ABŞ prezidentlərini yoldan çıxaran çinli qadın diktator
11:59 22-01-2014
İQTİSADİYYAT
ABŞ prezidentlərini yoldan çıxaran çinli qadın diktator
Xanım Çan Kayşi Amerikanı barmağına necə doladı?
Layihə - “Nəhənglərin həyatı”
Əslində onun bu fikri şişirtmə deyildi və ya özünü qərbli göstərmək arzusundan qaynaqlanmırdı. Düzdür, 10 yaşından Amerikada yaşayıb və orda oxuyub, üstəlik bu yaşına qədər çində qərb tərbiyəsinə məxsus ailədə böyüyüb.
Atası xristian idi. On iki yaşında Amerikaya getmişdi. Orada Sun familiyasını Çarli ilə əvəz etmişdi. İyirmi yaşında Vanderbilt universitetini bitirəndən sonra Çinə qayıtmışdı. Burada öz nəşriyyatını açan Çarli müqəddəs kitab “Bibliya”nı nəşr etdikdən sonra əməlli-başlı varlandı.
Çan Kayşi 1898-ci ildə doğulub. Onların ailəsində üç qız böyüyürdü. Bu qızlar haqda deyirlər: “Biri Çini, o biri pulu, üçüncüsü isə gücü sevdi...”
Böyük qız Kvinlin 1911-12-ci il inqilabının başçısı, Milli Partiyanın qurucusu, Çin Xalq Respublikasının ilk prezidenti sayılan Sun Yatsenlə ailə qurdu. “Pulu sevən” ikinci qız Aylin varlı Çin bankiri Kuna ilə evləndi. Necə deyərlər, “niyyətin hara mənzilin ora”. Meylin isə ABŞ-da təhsilini bitirəndən sonra Çinə qayıdır. O zaman gənc qızın 19 yaşı vardı. Onu Sun Yatsenin adyutantı Çan Kayşi ilə tanış edəndə o, ilk görüşdən Meylinə vurulur.
Çan Kayşi sərt, çətin xarakterli əsgər idi. O, siqaret çəkmir, içmir, sadə kətan paltar geyinir, ayağında samandan hazırlanmış sandal olurdu.
Ancaq bu sevgi Kayşiyə asan başa gəlmir. Çünki Çan evli idi. O, Meylinlə ailə qurmaq üçün düz beş il gözləməli olur. Bu birlik baş tutanda, artıq Çan dövlət başçısı idi. Ona görə də Meylin birinci xanım Çan Kayşi oldu.
Siyasətçi Çan Kayşi
Xanım Kayşi çox böyük həvəslə siyasətə girişir. Ər-arvad Amerikanı su yoluna döndərmişdilər. İşgüzar səfərlər təbii ki, daha çox olurdu. Ər Kayşi ingilis dilində danışmağı bacarmırdı. Həm də Qərb mədəniyyətinə bələd deyildi. Xanım Kayşi onun baş tərcüməçisi, sonradan Qərb siyasəti haqda ən yaxın məsləhətçisinə çevrildi. Təbii ki, xanımın Amerikada böyüyüb boya-başa çatması ona generallarla münasibətlərin ən kəskin bucaqlarını belə hamarlamaq imkanı yaradırdı.
Həyat yoldaşının fəallığını və güvənə biləcəyi yeganə adam olduğunu bilən ər Kayşi 1934-cü ildə onu ilk rəsmi dövlət vəzifəsinə - Çin Hərbi Hava Qüvvələrinin baş katibi postuna təyin edir. Ancaq bir müddət sonra bütün Çini lərzəyə salan xəbər yayılır.
“Xanım diktator yoxa çıxıb”
Bəzi partiyalar və siyasi qruplar xanım Kayşini məhz “diktator” adlandırırdılar. O, üsyançı generallara əsir düşür. Uzun danışıqlardan sonra geri qaytarılır. Ancaq xanım Kayşi vətəni tərk etmək məcburiyyətində qalır. O, Çinin müasirləşməsini başlıca missiya kimi öz üzərinə götürən “Yeni həyat hərəkatı”nı yaradır.
1937-ci il iyulun 7-də Yaponiyanın Çini bombalamasından sonra ölkə iqtisadiyyatı demək olar ki, tamamilə çökür. Çinin Yaponiyanın qarşısına çıxmağa nə texniki, nə insan qüvvəsi qalmışdı. Müharibə xüsusən dinc əhalini, silahsız əsgərləri hədəfə almışdı. Bu vəziyyətdə çətin ki, Çin hökuməti onlarda qələbəyə inam hissi yarada bilərdi. Ona görə də Çan Kayşi vaxt qazanmaq üçün Çin torpaqlarının bir qismini Yaponiyaya verməli oldu. Çıxış yolu kimi Amerikaya əl açmaq və onlara sığınmaq qalırdı. Dil tapmaq üçün daha zərif vasitə yalnız xanım Kayşi idi... Həm də Çin hökumətinin yeganə ümidi...
Xanım Kayşi 1937-1938-ci illərdə ardıcıl olaraq Amerika mətbuatında çıxışlar edir, dünyanı Çinə dəstəyə səsləyir. O, hərbi forma geyinib cəbhəyə gedir, xəstəxanada bir neçə yaralının sarğısını məhz özü dəyişir, uşaq evlərinə baş çəkirdi. Təbii ki, bunların hamısını edəndə yanında mütləq fotoqraf olurdu.
Xanım “əlindən gələni” edirdi ki, qərb bu fotolara baxıb, Kayşinin xalqını necə sevdiyini, qayğısına qaldığını görsün. Ən başlıca məqsədi Amerikadan maddi yardım almaq idi.
Beləcə, ər-arvad Amerika ziyalılarının gözündə müasir Çinin ən güclü cütlüyü statusunu qazandılar. “Time” jurnalı hətta bu cütlüyü 1938-ci ildə "ilin ər-arvadı" adlandırmışdı. 1940-cı illərdə xanım Çan Kayşinin "Nyu-York Times" və "Atlantik Monsli" jurnalında silsilə çıxışları, müsahibələri dərc edilirdi.
Xəyanətkar ledi...
7 dekabr 1941-ci ildə Yaponiya ABŞ-ın hərbi bazasının yerləşdiyi Pörl Harbora hücum etdi. Bu hücum əslində Çinə və Böyük Britaniyaya sərf edirdi. Artıq Yaponiyaya qarşı üç böyük - ABŞ, Böyük Britaniya və Çin müttəfiqlik edirdi. Xanım Kayşi bu birliyin tam mərkəzində özünə "rahat yer" tapmağı bacardı. O, siyasi çəkisi, sözünün kəsərliliyi ilə ərini çox geridə qoymuşdu. Özü də etiraf edirdi: “Həm kişi, həm də siyasətçi kimi Çan Kayşinin çatışmayan cəhətləri çoxdur...”
Zaman keçdikcə Çan Kayşi eleqant, zərif xanıma çevrilirdi. Ancaq ən vacib məsələ burdadır ki, onun kişiləri cəlb etmə gücü hipnoz qədər təsirli idi. Hətta Amerikada gəzən dedi-qodulara görə xanım Çan Kayşinin Franklin Ruzveltin rəqibi, prezidentliyə namizəd Vendel Uilklə sevgi macəraları vardı.
1942-ci ildə Vendel Uilk Çinə dəvət olunur. Vendellə görüş zamanı jurnalistlər xanım Kayşinin onunla münasibətinə daha çox diqqət yetirirdilər. Onlar yazırdılar ki, həmin gecə Uilk qaldığı məkana gecə saat 4 -də və “kefi kök” qayıtmışdı.
Xanım Çan Kayşi Amerikanı barmağına doladı...
Xanım Çan Kayşi hakimiyyətinin ən parlaq dövrü 1943-cü il sayılır. Belə ki, həmin il o, ABŞ-a getdi. Xanımı "Ağ ev"ə dəvət edən Ruzvelt ailəsi bir həftəyə yaxın Kayşiyə çox böyük qonaqpərvərlik göstərdilər. O, Vaşinqton konqresində əhəmiyyətli və gözəl çıxış etdi. Necə təsirli danışmışdısa, hətta zalda ağlayanların olduğu da deyilirdi. Onun çıxışı xüsusən biznesmenlərə yönəlmişdi. Beləcə, Ruzvelti “yola gətirən” xanım Çan Yaponiya əleyhinə milyard dollar əldə etdi. Bununla o, hətta bütün dünyada ən güclü və “təsirli” xanım siyasətçi statusu qazandı.
Amma ailədə vəziyyət o qədər də ürəkaçan deyildi. Çünki onun gizli sevgi münasibətinin olduğunu israrla yazan qəzet və jurnallar vardı. Kayşi cütlüyünü ayrılmaq təhlükəsi gözləyirdi.
Ancaq 12 aprel 1945-ci ildə Franklin Ruzveltin ölməsi və onu Harri Trumenin əvəz etməsi xanım Kayşini düşünməyə vadar etdi. Çünki yeni prezidentlə yaxından tanış deyildi. Üstəlik, yenidən prezident seçilmək şansını qaçıran Uilkin ürəyi bu zərbəyə davam gətirmədi. Sevgilisi də öləndən sonra Çan Kayşinin növbəti dəfə “birinci xanım” olmaq ehtimalı sıfıra endi. Ona görə də ağlını başına cəm edib ərindən möhkəm yapışdı...
1946-cı ildə Çində baş verən vətəndaş müharibəsi hakimiyyəti böyük risk altında qoyur. Hər yerdən əli üzülən Kayşi yenə ABŞ-a sığınmaq istəyir. Ancaq bu dəfə Trumen xanım Çanın kələyinə alət olmur. Çünki, artıq o bilirdi ki, Amerikanın Çinə yardım üçün verdiyi pulun böyük hissəsi Kayşinin şəxsi ailə seyfində saxlanılır. Ona görə də 1948-ci ildə yenidən “pul” deyib, Amerikaya üz tutan xanım həmişəki uğurunu müvəffəq ola bilmir. Üstəlik, Trumen Çinə yardım proqramını yerli-dibli ləğv edir. Bütün kirli əməllərinin üstü açılandan sonra Çan Kayşi hökuməti iflasa uğramaq təhlükəsində qalır. Bu zaman ər Kayşi çarəni Tayvana qaçmaqda görür. O, darmadağın edilmiş ordusu və iki milyon çin vətəndaşı ilə birgə Tayvana gedir.
Həmin vaxtlarda xanım Kayşi təhlükəsizliyini təmin etmək üçün Amerikaya sığınmışdı. Ancaq 1950- ci ildə ərinin yanına gedə bilir. Onlar başa düşürdülər ki, güclü olmaq üçün hər iki tərəf indiyədək buraxılmış səhvlərin üstündən xətt çəkməlidir.
Beləcə, xanım Çan Kayşi yenidən Tayvan dövlətinin başlıca siyasi fiquruna çevrilir. O, yenə də Çinin milli bayraq altına birləşməsi ideyasını müdafiə etməyə başlayır. Xanım Kayşi yaratdığı Milli Partiyanın hüquqi olduğunu elan edir. Hətta BMT-ni onun qurduğu “dövlətin” rəsmən tanıması üçün dilə tutur. Təbii ki, rəqibləri onun bu tələbinə qarşı çıxaraq, Kayşini “gözümçıxdıya” salırdılar. Bütün bu təzyiqlərin qabağında xanımın qurduğu partiya Çini BMT-də 20 il təmsil etdi.
5 aprel 1975-ci ildə general Çan Kayşinin vəfatından sonra xanım Çan Kayşi Amerikaya köçür. Siyasətdən tamamilə uzaqlaşan xanım Çan yalnız rəssamlıqda təsəlli tapır. 103 yaşında Nyu Yorkda əl işlərindən ibarət sərgi təşkil edir. Həyatın “hər üzünü” görən Xanım Kayşi nəhayət 2003-cü ildə 105 yaşında dünyadan doyur...
Dünya onu zərif, ağıllı, hiyləgər, diktator, məşuqə kimi tanıdı. Hann Pakulun “Sonuncu imperator” kitabında Eleanora Ruzveltin Çan Kayşi haqqında xatirələri böyük maraqla qarşılanmışdı: “Bir dəfə mən xanım Çandan soruşdum ki, şaxtaçılar birliyinin rəhbəri Con Lyuis ilə necə davranaq? O, heç nə demədi. Zərif, incə əlini boğazına aparaq, xüsusi jestlə başının kəsilməsi əmrini verdi. Xanım Çan demokratiya haqda çox gözəl və inandırıcı danışırdı, amma bilmirdi ki, onunla necə rəftar etmək lazımdır..."
Gülnarə İlham
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53