Qarabağ düyününün açılışı
Qarabağ düyününün açılışı

Türkiyənin mövqeyi Azərbaycana xəyanətdirmi?

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi. Ən maraqlısı isə budur ki, prezidentlər arasında yeni görüşün olması da planlaşdırılır. Bu isə o deməkdir ki, ortada ahansısa layihə var və növbəti görüşdə bu layihənin qəbulu gözlənilir. Bu arada Türkiyə mətbuatında maraqlı bir iddia ortaya çıxıb.

Türkiyə yanaşması

Türkiyədə hökumətə yaxın "Sabah" qəzeti Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi iki rayondan çıxmağa hazır olduğuna dair məlumat yayıb. "Ermənistanla ilişgilərdə sürpriz: çəkilmə başlayır" başlıqlı xəbərdə deyilir ki, xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan münasibətlərinə dair "bəzi yaradıcı ideyalarla, yeni düşüncələrlə irəliləməyə çalışırıq" mesajının detalları məlum olub. "Ankara Davudoğlunun ABŞ təmasları və baş nazir Ərdoğanın Putinlə görüşündə də gündəmə gələn Qafqazda sülh məsələsi üçün yeni yol xəritəsi hazırlayıb. Ermənistan hökuməti Azərbaycanla xroniki problemə çevrilmiş Dağlıq Qarabağdakı iki rayondan çəkilməyi şifahi olaraq qəbul etdi. Türkiyə isə Ermənistandan bunu rəsmən olaraq bəyan etməsini istəyir. Əgər Ermənistan belə bəyanat versə, Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün İrəvana gedəcək" - deyə qəzetin xəbərində bildirilir."Sabah"ın yazdığına görə, diplomatik mənbələr Azərbaycanın zəngin enerji qaynaqları sayəsində böyük inkişaf içində olduğunu, buna qarşı Ermənistanın uduzduğunu bildirərək bu düyünü açmağın zamanı gəldiyini düşünür."Bir açıqlama verilir, 7 rayonun 2-dən çəkilmə başlayır, buna cavab olaraq da Türkiyə-Ermənistan münasibətləri normallaşır" - deyə diplomatik qaynaqlar bildirir.Qeyd edək ki, bundan əvvəl də Türkiyə qaynaqları Ermənistanın iki rayondan çəkilməsinin əvəzində İrəvanla münasibətlərin normallaşması məsələsinin gündəmdə olduğu haqda xəbərlər yayıblar. Ermənistan tərəfi isə hər dəfə bu xəbərlərin uydurma olduğunu bildirir. Ekspertlər hesab edir ki, bu variant mümkün variantdır və Ermənistan bunu qəbul edə bilər.

Ermənistanda
yeni dalğa

Ən azından ona görə ki, hazırda Ermənistanda bir sıra vətəndaş cəmiyyətləri yeni çağırışla gündəmə gəliblər. Belə ki, müəyyən qurumlar hesab edir ki, Azərbaycanla barışıq əldə edilməli və sərhədlər açılmalıdır. Bu baxımdan hesab etmək olar ki, Ermənistan cəmiyyəti güzəştə hazırlıq görür və sabah Ermənistan prezidenti güzəştə getmək fürsəti qazana bilər. Azərbaycan tərəfinə gəldikdə isə hesab etmək olar ki, Dağlıq Qarabağa yüksək statusun verilməsi variantı ilə cəmiyyət razılaşa bilər. Amma bir məqam var ki, bu variant Azərbaycana nə qədər sərf edər? Çünki iki rayonu Ermənistan qaytarmaqla Türkiyə ilə sərhəddi açaraq , Azərbaycanın tətbiq etdiyi blokadadan çıxa biləcək. Nəticədə Ermənistan iqtisadiyyatında ciddi inkişaf baş verəcək və heç kəs təminat verə bilməz ki, Ermənistan bundan sonra digər rayonların geri qaytarılmasına razılıq versin. Buna görə də müşahidəçilər hesab edir ki, Azərbaycan bundan öncə ki, variantı daha məqbul hesab etməlidir. Söhbət Dağlıq Qarabağ ətrafı rayonların azad edilməsindən və sonra Dağlıq Qarabağın taleyi ilə bağlı danışıqlara başlamaqdan gedir.
Türkiyə hiyləsi?

Ekspertlər buna görə də hesab edirlər ki, Azərbaycan tərəfi aktiv şəkildə Türkiyə ilə danışıqlara başlamalı və bu prosesi dayandırmalıdır. Çünki hazırki variant hər tərəfli Ermənistanın maraqlarına cavab verir. Belə ki, Ermənistan sərhədlərin açılması ilə bir tərəfdən iqtisadiyyatını bərpa edəcək, bir tərəfdən Avropaya bir başa çıxış əldə edəcək və nəhayətində dünyada sülhsevər bir dövlət kimi tanınacaq. Əvəzində isə Dağlıq Qarabağa sahiblənməyə nail olacaq və Azərbaycan illərdi ki, həyata keçirtdiyi blokada siyasətindən imtina etməli olacaq. Buna görə hesab edilir ki, təxirəsalmadan bu diplomatiyanı durdurmalıdır. Bunu da qeyd edək ki, qərb və ABŞ-da bu layihəyə dəstək verməklə Azərbaycanın meydanda tək qalmasına nail olacaqlar. Hələ iki il öncədə qərb diplomatları belə bir təklif vermişdilər və Türkiyə gizli şəkildə Ermənistanla danışıqlar aparmışdı. Sadəcə olaraq o zaman Türkiyə cəmiyyəti Türkiyə hökümətini çıxılmaz duruma saldılar və nəticədə Ərdoğan geri çəkildi. İndi isə bu aktivlik olmayacaq və Türkiyə cəmiyyəti hardasa bu siyasətlə barışacaq. Çünki ortada iki rayonun azad olunması məsələsi var.Amma bu məsələdə Rusiya faktorunuda unutmaq olmaz.

Rusiyanın şərtləri

Maraqlıdır, bəs Türkiyə belə bir razılaşmaya gedərsə Rusiyanın mövqeyi necə olacaq? Müşahidəçilər məsələyə iki prizmadan baxmağı tövsiyyə edirlər. Birinci variant sözsüz ki, Avrasiya İttifaqı ilə bağlı olacaq. Azərbaycan şərtsiz olaraq Avrasiya İttifaqına üz tutarsa Rusiya nəinki 2 rayonun , hətta Dağlıq Qarabağ ətrafındakı bütün rayonların boşaldılaması üçün Ermənistana təzyiq edə bilər. Elə son zamanlar Kremlə yaxın olan diplomatların və analitiklərin bu ideya ilə çıxış etmələri də buna əyani misaldır. Həmçinin son günlər Ermənistanda Rusiya ilə bağlı narazılıqlar artıb və müxtəlif aksiyala təşkil edilir. Hətta Rusiyaya təzyiq üçün təklif edilir ki, rus bazası ölkədən çıxarılsın. Çünki Ermənistanda da artıq bilirlər ki, Rusiya üçün daimi müttəfiq olmur və öz maraqları üçün istənilən an Ermənistanı qurban verərlər. Elə buna görə də hazırda Putinin Ermənistana səfərinə qarşı çıxışlar edilir və yüz minlik mitinqlərin təşkil olunacağı gözlənilir. Həmçinin Ukraynadan sonra Ermənistan cəmiyyəti də Avrasiya İttifaqına qarşı bəyanatlar səsləndirməyə başlayıblar. Bundan başqa ekspertlər hesab edir ki, Rusiya ikinci yoluda seçə bilər. Bu isə Türkiyə ilə Rusiya arasında aparılan gizli danışıqlar ola bilər. Bu günlərdə baş nazir Rəcəb Tayyib Ərdoğan Moskvaya gəlmişdi və Dağlıq Qarabağ məsələsi qapalı şəkildə müzakirə olundu və detallarla bağlı heç bir açıqlama verilmədi. Ekspertlər hesab edir ki, bu danışıqlarda Türkiyə Rusiyanı razı sala bilər ki, iki rayonun azad olunması variantını qəbul etsinlər. Bunun qarşılığında isə Türkiyə Suriya məsələsində bir addım geri çəkilməklə balansı Rusiyanın xeyrinə dəyişə bilər. Rusiya Türkiyədən Suriya payını alarsa sözsüz ki, iki rayonun azad olunmasına razılıq verəcək. Həm də bununla Azərbaycanı cəzalandırmış olacaq.
Azərbaycanın seçimi

Ekspertlər hesab edir ki, indiki məqamda Azərbaycan əsasən qərb və ABŞ-dan dəstək almalı və problemin həllində onların imkanlarından bəhrələnməlidir. Çünki Türkiyənin hazırda yeritdiyi siyasət Rusiyanın maraqlarına cavab verir və ABŞ faktiki regionda küncə sıxışdırılır. Çünki Türkiyə bu layihəni məhz Rusiyanın razılığı ilə həyata keçirəcək. ABŞ-in buna sona qədər razı olması isə mümkünsüzdür. Buna görə də Azərbaycan rəhbərliyi ABŞ-la danışıqlara gedərək balansı saxlamalıdır. Bundan başqa bu gün Avropa Birliyinin tək ümidi Azərbaycana qalıb. Çünki Ukrayna Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etdi və nəticədə Rusiya gücünü özünə qaytardı. Eyni addımı Azərbaycanda atarsa bu qərbin tam təslim olması deməkdir. Məhz bu amili Azərbaycan nəzərə almalı və Türkiyənin bu layihəsinə qarşı Avropa Birliyinin təpkisini çıxartmalıdır. Bundan başqa ekspertlər məsələyə başqa cür yanaşmağıda tövsiyyə edirlər. Bu nədir? Hazırda danışıqları Tükiyə ilə Ermənistan aparır. Azərbaycan isə hələ ki, proseslərə müdaxilə etmir. Ekspertlər hesab edir ki, Ermənistanın iki rayonu geri qaytarması ilə bağlı Azərbaycan heç bir şərt qəbul etməməlidir və bununlada məsuliyyətdən kənarda durmalı və istənilən an bu anlaşmanı sıradan çıxara bilər. Ekspertlər hesab edir ki, Azərbaycan istənilən an yenə də hərb üsuluna əl atmaqla bundan sonrakı proseslərə təsirini göstərə bilər. Amma bir məqamıda unutmaq olmaz ki, Ermənistan yalnız sərhədin açılmasına görə 2 rayonun azad olunmasına razılıq verməyəcək. Ən azından tələb olunacaq ki, Azərbaycan tərəfi də üzərinə hansısa öhdəlikləri götürsün. Çünki qarşı tərəf Azərbaycandır və hansısa ikinci bir dövlət sözsüz ki, Azərbaycan adından öhdəlik qəbul edə bilməz. Belə olan halda isə Azərbaycan rahatlıqla bu öhdəliklərdən imtina etməklə şərt dilində danışa bilər. Bunu da qeyd edək ki, ilk gündən Azərbaycan tərəfi öncə Dağlıq Qarabağ ətrafı rayonların azad olunması variantı ilə razılaşmışdı və referendimum məsələsini belə hansısa formada qəbul etməyi mümkün hesab etmişdi. Ekspertlər hesab edir ki, Azərbaycan yenidən bu məsələ üzərində durmalı və iki rayonun azad olunmasını 2+5 variantına daxil etməlidir. Yəni 2 rayonun azad olunması o deməkdir ki, bir bəlli müddətdən sonra daha 5 rayonunda azad olunması öhdəliyini Ermənistan qəbul etməlidir. Bu isə əslində yeniləşmiş Madrid prinsipinin yenidən gündəmə gəlməsi deməkdir. Ekspertlər hesab edir ki, iki prezidentin görüşündən sonra yenə görüşün olacağı ilə bağlı bəyanatın verilməsi çox böyük ehtimal ki, Madrid prinsipləri üzərində yenidən iş başlayıb və tərəflər hansısa öhdəlikləri qəbul etmək haqqında düşünürlər. Müşahidəçilərdə bu fikirdədir ki, hazırda bu problemin həlli üçün əlverişli şərait yetişib və bundan tərəflər bəhrələnməlidir. Çünki hər iki ölkədə artıq prezident seçkiləri olub və hansısa siyasi ehtiyatlılıq riski yoxdur. Bundan başqa hər iki cəmiyyətdə də artıq problemin həllinə bir hazırlıq hiss olunur. Qalır tərəflərin atacağı ilk addım.
Mehdi Əli