Azərbaycanlı deputatlar: "İnsanlar təşviş içərisindədir"
11:49 28-01-2014
CƏMİYYƏT
Azərbaycanlı deputatlar:
"İnsanlar təşviş içərisindədir"
Son günlər Ermənistan silahlı qüvvələri təmas xəttində atəşkəsi intensiv şəkildə pozmaqda davam edirlər
Bu hadisələr nəticəsində bir mülki şəxs - Tovuz rayonunun Əlibəyli kənd sakini Ruhiyyə Hüseynova yaralanıb və iki zabitimiz - kapitan Elnur Cəfərov və leytenant Səbuhi Əzizov şəhid olub.
Milli Məclisin sədr müavini, 84 saylı Füzuli seçki dairəsindən seçilən millət vəkili Bahar Muradova: "Son günlər cəbhə xəttində baş verənlər sadəcə atışma deyil, bu, insan həyatına son qoyan lokal döyüş əməliyyatlarıdır. Belə hallar Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesinə, atəşkəsin tərəflərin üzərinə qoyduğu öhdəliklərə və beynəlxalq konvensiyalara heç də uyğun gəlmir. Odur ki, bu məsələ hamı kimi bizi də narahat edir. Bu məsələni narahatlıqla izləməklə yanaşı, həmsədrlərdən, münaqişənin həllinə vasitəçilik edən dairələrdən, ölkələrdən ciddi mövqelər gözləyirik. Əlbəttə, təxribatların müəllifi olan Ermənistana ciddi təzyiqlərin edilməsini gözləyirik. Bu qeyri-müəyyənliyin içərisində insanların həyatlarını itirməsi bizi də narahat edir".
4 saylı Naxçıvan seçki dairəsindən seçilən millət vəkili Eldar İbrahimov cəbhə xətti və sərhədyanı bölgələrdə atəşkəsin pozulması hallarını izlədiyini bildirib. "Ermənilər hər zaman belədir. ATƏT-in həmsədrləri münaqişənin həlli ilə bağlı regiona səfər edərkən və ya xarici işlər nazirlərinin görüşü ərəfəsində onlar hər zaman belə hərəkət ediblər, atəşkəsi aktiv şəkildə pozurlar. Bu, erməni xislətidir. Əlbəttə cəbhəyanı bölgələrdə insanlar təşviş içərisindədir, nə qədər həyəcan keçirdirlər".
107 saylı Qazax seçki dairəsindən seçilən millət vəkili Əhməd Vəliyev də hər gün rayonla əlaqə saxladığını qeyd edib. "Hələlik şükürlər olsun ki, Qazaxda digər yerlərə baxanda vəziyyət normaldır və insanlarda təşviş yoxdur. Hər şey öz qaydasındadır. Hay-küy olan vaxtlarda heç bir nəfər də Qazaxdan kənara çıxmayıb. Bir neçə kənd işğal olunub, onların sakinləri də Qazax rayonunda yerləşdirilib. Qazaxın sərhəddə yaşayan kəndlərinin sakinləri öz qeyrətləri ilə duruş gətirir və heç yerə tərpənəsi deyillər".
105 saylı Tovuz seçki dairəsindən seçilən millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda hər zaman olduğu kimi, indi də hərbçilərimiz Ermənistanın atəşkəsi pozaraq törətdiyi təxribatçı addımlara layiqli cavab verib.
"Tovuzun Ermənistanla təxminən 70 km-lik ön cəbhə xətti var və hərbçilərimiz ön cəbhəmizi layiqli şəkildə qoruyur. Bütün təxribatçı addımlara layiqli cavab verirlər. Əsgərlərimizin əhval-ruhiyyələri çox yaxşıdır. Tovuzun ön cəbhədə yerləşən kəndlərinin sakinləri isə qəhrəman insanlardır. Onlar müharibənin ən ağır zamanlarında da böyük fədakarlıqlar göstəriblər və ön cəbhədə yaşamaq nə qədər çətin olsa da, indi də öz evlərini bir an belə tərk etməyiblər. Allah hər zaman onları və ümumiyyətlə ön cəbhəmizdə yaşayan bütün dəyərli, qorxmaz bacı-qardaşlarımızı, insanlarımızı qorusun. Tovuzda ön cəbhədə görüşdüyüm yerli sakinlər yenə də deyirdilər ki, "düşmən bizi heç zaman qorxuda bilməz. Biz torpaqlarımızın işğaldan azad olunması üçün kişili-qadınlı hamımız hazırıq". Ön cəbhə kəndlərinin belə qəhrəman insanları qarşısında baş əyirəm".
95 saylı Tərtər seçki dairəsi Sahib Alıyev də daim rayonla əlaqə saxladığını və oradakı vəziyyətlə maraqlandığını qeyd edib. "Tərtərdə də olanda sərhəd kəndlərinə baş çəkirəm. Məlum olduğu kimi, sərhədyanı kəndlərin hamısında hasarlar çəkilir. Bu da imkan vermir ki, ermənilər əvvəlki kimi istədiyi dinc sakini atəşə tuta bilsin. Amma insanların əkin-biçin məsələləri, tarlaya çıxmalarında problemlər yaşanır. Cəbhənin Tərtər xətti atəşkəsin intensiv pozulduğu nöqtələrdəndir və əhali də buna öyrəşib. Tərtər camaatı mərd, zəhmətkeş və igid camaatdır. Bu camaatı hansısa atəşkəsin pozulması ilə qorxutmaq mümkünsüzdür. Təbii ki, narahatlıq var. mərdimazarlar adətən, atəşkəs pozulanda səngərlərdən dinc yaşayış məntəqələrinə atəş açırlar və bununla da öz xislətlərini göstərirlər".
103 saylı Gədəbəy seçki dairəsindən seçilən millət vəkili Sevinc Hüseynova rayonda hər şeyin qaydasında olduğunu və öz axarı ilə getdiyini, əhalinin təşviş içərisində olmadığını vurğulayıb. "Ermənilərin son günlərdə mütəmadi olaraq atəşkəsi pozması yerli camaatı qorxutmur . Atəşkəsin pozulması və cavab atəşinin verilməsi nəticəsində əksinə, Ermənistanda 3 kənd boşalıb. Azərbaycan xalqı öz dövlətinə, rəhbərliyinə və Ali baş komandanına arxayındır və onun ətrafında birləşərək düşmənin cavabını verməyə və öz torpaqlarını azad etməyə hər zaman hazırdır".
Alı
Digər Xəbərlər
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51