Oğlunun güdazına gedən məmurla bağlı təfərrüatlar
Oğlunun güdazına gedən məmurla bağlı təfərrüatlar

Övladının “facebook aktivliyi” prokurorluq işçisinin karyerasını baltaladı; Zakir Qaralov ictimai rəyə həssaslığını nümayiş etdirdi

Məlum olduğu kimi, Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyev işdən azad olunub. Bu haqda “Axar.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Onun işdən azad olunması ötən günün əsas hadisələrindən olduğundan bu məsələylə bağlı kiçik araşdırma aparmaq qərarına gəldik. Beləliklə, prokurorluq işçisinin karyerasına son qoyan proseslərə nəzər salaq. Hər şeydən öncə isə Ramiz Nəbiyevin işdən azad olunmasıyla bağlı rəsmi açıqlamaya diqqət edək:

“İşdən öz ərizəsi ilə
çıxıb...”

Qeyd edək ki,Ramiz Nəbiyevin 2012-ci il dekabrın 29-da vəzifəyə təyinat almışdı. İndi isə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Ramiz Nəbiyevin öz ərizəsi ilə işdən azad olub. Təbii ki, verilən bu rəsmi açıqlamada elə belə də deyilməliydi, amma bir həqiqət var ki, Ramiz Nəbiyevin işdən çıxması oğlunun facebook sosial şəbəkəsində bahalı avtomobillərinin fotolarını paylaşmasından sonraya təsadüf edib. Bizcə bu iki hadisə arasında ciddi bağlılıq var.
Qeyd edək ki, bir müddət əvvəl R. Nəbiyevin oğlu Elvin Nəbizadənin “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olmuşdu. Üstündən bir neçə gün keçdikdən sonra isə Ramiz Nəbiyev “öz xahişi ilə” tutduğu vəzifədən uzaqlaşdırıldı...

Hər şey belə
başlamışdı...

Elvin Nəbizadə adlı facebook istifadəçisi şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşüb.
Paylaşdığı şəkillərdə dəbdəbəli həyat tərzinə malik olduğunu nümayiş etdirən Elvin Nəbizadənin kimliyi o qədər də maraq doğurmazdı. Amma soaial şəbəkə istifadəçisinin öz səhifəsində iş yerini prokurorluq olaraq göstərməsi medianın diqqətini çəkib.
Bundan sonra mətbuata məlum olub ki,1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadə Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğludur.
Paylaşılan şəkildə dollar və manat əskinaslarının düzülüşündən də göründüyü kimi (222), Almaniya istehasalı olan 10-VJ-222 dövlət qeydiyyat nişanlı “Volkswagen” və Rusiya istehsalı olan “Niva” markalı avtomobillər Elvin Nəbizadəyə məxsusdur.
Profildə paylaşılan digər avtomobillərin sahibləri də müəyyənləşib. Belə ki, 90-KN-100 dövlət qeydiyyat nömrəli “Jeep” markalı bahalı avtomobil “feysbuk” fəalı Elvin Nəbizadənin atası Ramiz Nəbiyevə məxsusudur.
Şəkildəki 01-BL-001 dövlət qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır.

Bahalı nömrələr və
bahalı maşınlar həmişə xoşbəxtlik gətirmir

Elvin Nəbizadənin statuslarından görünür ki, şəkildə dövlət qeydiyyat nişanı görsənməyən “Mersedes” markalı avtomobil də Nəbiyevlər ailəsinə məxsusdur. Nəbiyevlərin ailəvi avtomobili 10-AZ-028 dövlət qeydiyyat nişanlı olduğu bildirildi.
Qeyd edək ki, 01-BL-001 nömrə nişanlı avtomobilin sahibi, Elvin Nəbizadənin böyük qardaşı Sumqayıt İmtahan Qeydiyyat Şöbəsinin rəisi Polad Şixəliyevin kürəkənidir. Yəni Ramiz Nəbiyevlə Polad Şixəliyev qudadırlar.
Polad Şıxəliyev ailəvi olaraq DİN strukturunda çalışırlar. Onun qardaşı biri DİN Lənkəran Regional Narkomaniya və Narkobiznesə Qarşı Mübarizə İdarəsinin rəisi Füzuli Şıxəliyevdir.
Bildirilir ki, “bahalı nömrələrin” Nəbiyevlər ailəsinin bahalı avtomobillərində “peyda olması” bu qohumluq əlaqələri ilə bağlıdır.

Baş prokuror ictimai rəyə hörmətini ifadə etdi

Məlumat üçün bildirək ki, məmur övladlarının və qohumlarının bahalı avtomobil mərəzinə tutulması artıq acı bir reallığa çevrilib. “Unikal” qəzeti olaraq biz hətta bu günlərdə sözügedən mövzuyla bağlı geniş araşdırma yazısı ilə çıxış etmişdik. Amma təəssüflər olsun ki, mətbuatın bu məsələni diqqətdə saxlamasına, dövlət başçısı İlham Əliyevin məmurları və onların övladlarını dəfələrlə təvazökar həyat tərzinə dəvət etməsinə baxmayaraq bu kimi neqativ hallar hələ də müşahidə olunmaqdadır.
Nəinki iri dövlət məmurlarının, hətta hansısa icra başçısının, onun müavinlərinin övladları belə tamahlarına “dur” deməkdə acizlik çəkir. Hər halda məmurların qudurğan övladlarının “şıltaqlıqları” ilə bağlı çoxsaylı faktlar mövcuddur.
Bu dəfə isə oğlunun facebook sosial şəbəkəsində lovğalanması konkret olaraq prokrorluq sistemində yüksək vəzifə tutan atasının karyerasının “baltalanması” ilə nəticələndi. Hesab edirik ki, bu qərar təqdirəlayiq addımdır və baş prokuror Zakir Qaralov bununla qanunsuzluqlara qarşı güzəştsiz olacağını bəyan etməklə ictimai rəyə hörmətini ifadə etmiş oldu.
Seymur Quliyev