strukturlarının beynəlxalq çağırışlara qoşulması;
- Hər bir şirkət üçün korporativ idarəetmə standartlarının hazırlanması və sosial məsuliyyət məcəlləsinin işlənilməsi, şirkətlərin sosial hesabat artırılmasına təşviq olunması;
- Korporativ sosial məsuliyyət sahəsində hökumət, biznes strukturları və vətəndaş cəmiyyəti üçbucağının daha səmərəli fəaliyyətə keçməsi; korporativ sosial məsuliyyətin inkişafı üçün iri və orta biznes strukturlarında müvafiq institusional struktur islahatlarının aparılması;
- Hökumət və yerli özünüidarəetmə orqanlarının KSM sahəsində illik prioritetlərini müəyyənləşdirib elan etməsi;
- Xarici transmilli korporasiyaların Azərbaycanda KSM siyasəti həyata keçirərkən yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa üstünlük verməsi.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53