Azad Rəhimovun bukmeker kontorları ilə bağlı daha bir tükürpədici fakt
11:54 22-01-2014
İQTİSADİYYAT
Azad Rəhimovun bukmeker kontorları ilə bağlı daha bir tükürpədici fakt
“Futbol qumarı” Azərbaycan ailələrinə bədbəxtlik gətirməyə davam edir
Azərbaycanda “futbol qumarı”nın ailələri çətin vəziyətdə qoyduğu haqqında tez-tez danışılır. Gənclər və idman naziri Azad Rəhimovun qeyri-rəsmi nəzarətində olan “Topaz”a bununla bağlı qınaq və tənqidlər ünvanlansa da qarşı tərəf bununla razılaşmır, hər vəchlə belə halların varlığını inkar edir.
Amma dünən “Azalıq” radiosunun qaynar xəttinə ünvanlanan bir şikayət əslində “futbol qumarı” ilə bağlı ictimai narahatlıqların heç də əsasız olmadığını ortaya qoyur. Gəlin əvvəlcə şikayətlə tanış olaq.
“Həyat yoldaşım “AccessBank”ın mərkəzi filialında kredit mütəxəssisi işləyirdi. Bir dostu ilə 3-5 dəfəyə sələmçidən pul götürüb “Topaz” oynayıblar, hər dəfə də uduzublar. Bankdan kreditlər götürməklə 13 min manatın qarşılığında 19 min manat ödəsələr də, yığılıb qalmış təqribən 40-41 min manat faizi ödəyə bilməmişdilər. Sələmçinin prokurorluğa şikayətindən sonra həyat yoldaşım və dostu həbs olundu” - məlum şikayətin müəllifi olan Ağstafa sakini Tamara Seyidova deyib.
O, həyat yoldaşı, 28 yaşlı Anar Seyidovun həbsini qanunsuz sayır: “Əgər yoldaşım pulu sələmə götürüb faizlərini ödəməmişdisə, bu, mülki iş idi. Sələmçi məhkəməyə şikayət edə bilərdi. Yoldaşımın kredit mütəxəssisi kimi aylıq maaşı 1700 manat idi. 1 ilə 20 min manata yaxın pul edirdi. Məhkəmə borcunu aylara böləydi, yoldaşımın maaşından tutaydı. Sələmə görə adam tutmurlar. Ancaq yoldaşımı aldadıb, 62.800 manata qol çəkdirib həbs etdilər”.
Tamara Seyidova deyir, yoldaşına sələmə pul vermiş Zamiq Hüseynov əvvəllər də Xətai rayon Polis İdarəsinə şikayət edib. Ancaq polis idarəsi işin cinayət yox, mülki xarakterli olduğunu əsas gətirərək cinayət işi başlanmasını rədd edib və şikayətçiyə tövsiyə edib ki, məhkəməyə müraciət etsin. Xətai rayon prokuroru Yusif İldırımzadə həmin qərarı ləğv edib və işin polisdə araşdırılması ilə bağlı yeni qərar verib: “Yoldaşımın ifadələrini kompüterdə yazıblar. Sonradan hər yerdən “sələm” sözünü çıxarıblar”.
Xətai rayon polisindən bildiriblər ki, Anar Seyidov və Samir İsmayılov Zamiq Hüseynov adlı şəxsin idarəyə şikayəti əsasında həbs olunub. Şikayətçi bildirib ki, hər iki şəxs onun etibarından sui-istifadə edərək 68 min manat pulunu əlindən alıblar. Polisdə araşdırma aparıldıqdan sonra fakt üzrə Cinayət Məcəlləsinin qrup şəklində dələduzluq maddəsi ilə cinayət işi başlanıb, ilkin dindirmələrdən sonra hər ikisi həbs edilib. Polis İdarəsindən yaxın günlərdə iş materiallarının məhkəmə baxışına göndəriləcəyini də deyiblər.
Bəli, şikayətdən “Topaz” sayəsində bir ailənin necə çətin durumla üz-üzə qaldığı aydın görünür. Artıq ilyarımdır ki, Azərbaycanda "futol qumarı" leqallaşdırılıb. Ölkəboyu "Topaz" məntəqələri yayılıb və indi futbol matçlarına pul qoyuluşları məhz "Topaz" vasitəsilə həyata keçirilir.
Mətbuatın davamlı yazdığı kimi, hazırda Azərbaycanda "futbol qumarı" gənclər və idman naziri Azad Rəhimovun nəzarəti altındadır. Belə ki, "Topaz"ın idarəedici şirkətinə məhz Rəhimovun yaxın dostu (bəzi mənbələrdə hətta qohumu) olduğu bildirilən şəxs rəhərlik edir.
Qeyd edək ki, ölkədə futbol qumarının daha geniş yayılması təxminən 10-12 il əvvəldən başlayıb. "Unikal"ın məlumatlı mənbələrdən əldə etdiyi məlumatlara görə, futbol oyunlarına pul qoyulmasının qeyri-leqal təşkili uzun müddət keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşının monopoliyasında olub. Onlardan başqa bu oyunu kim təşkil etmək istəyibsə, ona təzyiq etdiriblər. Babayevlərin bunun üçün nəzarətlərində hətta "Futbol planet" adlı qəzet də olub.
Qeyri-leqal pul qoyuluşları ölkədə yüzlərə insanın bədbəxtçiliyinə - müflisləşməsinə, evini, ailəsini itirməyə gətirib çıxarıb. Və "Topaz" yarananda rəsmilər iddia edirdilər ki, "futbol qumarı"nın leqallaşması ilk növbədə vətəndaşları fırıldaq qurbanı olmaqdan azad edəcək. Amma əvəzində bu gün onlarla insan “futbol qumarı”nın leqallaşması nəticəsində evini, maşınını itirir, borclanır hətta yuxarıdakı şikayətdən də göründüyü kimi, azadlığını itirir, məhbusa çevrilir.
Məsələnin ciddiyyəti hətta bu barədə ölkənin ən ali tribunasından - Milli Məclisdən problemi dilə gətirmək ehtiyacı yaratdı. Ötən ilin yazında Milli Məclisdə ölkədə “futbol qumarı”nı öz əlində cəmləşdirən Topaz bukmeker kontoru haqqında sərt tənqidi fikirlər səsləndi. Bəzi deputatlar Topaz-ı ailələri dağıtmaqda, vətəndaşları müflisləşdirməkdə ittiham etdilər və onun bağlanmasını tələb etdilər.
Amma təəssüf ki, bu səslənən iradlar, qınaqlar reaksiyasız qalmaqda, “futbol qumarı” isə ailələrə bədbəxtçilik gətirməyə davam etməkdədir.
Görəsən, nə vaxtadək? Bax bu sualın cavabını bilmək çətindir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53