İran-Pakistan sərhədində silahlar işə düşdü
12:17 04-12-2013
İQTİSADİYYAT
İran-Pakistan sərhədində silahlar işə düşdü
Qanlı olayda ölən və yaralananlar var
Srağagün axşam saatlarında İran-Pakistan sərhədində silahlı insident baş verib. İRNA-nın məlumatına görə, bu barədə Zahidan Şəhər İcra Hakimiyyətinin başçısının siyasi təhlükəsizlik məsələləri üzrə müavini Rəcəbəli Şeyxzadə açıqlama verib.
Onun sözlərinə görə, hadisə Səravan sərhəd-keçid məntəqəsi ərazisində baş verib: “İnsident bir neçə saat çəkib. Nəticədə İran Sərhəd Qoşunlarının bir əsgəri həlak olub, bir zabit, həmçinin yerli bəluclardan olan üç bəsici yaralanıb. İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) hərbçiləri və sərhədçilər terrorçuları qonşu ölkənin sərhədinədək geri çəkilməyə məcbur ediblər”.
Məlumatda ərazinin keçilməz və gecə olması səbəbindən qarşı tərəfin itki verib-verməsi ilə bağlı heç bir məlumatın olmadığı bildirilir.
Böyük Britaniyanın
İrandakı müvəqqəti işlər vəkili Tehrana qayıtdı
Bu arada məlum olub ki, Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Acay Şarmanın başçılıq etdiyi nümayəndə heyəti dünən Tehrana gəlib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm bildirib ki, səfər zamanı diplomat Tehrandakı Böyük Britaniya nümayəndəliyinin binası ilə tanış olacaq, İran XİN-də görüşlər keçirəcək.
M.Əfxəm əlavə edib ki, bundan sonra İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili də Londona səfər edərək orada XİN-in rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildən sonra kəsilib. Buna səbəb 2 il əvvəl Tehranda baş verən iğtişaşlar zamanı nümayişçilərin səfirliyə hücum etməsi və diplomatik nümayəndəliyə ciddi ziyan vurması olub. Həsən Ruhaninin bu il prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunmağa başlayıb.
İraqın baş naziri
İrana gəlir
İran Səudiyyə Ərəbistanı ilə düzgün dialoq qurmaq niyyətindədir. Bunu da jurnalistlər üçün keçirilən brifinqdə İran Xarici İşlər Nazirliyin mətbuat katibi Mərziyyə Əfxəm bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının regionda mövqeyi çox vacibdir və iki ölkə arasında dialoq mövcud anlaşmazlıqların aradan qaldırılmasına kömək edəcək.
M.Əfxəm həmçinin xatırladıb ki, bu yaxınlarda İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bir sıra Fars körfəzi ölkələrinə səfər edib və bu, İranın regiona olan marağının göstəricisidir: “Sabah (bu gün - red.) xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Əbu Dabi və Dubayı ziyarət edən XİN rəhbəri bir sıra rəsmi görüşlər keçirəcək və bu ölkədə yaşayan İran diasporunun nümayəndələri ilə görüşəcək. İranın regionla bağlı yanaşması ondan ibarətdir ki, ölkəmiz Fars körfəzi ölkələri ilə münasibətlərdə yeni səhifə açmaq niyyətindədir. Siyasətimiz bu regionda stabilliyi gücləndirməyə yönəlib”.
İran XİN sözçüsü əlavə edib ki, bu gün İraqın baş naziri Nuri əl-Məliki də İrana səfərə gələcək.
İranla “altılıq” ölkələri arasında ekspertlər
səviyyəsində görüş
Vyanada keçiriləcək
Dünənki bir başqa xəbərə görə, İranla “altılıq” ölkələri arasındakı ekspertlər səviyyəsindəki görüşün yeri və tarixi məlum olub. “Fars” xəbər agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, tərəflər dekabrın 9-10-da Vyanada bir araya gələcəklər.
Onun sözlərinə görə, müzakirələr Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında baş tutacaq: “Bu danışıqlar birgə fəaliyyət planının icrası hazırlıq məqsədi daşıyır. AEBA rəhbərliyi və ekspertləri müzakirələrdə müşahidəçi qismində iştirak edəcəklər”.
İranın üç şirkəti
ABŞ-a birbaşa
aviareyslər həyata
keçirmək üçün
müraciət etdi
İranın üç şirkəti ABŞ-a birbaşa aviareyslər həyata keçirmək üçün müraciət edib. “Mehr” xəbər agentliyinin məlumatına görə, bunu İranın nəqliyyat nazirinin müşaviri Əli Nuriyan bildirib.
Onun sözlərinə görə, həmin hava yolları şirkətləri “İran Air”, “Mahan Air” və “Aseman”dır: “İran və ABŞ arasında birbaşa reyslərin həyata keçirilməsi üçün iki ölkənin hava yolları təşkilatları arasında koordinasiya olmalıdır. Bundan əlavə, siyasi prosedurların həyata keçirilməsi lazımdır”.
İranda edamlar
səngimək bilmir
İranda daha 5 nəfər edam edilib. Məhbuslardan biri qətldə günahlandırılaraq İranın Gilan vilayətinin Rəşt şəhərinin mərkəzi həbsxanasında, digər dördü isə narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərinin mərkəzi şəhərində dara çəkilib.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 1-də səhər saatlarında icra edilib. Onların yalnız ad və soyadlarının baş hərfləri qeyd olunub.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53