Cahangir Əsgərov bahalaşma qərarı verdi
11:46 17-01-2014
İQTİSADİYYAT
Cahangir Əsgərov
bahalaşma qərarı verdi
AZAL şefi benzinin bahalaşmasını bəhanə
gətirərək təyyarə biletlərinin qiymətini qaldırdı
Dünən ölkə vətəndaşları daha bir şok bahalaşma faktına şahidlik etdilər. Belə ki, AZAL Azərbaycanda yanacağın qiymətinin artmasını bəhanə gətirərək yanvarın 15-dən etibarən sərnişinlərdən yanacağa görə əlavə haqq yığmağa başlayacağını anons etdi.Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
“Tarif Şurasının yanacağın qiymətini artırması ilə bağlı AZAL reyslərinin rentabelliliyini saxlamaq üçün uçuş məsafəsindən asılı olaraq yanacağa görə əlavə haqq yığmağa başlayıb. Bu haqq ekonom-klass paketi ilə uçan sərnişinlər üçün 12 avro, biznes-klass paketi ilə uçanlar üçünsə 18 avro təşkil edir” – deyə AZAL rəsmisi bildirib.M.Səfərli daha sonra deyib ki, yanacağa görə əlavə pul yığımını bir çox aviaşirkətlər tətbiq edir:.”Bu, ümumi qəbul edilmiş praktikadır” .
Göründüyü kimi, bu bahalaşmanı şərh etmək istəyən qurum rəsmisinin arqumentləri o qədər gücsüzdür ki, çox güman ki, dediklərinə heç özünü doğru-dürüst inandıra bilməyib. Qeyd edək ki, AZAL-ın qazancı kifayət qədər böyükdür və bu səbəbdən də yanacağın bahalaşmasını bəhanə gətirərək qiymətlərdə artım etmək iqtisadi cəhətdən izaholunmazdır. Digər tərəfdən isə AZAL rəhbərliyi artıq bu tipli açıqlamalarla şirkət haqqında “ziyanla işləyən müəssisə” imici yaratmağa çalışır. Əslində isə qurumun mənfəətlə işlədiyi heç kimə sirr deyil.
Xatırladaq ki, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, verilən rəsmi açıqlamalarda bunun tam əksi göstərilir ki, bu da böyük korrupsiya əməliyyatının elementidir. Məsələn, ötən il sərnişin daşımaları üzrə ziyan 16 milyon manata çatıb. Amma bu rəqəmlərlə əsl həqiqətləri gizlətmək əsla mümkün deyil. Dövlətstatkoma görə, yerli aviaşirkətlərdən (AZAL, “Turan Air” və “Silk Way Business Aviation”) istifadə edən sərnişinlirin sayı 2009-cu ildən artmağa başlayıb. 2012-ci ilin yekunu üçün sərnişin daşımalarının həcmi 1,6 milyon nəfərə (2009-cu ildəkindən 560 min nəfər çox) çatıb. Amma aviaşirkətlər ziyana düşüb: əgər 2009-cu ildə aviaşirkətlərin itkisi 98,8 milyon manat idisə, 2012-ci ildə 33,2 milyon manat olub. Bilet satışından gəlirlər az olmayıb: beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 miyon manat, yerli daşımalar üzrə 49 milyon manat əldə edilib. Sərnişinlərin çoxu beynəlxalq xətlərlə uçur. Məsələn, 2013-cü ildə DSK-ya görə, 744,6 min sərnişin beynəlxalq xətlərlə uçub Bu, ötən ilin eyni dövründəkindən 10,5% çoxdur. MDB şəhərlərinə I yarımildə 3,1 min sərnişin uçması barədə informasiya isə şübhə doğurur. Xatırladaq ki, AZAL təkcə Moskvaya hər gün uçuş həyata keçirir.
Bütün bu kimi qaranlıq və mübahisəli məqamların kökündə isə o dayanır ki, Azərbaycan aviaşirkətləri maliyyə hesabatlarını açıqlamır. “Azerbaijan Airlines” QSC qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatını auditlə birgə açıqlamalıdır. Bəlkə, bu sənəd məsələyə aydınlıq gətirərdi.
Azərbaycanın hava limanlarında aviasiyaya yerüstü xidməti isə “Silk Way Holding” aviaşirkəti həyata keçirir. Ekspertlər bildirir ki, daşımalar üzrə real mənfəət mülkiyyətçilərinin strukturu qaranlıq olan bu holdinqə axır. Holdinqə 23 şirkət daxildir. Onların yarıdan çoxu mülki aviasiyada çalışır. Qeyd edək ki, adıçəkilən qurumu da Cahangir Əsgərov idarə edir.
Bu və açıqlanmayan digər gəlir sahələri isə AZAL rəhbərliyinin benzinin qiymətini bəhanə edərək təyyarə biletlərinin qiymətini artırmasına heç cür izah sayıla bilməz. Əgər, AZAL sərnişindaşımadakı rəqəmləri məqsədli şəkildə kiçiltməsə və eyni zamanda şirkətin digər gəlir mənbələri haqda şəffaf məlumatların açıqlanmasına şərait yaratsa qurumun çox böyük mənfəətlə işlədiyi aşkarlanar. Amma Cahangir Əsgərov hər zaman olduğu kimi işlərini qaranlıq saxlamağa üstünlük verir. Bunun acısını isə yanvarın 15-dən etibarən təyyarə biletlərinə görə əlavə pul ödəyəcək Azərbaycan vətəndaşları çəkəcək.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17