Nazir 14 "VTEK" sədrini iclasdan qovdu
10:52 30-11-2013
İQTİSADİYYAT
Nazir 14 "VTEK" sədrini iclasdan qovdu
"Unikal"ın yazdıqları növbəti dəfə təsdiqləndi!
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK; xalq arasında "VTEK" kimi məşhurdur) sədrlərinin iştirakı ilə iclas keçirib. İclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın.
Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.
Xatırladaq ki, Müslümovun belə bir iclas keçirəcəyi və TSEK sədrlərinin bir çoxunu sərt şəkildə cəzalandıracağı haqqında ilk olaraq "Unikal" qəzeti məlumat yayıb. Qəzetimizin dünənki manşet yazısında bu barədə təfərrüatı ilə bəhs olunub. "Səlim Müslümov bu gün "VTEK" sədrlərini məhşər ayağına çəkəcək" başlıqlı manşet yazısında bildirmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurumun tabeliyindəki Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar veriləcək. "TSEK-lər Azərbaycanda KİV-in ən çox tənqid etdikləri qurumlardan biridir. Adıçəkilən komissiyaların əksəriyyətinin rüşvət və korrupsiya bataqlığına çevrildiyini keçmiş nazir Füzuli Ələkbərovun vaxtında "VTEK" sədrlərinin və əməkdaşlarının kifayət qədər geniş yayılmış həbsləri, həyata keçirilən yoxlamalar zamanı çoxsaylı qanunsuzluq hallarının aşkarlanması kimi faktlar da təsdiqləyir. Artıq yeni əmək və əhalinin sosial müdafiəsi naziri "VTEK"-lərin adı ətrafında bu cür xoş olmayan təəssüratı dəyişmək və onların fəaliyyətində yeni, aşkar, şəffaf fəaliyyətə nail olmaq istəyir. Elə bu səbəbdən də nazirlikdə bu gün keçiriləcəyi gözlənilən iclasda xeyli TSEK sədrinin ciddi qınaq, tənqid və iradlarla qarşılaşacağı şübhəsizdir. Onların bəzilərinin elə iclasın gedişindəcə görəvdən alınması, bəzilərinə sonuncu dəfə xəbərdarlıq edilməsi, hətta bəziləri barədə daha sərt cəza tədbirləri görülməsi üçün barələrində hüquq-mühafizə orqanlarına təqdimatların verilməsi istisna olunmur. Buna görə də iclasda "VTEK" rəhbərləri iynə üstündə oturmuş olacaqlar, özlərinin gələcək aqibətləri ilə bağlı ciddi narahatlıqlar keçirəcəklər" deyə yazıda vurğulanırdı.
"Unikal"ın özəl mənbələrinə istinadən yaydığı məlumat az qala cümləbəcümlə təsdiqlənib, Müslümov TSEK sədrlərinə qarşı olduqca sərt münasibət sərgiləyib və onların xeyli hissəsini cəzalandırıb. İclasdan qovulan "VTEK" rəhbərlərinin bəzilərinin məsələsinin hüquq-mühafizə orqanları səviyyəsində həll edilməsi istisna olunmur.
Eyni zamanda yeni əmək və əhalinin sosial müdafiəsi nazirinin qarşıdakı mərhələdə digər TSEK sədrlərinə qarşı da kəskin mövqe sərgiləyəcəyi istisna edilmir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53