Nazirləri deputatlar yalançı adlandırdı
Nazirləri deputatlar yalançı adlandırdı

Hökümətdən izahat istənildi

Milli Məclisin iclasında millət vəkili İqbal Ağazadə bildirib ki, büdcə layihəsinin müzakirəsi zamanı o qiymətlərin artacağı barədə hökumət üzvlərinə sual versə də, hökümət üzvləri buna cavab verməyiblər:

"Buna nə ehtiyac var idi? Nəyə əsasən yanacağın qiyməti artırılmalı idi? Sadəcə müraciət etdim deyə qiymət artırlmalı deyildi. Əgər yanvardan 30 faiz qalxacaqsa, sentyabrdan bu 90%-ə çatacaq. Bu ciddi problemdir. Mən hökümətdən tələb edirəm ki, yenidən buna baxsın və bunu əsaslandırılsın. Mən başa düşmürəm ki, qiymət azalması niyə yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə bu gündən?"
Millət vəkili Zahid Oruc bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımı baş verməsi normaldır: “Büdcə müzakirələrində bunu hökumət üzvləri qeyd etmişdilər. Qeyd edilib ki, əhalinin elə bir təbəqəsi yaranıb ki, onların imkanları var. Bunun proqnozu da verilmişdi. Mən 2007-ci ili xatırlayıram. Tarif Şurası bir həftədən sonra izahat vermişdi. Bununla əlaqədar bir sıra kateqoriyaların maaşları artacaq. Bunu da yaxın günlərdə görəcəyik”.
Fazil Mustafa qeyd edib ki, qiymət artımı ilə bağlı əsaslandırmanın heç bir əsası yoxdur: “Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır. Pensiyalar artmalı idi. 125 manat yaşayış minumumu isə vətəndaşın bir avtomobil idarə etməsinə də bəs etmir. Əvvəlcədən az təminatlı insanların necə yaşacağı təxmin edilməli idi. Belə çıxır ki, bundan sonra hökumət yol, tunel çəkilişini dayandırmalıdır. Velosiped yolları çəkilməlidir. Neft ölkəsiyik. Azərbaycan xalqı nə vaxt bunun bəhrəsini görə biləcək?"
Siyavuş Novruzov millət vəkili Fazil Mustafanın fikirlərinə cavab verib: “Mən də qiymət artımı ilə bağlı danışmaq istəyirəm. Belə çıxır ki, Azərbaycan dövləti xalqı Fazil Mustafadan daha az düşünür . Bu əsaslandırılır, analiz aparılır. Rabitə xərcləri də azaldıldı. Prezidentin sərəncamı ilə əmək haqqı, pensiya artırıldı. Kənd təsərrüfatı malları vergidən azad edildi. Demək istəyirəm ki, Azərbaycan neftindən sosial təbəqə də istifadə edir. Hesab edirəm ki, neftdən gələn gəlirdən Fazil Mustafa da az istifadə etmir”.
Spiker Oqtay Əsədov da müzakirələrə münasibət bildirib:"Fazil Mustafa yaxşı bir təklif elədi. O, velosiped yolunu təklif elədi. Düzdür, o bunu "məzə" ilə dedi. Amma pis təklif deyildi. Paris də daxil olmaqla digər şəhərlərdə də velosiped sürürlər”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qiymət artımının ağır fəsadlarını əhalinin öz üzərində hiss edəcəyini bildirdi:
“Düşünürəm ki, yanacağın qiymətinin qaldırılması digər sahələrdə qiymətlərin artımına səbəb olacaq. Hökumət bu qərarla düzgün addım atmayıb. Bu artım əhalinin üzərinə düşəcək və əhali bunun ağırlığını hiss eləyəcək. Bunun qarşısını almaq üçün düzgün iqtisadi-siyasət yeritmək lazımdır”.
Sabir Rüstəmxanlı
Oqtay Əsədovun
etirazına tuş gəldi

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarına etiraz edib.D eputat bildirib ki, enerji qiymətlərini Avropa ölkələri ilə eyniləşdirmə düz deyil. “Bəziləri deyir ki, Avropada da qiymətlər bahadır. Amma Avropa ölkələrində vətəndaşlar 14-15 dəfə çox maaş alır. Belə müqayisə düz deyil”.
Daha sonra S.Rüstəmxanlı bildirib ki, qiymət artımı ilə bağlı deputatların ezamiyyə xərcləri də artırılmalıdır.
Bu təklif spiker tərəfindən narazılıqla qarşılanıb. “Bəyəm deputat seçiləndə öhdəlik olmuşdu ki, sürücü və maşın veriləcək? Bu söhbətləri bir kənara qoyun. Bizim daha başqa müzakirə ediləcək məsələlər var”. Buna baxmayaraq, spiker O.Əsədov bildirib ki, bu məsələyə baxıla bilər.

“Bahalı maşın
alan benzinin də haqqını ödəyə bilər”

Milli Məclisdə çıxış edən deputat Qüdrət Həsənquliyev yanacaq artımı ilə bağlı Tarif Şurasının qiymət siyasətini tənqid edib. Deputat bildirib ki, hökumət bu siyasətə yenidən baxmalıdır. “Dizel yanacağının qiyməti aşağı salınmalıdır. Bu artım kənd təsərrüfatına zərbə vura bilər”.
Q. Həsənquliyev həmçinin qiymət artımının digər aspektinə diqqət yetirərək bildirib ki, Bakıya gətirilən bahalı avtomobillərə gün-gündən artır. “Bahalı maşınlar ala bilərsə, benzin pulunu da ödəyə bilər. Düşünürəm ki, 95 markalı benzinin qiymətini qaldırılması doğrudur”.
Bununla yanaşı, deputat ictimai nəqliyyatda olan vəziyyəti tənqid edərək bildirib ki, bu sahədə olan problemlər aradan qaldırılmadığı bir vəziyyətdə benzinin qiymət artımı düz deyil. “İctimai nəqliyyatda vəziyyəti düzəltmədən benzinin qiymətinin qaldırılmasını yanlışdır”.

Narahat olmağa
dəyməz

Millət vəkili Aqil Abbas isə hesab edir ki, qiymət artımının hər hansı bir ciddi fəsadları olmayacaq:
“Qiymət qalxımından insanlar narazıdır, amma bunun hər hansı bir ciddi fəsadları olmayacaq. Dünyanın bütün yerlərində qiymət artımı müşayiət olunur. Hətta Türkiyədə iki gündən bir qiymətlər artır. Bundan başqa, qiymət artdıqca, maaşlar da artır və bu da qiymət artımını önləyir. Yəni vətəndaş bunun fəsadlarını üzərində o qədər də hiss eləmir, narahat olmağa dəyməz”.

Nazirlər Milli Məclisdə deputatları aldadıb

“2014-cü ilin dövlət büdcəsində komunal xidmətlər üçün 15 faizə yaxın artım nəzərdə tutulub”. Bu sözləri Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvi, millət vəkili Vahid Əhmodov deyib.
“Biz 2014-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələyə toxunmuşuq. 2014-cü ilin dövlət büdcəsində komunal xidmətlər üçün 15 faizə yaxın artım nəzərdə tutulub. İqtisadçı olduğumuz üçün bizə maraqlı gəldi ki, 2014-cü ildə dövlət büdcəsində qiymət artımı nəzərdə tutulub. O zaman biz iqtisadiyyat və sənaye nazirinin müavininə və maliyyə nazirinə müraciətlə etdik və cavablar aldıq ki, bu məsələ gündəmdə yoxdur və bu məsələyə baxılmır. Amma biz büdcənin analizlərinə baxıb gördük ki, büdcənin gəlir hissəsini doldurmaq üçün müəyyən artımlar nəzərdə tutulub. Bu gözlənilən idi, amma bu səviyyədə yox!. Biz yanacağın qiymətinin 27-30 faiz artırılmasını gözləmirdik. Biz düşünürdük ki, hardasa 10 faizə qədər arta bilər. Hətta, mən də təklif etmişdim ki, qiymət artımı gələn ilin ikinci yarım ilindən olsun. Ancaq Tarif Şurası bu ilin sonunda bu qərarı verdi və yanacağın qiyməti 27-30 faiz artdı”.
V.Əhmədov bu qiymət artımının təkcə yanacağın qiyməti ilə başa çatmayacağını bildirib:
“Bu qiymət artımı digər sahələrdə də artıma səbəb olacaq. Hesab edirəm ki, bunun da əsas məsuliyyəti İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşür. Yəni, subyektiv qiymətlərdən sahibkarlar istifadə edib qiymətləri qaldırmamalıdır. Bu sosial gərginliyə gətirib çıxara bilər. Bilirsiz ki, 2013-cü ilin əvvvəlindən başlayaraq Azərbaycanda neftin hasilatı ildə 5-6 faiz aşağı düşür. İndi bu qiymət artımın faizi yüksək olduğu üçün əhalinin sosial vəziyyətinə çox ciddi təsir göstərəcək. İqtisadi İnkişaf və Sənaye Nazirliyinin xüsusu departamenti mövcuddur. Bu məsələyə də həmin qurum nəzarət etməlidir ki, yanacağın qiymətinin artımı digər sahələrdə artıma təsir etməsin. Azərbaycanda elə bir məhsul yoxdur ki, həmin məhsulun tərkibində yanacaq müəyyən maya dəyərində oturmasın. Ona görə də yanacğın qiymətinin artımı ərzaq və qeyri-ərzaq məhsullarının, sərnişin daşıma nəqliyyatında da qiymət artımına səbəb ola bilər”.
Qənirə Paşayeva diqqəti əlillərin problemlərinə çəkib: “Mən əlil təşkilatlarının Milli Məclisə ünvanlanmış xahiş və təkliflərini səsləndirirəm. Onlar ölkə əhalisinin 5,5 faizini təşkil edir. Yaşayış minimumu 125 manatdır. Amma birinci qrup əlilin müavinəti 67 manatdır. Onlar deyirlər ki, qanunvericiliyə görə, I qrup əlillər işləmək imkanına malik deyillər. Onlar müavinətlərinin yaşayış minimumuna çatdırılmasını xahiş edirlər. İkinci məsələ əlil arabaları ilə bağlıdır. Əlillərin araba ilə təminatı yaxşılaşır. Amma əlil arabalarına ehtiyac böyükdür. Bu arabalarla hərəkət üçün bir insan onu idarə etməlidir. Əlillər istəyirlər motorlu arabalar alsınlar ki, onu özləri idarə edə bilsinlər”.

Azərbaycanda
miqrantlarla bağlı
qaydalar və cəzalar
sərtləşdirilib

Milli Məclisinin iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər nəticəsində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ölkə hüdudlarından məcburi kənara çıxarma cəzası təyin edilib.
Dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin ediləcək.
Barəsində Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məcəllədə 318-1 maddəsinə edilən dəyişikliyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmək iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, insan həyatı üçün təhlükəli üsulla törədildikdə - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliklər səsə qoyularaq qəbul olunub
Hüseyn İsgəndərov