Ukrayna idarəolunmaz duruma düşür
12:25 03-12-2013
İQTİSADİYYAT
Ukrayna idarəolunmaz duruma düşür
Ukrayna Ali Radasının dövlət özünüidarəçiliyi və yerli quruculuq Komitəsinin iclası başlayıb.
Gündəlikdə Nazirlər Kabinetinin istefası məsələsidir. Bu barədə komitənin rəhbəri David Jvaniya bildirib. Hökumətin mümkün istefası ilə bağlı proqnozunun necə olacağına dair suala Jvaniya “Əlbətdə ki, biz bu məsələnin lehinə səs verəcəyik” deyə cavab verib. Deputat bildirib ki, komitə hökumətin istefasına səs versə məsələ parlamentin ümumi yığıncağına çıxarılacaq, daha sonra koalision hökumət formalaşdırılacaq. Ali Radanın spikeri Vladimir Rıbak isə deyib ki, əgər parlament hökumətin istefasına səs versə prezident Viktor Yanukovim baş nazir Nikolay Azarovun vəzifədən azad edilməsi və yeni hökumətin formalaşdırılması haqda fərman imzalayacaq. Rıbak bunu prezidentin ona dediklərinə istinadən bildirib. Spiker bu gün Yanukoviçlə görüşərək ölkədəki vəziyyəti müzakirə edib.
Kremlə müraciət
Rusiyanın təzyiqləri qarşısında Avropaya inteqrasiya prosesini dayandıran və misli görünməmiş xalq etirazları ilə üzləşən Ukrayna hakimiyyəti xilas olmaq üçün Kremlə üz tutur.
Sevastapol Şəhər Sovetinin hakim Regionlar Partiyasından olan deputatı Sergey Smolyaninov Rusiya prezidenti Vladimir Putinə müraciət edərək hakimiyyəti qorumaq üçün Ukraynaya qoşun yeritməyi xahiş edib.
Deputat bildirir ki, Qərb Ukraynanın qanuni seçilmiş hakimiyyətini devirmək üzrədir və belə vəziyyətdə “qardaş xalqın” Rusiyanın köməyinə ehtiyacı var.
“Qardaş Ukrayna xalqının dövlətin suverenliyini qoruyub saxlamaq və bütün regionların haqlarını təmin etmək üçün Rusiyanın hərbi və ya digər formada köməyinə ehtiyacı var” - deyə deputat bildirir.
S.Smolyaninov bəyan edir ki, Yanukoviç qanuni seçilmiş prezidentdir və Ukrayna hakimiyyətinin Avropa İttifaqı ilə “soyğunçu razılaşmanı” imzalamaqdan imtina etdiyi üçün Qərb xüsusi xidmət orqanları onu devirməyə çalışır.
“Xahiş edirik ABŞ və NATO işğalçılarından müdafiə olunmaq üçün ölkə ərazisinə Rusiya Federasiyasının silahlı qüvvələrinin yeridilməsi məsələsini Ukrayna hökuməti ilə razılaşdırasınız” - deyə deputat bildirir.
Müraciət Sevastapol Şəhər Şurasının saytında yerləşdirilib və orada Rusiya qoşunlarının Ukraynaya yeridilməsi üçün imza kampaniyası başladılıb.
Ukrayna prezidenti Viktor Yanukoviç hakimiyyəti üçün real təhlükənin yarandığı bir vaxtda Rusiyaya gedir.
Bu barədə baş nazir Nikolay Azarov bildirib.Baş nazir üzə çıxıb və prezidentin Rusiyaya səfər edəcəyini açıqlayıb.
Baş nazir bildirib ki, prezident dekabrın 3-də Çinə mühüm səfərə yola düşəcək: “Bu, olduqca əhəmiyyətli səfərdir. Biz Çinlə əməkdaşlıq mqaviləsi imzalayacağıq, konkret proqram və plan var”.
N.Azarov deyib ki, Çinə səfərini başa vuran Viktor Yanukoviç Pekindən Moskvaya yola düşəcək: “Səfər zamanı Rusiya ilə Ukrayna arasında əməkdaşlığın yol xəritəsi müəyyənləşəcək”.
Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən məlumata görə, V.Yanukoviçin Çinə səfəri dekabrın 3-6-da olacaq.
Digər xəbərə görə, Yanukoviçin ardınca baş nazir N.Azarovun da Rusiyaya səfəri gözlənilir. Dekabrın 5-də isə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə keçiriləcək toplantısında iştirak etmək üçün Ukraynaya səfər edəcək. Lavrovun Ukrayna tərəfi ilə ikitərəfli danışıqları da planlaşdırılır.
Digər məlumata görə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün Kiyevə gedib. Məlumatı gürcü qaynaqlar yayıb. Çox güman ki, Saakaşvili Ukrayna müxalifət liderləri ilə özünün inqilab təcrübəsini bölüşəcək. Lakin Saakaşvilinin Kiyevdəki planları dəqiq məlum deyil.
Onun partiyasından daha bir deputat istefa verdi; müxalifət tərəfdarları Kiyevdə bütün dövlət binalarını blokadaya alıb; Misir variantı müzakirə olunur
Ukraynada proseslər dramatik xarakter alır. Bu gün səhər saatlarından etibarən müxalifət tərəfdarları Kiyevdə əsas dövlət binalarını blokadaya almağa başlayıb.
Gecəni Müstəqillik meydanında keçirən on minlərlə nümayişçi Ukrayna hakimiyyətinin siyasətinə etiraz olaraq hökumət binasını, Mərkəzi Bankı və Prezident Administrasiyasının binasını əhatəyə almağa başlayıb.
Müxalifət Kiyevdəki bütün inzibati binaların, o cümlədən Ali Radanın blokadaya alınacağını elan edib.
Müxalifət liderləi hələlik hakimiyyətə tələblərini formalaşdıra bilməyiblər. Bəziləri prezident başda olmaqla bütün hakimiyyətin istefa verməsini, o cümlədən Ali Radanın buraxılmasını tələb edi. Bəziləri isə istefa tələblərini Nazirlər Kabineti ilə məhdudlaşdırır. Müxalifət liderləri səhər saatlarında toplanaraq hakimiyyətə qarşı hansı tələblərdən çıxış etmək barədə müzakirələr aparırlar.
Dekabrın 1-də baş verən qarşıdurmalarda 112 mitinqçi, 28 jurnalist və 120 polisin xəsarət aldığı bildirilir. Əgər nümayişçilər əvvəlcə Yanukoviç hökumətinin Avropaya inteqrasiya prosesini dayandırmasına etiraz edirdisə noyabrın 30-da səhərə yaxın “Berkut” xüsusi təyinatlılarının Müstəqillik meydanında mitinqçilərə qarşı kobud güc tətbiqi hakimiyyətin acınacaqlı səhvi oldu.
Nümayişçilər bildirir ki, 20 ildə ilk dəfədir hakimiyyət vətəndaşları bu cür döydürürdü və indi bunun hesabını vermək lazımdır. Hazırda etirazçıların ümumi əhval-ruhiyyəsini bu cür formalaşdırmaq olar: müstəqilliyin əldə edilməsindən bu yana hakimiyyət bizim uşaqlarımızı ilk dəfədir bu cür döyür.
Bu arada Avropa İttifaqı da Yanukoviç hakimiyyətinə təzyiqləri artırır. Brüsseldəki mənbə bildirib ki, noyabrın 30-da Müstəqillik meydanında nümayişçilərə qarşı güc tətbiq edənlərə qarşı sanksiyalar tətbiq oluna bilər.
“Avropa İttifaqı neytral mövqe tutur. Lakin güc tətbiqinə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır” - deyə diplomat bildirib.
Digər xəbərə görə, hakim Regionlar Partiyasından daha bir deputat - Vladimir Melniçenko istefa verib. Bundan əvvəl Regionlar Partiyasını üç deputat tərk etmişdi. Xəbərlərə görə, bu gün hakim partiyadan azı 20 deputat istefa verməyə hazırlaşır. Onlar hökumətin siyasətinə etiraz edirlər.
Bu istefalar reallaşsa, Regionlar Partiyası parlamentdə azlıqda qalacaq və hökumətin istefası qaçılmaz olacaq.
İstefalar hökumətdə də başlaya bilər. Prosesləin bu istiqamətə yönəlməsi Misir variantını gündəmə gətirib. Hansı ki, etirazlar başlayanda Hüsnü Mübarəkin komandasından dalbadal istefalar başladı və nəticədə rejimin çökməsi qaçılmaz oldu.
Digər variant isə ölkədə fövqəladə vəziyyətin elan edilməsi, nümayişlərin dağıdılması və kütləvi həbslər ola bilərdi. Xəbərlərə görə, Yanukoviç bu variantı müzakiə edir. Bu gün səhər ordunun fövqəladə vəzyyət rejiminin tətbiqi üçün Kiyevə yeridiləcəyi, artıq tankların paytaxta doğru istiqamət aldığı haqda xəbərlər yayılsa da Müdafiə Nazirliyi bu xəbərləri qəti təkzib edib.
Kiyevdə yaralı
sayı 340-a yüksəldi
Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyalarına milisin müdaxiləsi nəticəsində xəsarət alanların sayı 340 nəfərə çatıb. Bura həm aksiyaçılar, həm də xəsarət alan milis əməkdaşları daxildir.
Artıq 190 nəfər aksiya iştirakçısı təcili tibbi yardıma müraciət edib. 150 milis əməkdaşı və “Berkud” xüsusi təyinatlılarının xəsarət aldığı bildirilir.
Aİ Ukraynaya qarşı
sanksiya tətbiq etməyi nəzərdə tutmur
Avropa İttifaqı Ukraynadakı etirazlarla və hakimiyyətin buna reaksiyası ilə bağlı bu ölkə barəsində mümkün sanksiyaların tətbiqini müzakirə etmir.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bəyan edib.
M.Kosyançiç hansısa sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı suala cavab verərkən deyib: "Sanksiyalara gəldikdə, indi bu müzakirə edilmir".
O qeyd edib ki, Aİ Ukraynada münaqişə tərəflərini təmkinli olmağa çağırır:
"Biz sərbəst toplaşma azadlığı, söz azadlığı, azad və açıq KİV kimi təməl prinsipləri dəstəkləyirik. Lakin prosesin həm də dinc olması vacibdir. Biz Ukrayna cəmiyyətində bütün tərəfləri ziddiyyətləri dinc yolla həll etməyə, məsələləri müzakirə etməyə və qarşılıqlı sərfəli razılığa gəlməyə çağırırıq".
“Cəmiyyət yeni
inqilaba hazırdır”
“Ukraynada baş verənlər onu göstərir ki, xalq artıq Rusiya siyasətini dəstəkləyən hakimiyyətdən bezib. Yenidən sovet və ya Rusiya imperiyası dövrünə heç kəs qayıtmaq istəmir”. Bunu tanınmış ukraynalı tarixçi, jurnalist və publisist Roman Kabaçiy deyib. O bildirib ki, Ukrayna cəmiyyəti bir neçə il öncə qazandığı demokratiyanı qoruyub saxlaya bilib: “Ukraynadakı demokratiya belə demək mümkündürsə, oliqarxiya demokratiyası idi. Çünki ölkədə oliqarxlar müxtəlif siyasi qüvvələri dəstəkləyirdi. Oliqarxlardan həm müxalifəti, həm də iqtidarı dəstəkləyənlər vardı. Lakin Viktor Yanukoviç prezident seçildikdən sonra bütün oliqarxları ətrafına yığmağa başladı. İndi isə bu hakimiyyət zor gücü ilə xalqın iradəsinə qarşı gedir. Meydanda baş verənlər bunun nəticəsidir”.
“Ukraynada narıncı inqilab təkrarlana bilərmi?“ sualına cavabında Roman Kabaçiy qeyd edib ki, narıncı inqilab Ukraynaya iki mühüm şey gətirib: “Birincisi, demokratiya, ikincisi, söz azadlığı. Demokratiya olduğuna görə Viktor Yanukoviç hakimiyyətə gəldi. Xalq onu seçmişdi. Təkcə ona görə yox ki, xalq artıq narıncı komandadan bezmişdi, həm də bu komanda ölkədə islahatlar keçirə bilməmişdi. Yuşşenko ilə narıncı inqilab sülh şəraitində baş vermişdi. Yanukoviç həmin vaxt baş nazir vəzifəsini tuturdu. İndi isə o, prezidentdir və ölkədə bütün baş verənlərə görə məsuliyyət daşıyır. O vaxt narıncı inqilab baş verəndə prezident Kuçma mitinq iştirakçılarına qarşı güc tətbiq etməmişdi. Həmin vaxt inqilabın baş verməsində Avropa diplomatiyasının böyük rolu vardı. Bu gün də Avropa diplomatiyası bu istiqamətdə nəsə edir. Lakin hazırda hakimiyyətdə Kuçma deyil, Yanukoviçdir. Yanukoviç Kuçma kimi deyil. O, Kuçma kimi öz hakimiyyəti ilə sülh yoluyla vidalaşa bilməz. Fikrimcə, əgər inqilab baş versə, bu, qanlı inqilab olacaq. Keçən dəfəki inqilab kimi qan tökülmədən ötüşməyəcək”.
Ekspertin fikrincə, Kiyevdə çalxalanma olsa, Yanukoviç və onun həmkarları Moskvaya getməyəcək, onlar Donetskə gedərək separatçılıqla məşğul olacaqlar və Ukraynanı iki hissəyə böləcəklər: “Onun tərəfdarlarının çox və ya az olmasına gəlincə isə, burada əsas sual altında olan məsələ ordunun və polisin özlərini necə aparması olacaq. Ukrayna cəmiyyəti çox tolerantdır. Bu ölkədə biznes dövlətə görə inkişaf etmir, əksinə, dövlət nə qədər maneçilik törətsə də, biznes birtəhər inkişaf edir. Avropa Birliyi Ukrayna cəmiyyətinə problemsiz və maneəsiz həyat vəd edir. Ona görə də, hesab edirəm ki, Ukrayna cəmiyyəti yeni inqilaba hazırdır”.
Ukraynanın Rusiyadan qaz asılılığını şərh edən R. Kobaçiy qeyd edib ki, əslində söhbət Yanukoviç hakimiyyətinin oliqarxlarının metallurgiya və digər müəssisələri üçün lazım olan qazdan gedir: “Ukraynanın əhalini təbii qazla təmin edəcək qədər ehtiyatı var. Əhalini təmin etmək üçün Rusiyadan qaz almağa gərək yoxdur. Bunu Yanukoviç hakimiyyəti də gözəl bilir. Avrointeqrasiya kursunu qəbul etmək Yanukoviçin hakimiyyəti itirməsi demək olardı. “Rusiya qaz məsələsində Ukraynaya təzyiq edir” və s. bu kimi fikirlər ikinci dərəcəli versiyalardır”.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17