Ruslar bizi məyus etdilər
Ruslar bizi məyus etdilər

"Erməni terrorizmi" kitab-albomunun Rusiyanın hüquq mühafizə orqanları tərəfindən "ekstremist material" kimi tanınması Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olub.
Erməni lobbisi erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində törətdiyi qanlı cinayətlərin ört-basdır edilməsi və bu haqda məlumatların beynəlxalq aləmdə yayılmasının qarşısının alınması, habelə erməni terrorçularının qəddar əməlləri barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışan şəxslərin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının susdurulması məqsədilə məkrli fəaliyyətini davam etdirir.
Rusiya Federasiyası Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinin bildirişində qeyd edilib ki, 2013-cü il dekabrın 12-də hakim N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş "Erməni terrorizmi" kitab-albomunun "ekstremist material" kimi tanınmasına dair məhkəmə iclası keçiriləcək.
Krasnoyarsk Vilayət Prokurorluğunun bildirişə əlavə olunmuş istintaq materialına əsasən, 2013-cü il oktyabrın 3-də Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnoyarsk Vilayəti üzrə İdarəsindən prokurorluğa vilayətin ərazisində "Erməni terrorizmi" adlı nəşrin yayıldığı barədə məlumat daxil olub. Məlumatda qeyd edilib ki, həmin nəşr Krasnoyarsk vilayətində yaşayan və Azərbaycan diasporunu təmsil edən şəxslər tərəfindən yayılır. V.P.Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş "rəyə" əsasən, "nəşrdəki ayrı-ayrı mətnlər, onun giriş hissəsi, fotomateriallar və onlara şərhlər oxucuda (tamaşaçıda) "erməni terrorizmi"nin mövcud olduğu və erməni millətindən olan qrup halında şəxslərin bütün dünyada milli mənsubiyyətə görə şəxslərə fiziki xəsarət yetirilməsi və ya onların məhv edilməsi, milli və dini zəmində düşmənçilik yaradılması və dəstəklənməsi üçün məqsədyönlü fəaliyyət göstərməsi haqqında qənaət formalaşdırılmasına istiqamətlənmiş qərəzli material seçimidir". Prokurorluq "Ekstremist fəaliyyətə qarşı" Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri "ekstremist material" kimi tanımış və müvafiq qərarını məhkəməyə göndərib. Prokurorluq məhkəmədən "Erməni terrorizmi" nəşrinin "ekstremist material" kimi tanınmasını, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş edib.
Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və "Azərinform"un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə Azərbaycanda nəşr olunmuş "Erməni terrorizmi" kitab-albomu erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara, habelə Azərbaycan Respublikasının ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair faktoloji materiallar əsasında hazırlanıb. Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilib.
Məlum terror aktları barədə məlumat verən nəşrin Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən "ekstremist material" kimi qələmə verilməsi, həmçinin bu iddianın qanuniləşdirilməsi üçün həyata keçirilən əməli fəaliyyət Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub. Çünki Azərbaycan kitab-albomda əksini tapmış bir sıra terror hadisələrinə özünün müasir tarixində bilavasitə məruz qalıb, digər terror faktlarına dair məlumatlar isə dünyanın müxtəlif ölkələrinin mətbuatında və başqa nəşrlərində işıq üzü görüb. Bunları təkzib etmək qeyri-mümkündür. Bir müddət əvvəl Fransada "erməni soyqırımı"nı tanımamağın cinayət məsuliyyəti doğuran hal olması ilə bağlı müvafiq qanunun qəbul edilməsinə cəhd göstərilib. Həmin qanunun qəbulu həm Fransa, həm də Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb. Əksər insan haqları təşkilatları hesab ediblər ki, bu qanunun qəbulu insanların ifadə azadlığını və fikir plüralizmini kobud şəkildə poza bilər. Buna görə də Rusiya hüquq mühafizə orqanlarının tarixi faktları inkar etmək, obyektiv reallığı erməni lobbisinin maraqlarına uyğun dəyişdirmək, insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanlarını məhdudlaşdırmaq cəhdləri qınağa layiqdir. Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər.

Alı