Milli Elmlər Akademiyasında narazılıq qopa bilər
Akademiya rəhbərliyinin təsdiqlədiyi yeni qaydalar sərt etirazlara yol açdı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işə davamiyyəti artırmaq və işçilərin işdən yayınma hallarının qarşısını almaq məqsədilə kart sisteminə (“turniket”) keçilib. Bu barədə AMEA-dan məlumat verilib.

AMEA institutlarının girişində qoyulan “turniket”lər iş intizamını və keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Lakin ötən ilin noyabrın 19-dan start verilən yenilik - kart sisteminə keçiddən sonra AMEA strukturunda çalışan elmi işçilərin narazılığına səbəb olub.
Alimlər bildirirlər ki, “turniket”ə keçiləndən sonra hər gün 2-3 dəfə AMEA institutlarında çalışanların yerində olub-olmadığını yoxlayırlar.
Əvvəllər elmi işçilərə həftənin çərşənbə və cümə axşamları “yaradıcılıq günü” kimi verilirdi sə, kart sisteminə keçiddən sonra bu da aradan qaldırılıb. Yəni, yaradıcılıq günlərində kadrlar işə gəlməkdə sərbəst idilər, kitabxanaya gedir, elmi yaradıcılqla məşğul olurdular. Bu ənənənin aradan qaldırılması da narazılığa səbəb olub.
Bundan əlavə, AMEA-dan bildirlib ki, “turniket”ə keçiləndən sonra qaydalara əsasən, işə az gələnlərin maaşlarından müəyyən məbləğ tutulur. Aşağı maaş alan və bu səbəbdən 2-3 yerdə işləməyə məcbur olan Akademiya işçiləri arasında yeni qaydaların ciddi narazılıq doğurduğu vurğulanır. Çünki az maaşla yüksək intizam tələb olunan yerdə işçilərin axşama qədər akademiyada qalması onlara sərf etmir. Məsələn, fəlsəfə doktoru olan böyük elmi işçi ayda 254 manat, elmi dərəcəsi omayanlar 150-170 manat məvacib alırlar.
Bu səbəbdən də elə əməkdaşlar olub ki, “turniket sistemi”nin tətbiqindən sonra kartlarını iş yoldaşlarına veriblər ki, onların işə gəldiyini bildirmək üçün kartı sistemdə qeydiyyata aldırsın. Yəni, bir nəfər bir neçə işçinin kartını “turniket”ə vurub. Məsələnin üstü açılandan sonra həmin şəxslər barəsində ciddi ölçülər götürülüb.
Hazırda AMEA-da işə davamiyyətlə bağlı nəzarət gücləndirilib. İnstitutların girişində xüsusi xəbərdarlıq elanları da vurulub.
Onu da deyək ki, xəbəri yayan modern.az saytında bununla bağlı özünü Akademiya işçisi kimi təqdim edənlərin maraqlı şərhləri də yer alıb. Onlardan biri yazıb: “Dərd orasındadır ki, bunu tətbiq edənlər özləri günlərlə iş yerində olmur və digər biznesləri ilə məşğuldurlar. Sənəd imzalatmaq üçün soruşulanda da cavab bu olur: “Tədbirdədirlər”. İnanın ki, çoxusu ailə başçısı və uşaqlı qadınlardır ki, məcburən yarımştata keçirilib və 103 manat maaşa (onun da yarıdan çoxu min bir bəhanə ilə kəsilir) işləyirlər. İnanmırsınız yaxınlaşıb istənilən sıravi işçidən soruşun. Normal əmək haqqı olsa kimin qapılarda sürünmək meyli olar ki? Adam bir yerdə işləyər də”.
Başqa bir şərh müəllifi isə “seyrçi” linki ilə belə yazıb: “Son illərin ən mənasız "elmi yeniliyi" bu turnilet məsələsidir. Hər bir elmi işçi adi iş masası (kompüter demirəm) ilə təmin olunmamış bu addımın atılması sadəcə olaraq təəccüb doğurur. Maaş da öz yerində. Bu qaydanı tətbiq etməyə qərar vermiş adamlar AMEA institutlarının orta statistik şöbə müdirinin bir aylıq maaşı ilə dolana bilərlərmi? Dolana bilməzlərsə, turniketləri demontaj etməlidirlər”.
“Unikal”ın dəqiqləşdirməsi zamanı da məlum olub ki, AMEA-da işçilərin məlum yeniliklə bağlı kütləvi narazılığı yaranıb. Onlar tezliklə bu yeniliyin ləğv edilməsini istəyirlər.
Xatırladaq ki, AMEA-dakı narazılıqlar Akif Əlizadənin Akademiya prezidenti postuna təyinatından sonra nəinki səngiyib, hətta bir az da artıb. Onun bu vəzifəyə gətirilməsindən sonrakı müxtəlif vaxtlarda Akademiya rəhbərliyinə müxtəlif məsələlərlə bağlı xeyli tənqid və qınaq səsləndirilib. Elə AMEA-da yeni qaydanın tətbiq edilməsinin işçilərin böyük əksəriyyətinin sərt təpkisi ilə qarşılanması da, Akademiya daxilində ciddi narazılıqların olduğunu təsdiqləyir.
Ülviyyə Qasımlı