Rusiya Ukraynanı itirdi?!
12:53 04-02-2014
CƏMİYYƏT
Rusiya Ukraynanı itirdi?!
Moskva daha bir qlobal siyasi savaşı uduzmağın bir addımlığında!
Ukrayna prezidenti Viktor Yanukoviçin komandası Ukraynanın gələcəyi ilə bağlı üçtərəfli danışıqlarda Rusiyanı iştirak etməyə çağırıb. Müxalifət isə böhranın nizama salınması üçün mümkün vasitəçilər olaraq yalnız Avropa İttifaqı (Aİ) və ABŞ-ı tanıyır.
Vəziyyət ona görə çətindir ki, ölkə hazırda ikiyə bölünmüş vəziyyətdədir. Ölkənin demək olar ki, yarısı Maydanı Ukraynanın gələcəyi üçün simvol olaraq görür, islaharların aparılmasını və hakimiyyət dəyişikliyini tələb edir. Onlar yalnız avrointeqrasiyanın nailiyyət olacağını bildirirlər. Ölkənin digər yarısı - şərq və cənub sakinləri Ukraynanın gələcəyini Avrasiya İttifaqında görürlər.
Ukraynadakı vəziyyət istirahət günləri keçirilən 50-ci Münhen Təhlükəsizlik Konfransında da müxtəlif çərçivəsində müzakirə edildi.
Aİ və ABŞ-ın nümayəndələri Ukrayna hakimiyyətindən xalqın səsinə qulaq asmağı tələb edərək birgə mövqe sərgilədilər. Qərb liderlərinin bu mövqeyi Ukraynanın avrointeqrasiyasını qarşısına məqsəd qoyan etiraz hərəkatına əsaslanır. Avropa Şurasının sədri Herman van Rompey Münhendə bildirib ki, qurumun təklifi əvvəlki kimi aktualdır: "Ukraynanın gələcəyi - Avropa İttifaqındadır".
Beynəlxalq konfransda iştirak etmiş Ukrayna müxalifətinin liderləri - UDAR Partiyasının rəhbəri Vitali Kliçko və Ali Radanın "Batkivşina" fraksiyasının rəhbəri Arseniy Yasenyuk böhranın həll edilməsi üçün Qərbi vasitəçilik etməyə çağırdılar. "Yüksək səviyyəli beynəlxalq təşkilatların Ukraynadakı siyasi böhranın həllində vasitəçiliyi effektiv olacaq. Hansı ki, onlar Ukrayna hakimiyyəti ilə əldə olunan razılaşmaların qarantı kimi çıxış edərdilər", - V.Kliçko BMT baş katibi Oan Ki Mun ilə görüşdə bildirib.
A.Yasenyuk da Aİ rəhbərləri və ABŞ dövlət katibi Con Kerri ilə görüşündə vasitəçilik çağırışlarını dilə gətirib. O, görüşlərdə böhranın həlli planını elan edib: "Birinci məsələ Ukraynada zorakılığın dayandırılmasıdır, ikincisi isə nümayişlərdə həbs olunanların azad olunmasıdır. Üçüncü, insan oğurluğu, işgəncələr və nümayişçilərin ölüm faktları araşdırılmalıdır. Dördüncüsü, Konstitusiya islahatı keçirilməli və ölkə parlament-prezident idarə üsuluna qayıtmalıdır".
A.Yasenyukun sözlərinə görə, bütün bunlardan sonra şəffaf parlament və prezident seçkilərini keçirmək lazımdır. Amma Kiyevdə hesab edirlər ki, bu plan Ukraynanın şərq və cənub bölgələrində yaşayan vətəndaşların fikirlərini nəzərə almır. Regionlar Partiyasının Xarkov vilayətinin yerli təşkilatı dünən fövqəladə toplantısında "Ukrayna Cəbhəsi" ümumukrayna ictimai ittifaqının yaradılması barədə qərar qəbul edib. Toplantı iştirakçıları "Ukrayna Cəbhəsi"nin Maydanda yaradılmış "Ukrayna Milli Qvardiyası" və "Qərb kukla teatrı"nın artistlərinə qarşı mübarizə aparacağını bildiriblər.
Ekspertlər qeyd edirlər ki, ölkənin şərq hissəsi Rusiya ilə yaxınlaşmanı dəstəkləyir və buna görə də noyabr ayında Aİ ilə assosiasiya haqqında danışıqları dayandıraraq xarici siyasət kursunu dəyişən prezident Yanukoviçi dəstəkləyirlər. Maydandakıların tələb etdiyi islahatlar da ölkənin bu ərazisində süngü ilə qarşılanır.
"Vahid Dünya" Beynəlxaql Fondun rəhbəri Eduard Prutnik hesab edir ki, yaranmış vəziyyətdə Ukrayna siyasətçiləri və xarici güclər ölkənin hər iki hissəsinin fikirini nəzərə almalıdır. Eyni təkliflə Münhen təhlükəsizlik konfransında Ukrayna xarici işlər naziri Leonid Kojara da çıxış edib. Ukrayna xarici siyasət idarəsinin başçısı Aİ ilə danışıqlar stolunda Rusiyanın da olmasını istədiklərini bildirib. O, Rusiyanın iştirakı olmadan bir sıra suallara cavab tapmağın mümkün olmadığını qeyd edib. Rusiya xarici işlər naziri Sergey Lavrov da üçtərəfli konsultasiyalarla bağlı Ukrayna rəhbərliyinin təklifini dəstəklədiyini deyib. Rusiya xarici işlər naziri Qərbi "ya bizimlə, ya da bizə qarşı" prinsipindən əl çəkməyə çağırıb.
Xatırladaq ki, rəsmi Kiyev Rusiya-Aİ-Ukrayna üçtərəfli danışıqların keçirilməsi təklifini hələ noyabr ayında səsləndirmişdi. Həmin vaxt Aİ üçtərəfli danışıqlardan imtina etmiş, Rusiya ilə danışmağa hazır olduğunu bildirərək Ukrayna ilə danışmağa heç nəyin olmadığını bildirmişdi. Hazırda isə Aİ-nin bu formata müsbət baxdığı bildirilir. Aİ-nin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton bu həftə Kiyevə növbəti dəfə gələcək. Onun səfərinin gündəmi yeni hökumətin formalaşdırılması ilə bağlıdır.
V.Yanukoviç bu günlərdə bildirib ki, o, bütün öhdəliklərin hakimiyyət tərəfindən yerinə yetirildiyini hesab edir. O, 16 yanvarda qəbul olunan qanunların ləğv olunduğunu və nümayişlərdə həbs olunan yüzlərlə insanın azad olunması ilə bağlı amnistiya aktının qəbul olunduğunu qeyd edib. Yanukoviç müxalifətə təklif olunan baş nazir və baş nazir köməkçisi vəzifələrini də mühüm güzəşt hesab edir. Müxalifət isə bildirir ki, baş nazir vəzifəsi hakimiyyət sistemində heç nəyi dəyişdirmir. "Biz baş nazir vəzifəsi üçün sövdələşmələrdə iştirakı qəbul etmirik. Müxalifəti vəzifə ilə almağa çalışmaq lazım deyil",- A.Yasenyuk deyib.
Diqqət çəkən məqam odur ki, Ukrayna böhranının həllində vasitəçi roluna iddia edən Qərb və Rusiya vəziyyəti müxtəlif qiymətləndirirlər. S.Lavrov Münhendə yenidən xatırlatdı ki, etiraz aksiyalarının iştirakçıları qanunları pozurlar. Rusiya xarici işlər naziri öz ölkələrində kütləvi etiraz aksiyalarının qarşısını anındaca alan Qərbin Ukraynadakı nümayişlərin təşkilatçılarına dəstək verməsinə təəccüb etdiyini dilə gətirib. Qərb nümayişçilərin tərəfindədir və güc metodlarından istifadə edəcəyi halda Yanukoviçi sanksiyalarla hədələyir.
Vəfa Quluzadə:
"Əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ABŞ ona laqeyd
qalmayacaq,
cavab verəcək"
Politoloq Vəfa Quluzadə Ukrayna prezidenti Viktor Yanukoviçin ölkəsilə Avropa İttifaqı arasında assosasiya sazişinin imzalanmasına qərar verməsinə münasibət bildirib.
V.Quluzadənin sözlərinə görə, V.Yanukoviç başa düşdü ki, Rusiya Ukraynaya heç bir sahədə kömək etməyəcək. Politoloq hesab edir ki, Rusiyanın Ukraynaya qoşun yeritməsi təhlükəsi vardı. Rusiya mediasında yayılan məlumatlara əsasən, Moskva Ukraynaya ordu göndərmək üçün zəmin yaradıb. Bəzi rus dairələri tərəfindən Ukrayna xalqının Rusiyadan kömək gözlədiyi və guya Avropa İttifaqına getmək istəmədiyi kimi fikirlərə aydınlıq gətirən V.Quluzadə qeyd etdi ki, Rusiya yalançı iddiaları ilə ukraynalıların ondan kömək gözləməsi görüntüsünü yaratmaq istəyir: "ABŞ isə bunu yaxşı başa düşdüyündən Qara dənizə özünün 4 böyük hərbi gəmisini göndərdi. Əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ABŞ ona laqeyd qalmayacaq, cavab verəcək. İndiki vəziyyətdə Amerikanın mövqeyi bundan ibarətdir. Daxili vəziyyətə gəlincə, Viktor Yanukoviç rusların üstün olduğu Şərqi Ukraynada da mövqelərini itirib. Çünki Şərqdə yaşayan rusmeyilli əhali Rusiyanı dəstəkləmir, Yanukoviçdən isə imtina edib. Ölkədə korrupsiya ən yüksək həddinə çatıb. Rusmeyilli əhali də iddia edir ki, Ukraynada heç vaxt bu qədər korrupsiya olmayıb. İqtisadiyyat çökür, ölkənin iqtisadi məhsulları özünə bazar tapa bilmir. Bu amillərə görə, Şərqi Ukrayna da Rusiyaya meyl etmir. Yanukoviç də başa düşür ki, belə bir vəziyyətdə onun yeganə çıxış yolu xalqın tələblərini yerinə yetirməkdən keçir. Baş nazir Nikolay Azarovun istefaya göndərilməsi və gələcəkdə də hökumət strukturlarında dəyişikliklərin ediləcəyi bu məsələlərdən qaynaqlanır. Yaxın gələcəkdə Ukrayna hökuməti dəyişəcək. Yanukoviç Putinin təzyiqləri altında Ukraynanın Gömrük İttifaqına üzv olmasına razı olmuşdu. İndisə, fikir dəyişdirərək Avropa İttifaqı ilə danışıqlara başlayır. Prezidentin qərarı Ukraynanın Gömrük İttifaqından imtina etməsini göstərən amildir. Həmin faktorları nəzərə alan Yanukoviç təhlükəli mövqeyini dəyişdirdi. Rusiya Ukraynanı itirdi. Moskvanın Ukrayna mübarizəsi Rusiyaya xeyir gətirməyəcək. Çünki indiki şəraitdə keçmiş sovet geosiyasəti gündəmdə olan məsələ deyil. Siyasi ideologiyalar demokratiyaya sarı yönəlib. Rusiya səhvə yol verərək, İkinci Dünya Müharibəsindən sonra ABŞ-la silah yarışına girdi. Əslində bu mübarizə iqtisadi sahədə olmalı idi. Rusiya bazarlarda Rusiya və Qərb malları ilə rəqabət apara biləcək iqtisadi məhsulların istehsalı ilə məçğul olmalıydı. Qərb və Amerika isə güc yarışı Rusiyanı çökdürdü. Rusiya bu vəziyyətdə Ukraynanı özünə tabeə etsəydi belə, həmin mübarizədən qalib gəlməyəcəkdi. Ukrayna özü öz müqəddaratını təyin etmək iqtidarındadır. Qərb də ukraynalıların tələblərinə dəstək vermək gücündədir. Çünki Rusiya siyasi arenadan çıxarılıb".
"Qərb Rusiyanın köhnə imperiya gücünü
əldə etməsinə qətiyyən razı deyil"
"Rusiyanın, təsir sahəsi aldandırılan konseptini "yaxın qonşuluq" adı altında təkrar irəli sürərək, SSRİ-ni bərpa etmək istədiyi mübahisə olunmayan bir fenomendir. Əslində təsir sahəsi, imperial müharibələrin aparıldığı 19-cu əsrdə yaranmış bir anlayış idi". Bunu isə politoloq Fərhad Mehdiyev deyib.
F.Mehdiyev hesab edir ki, lakin Rusiya bu cəhdində, önümüzdəki 15-20 il ərzində uğurlu ola bilməyəcək: "Beynəlxalq siyasət nəzəriyyəsində "sistem yanaşması" adlanan bir metoda görə, sistem və mühit fərqi göstərilir, mühit daha geniş anlayış olmaqla, böyük güclərin qərar və hərəkətlərinə təsir göstərir. Mövcud beynəlxalq mühiti düzgün qiymətləndirsək, təsirin tətbiq olunduğu ərazilər baxımından (Ukrayna, yoxsa Kazaxstan) fərqli nəticələrə çıxarıq. Müasir beynəlxalq mühit yüksək dərəcədə aktivlik və sürətlili mübadilələr ilə müşahidə olunur. Bir dövlətin ata biləcəyi addımları, digər dövlətlər daha əvvəl planlaşdırır və dərhal da reaksiya verir. Bütün bunlara, texnologiya və kommunikasiyaların inkişafı da təsir göstərib. Bir şeyi dəqiq deyə bilərik - Qərb öz müstəmləkələrini buraxmaqla, lakin başqa cür təsir altına almaqla (ittifaqlar əli ilə), eyni davranışa Rusiyanı da sövq edir. Bununla belə Qərb Rusiyaya köhnə imperiya gücünü əldə etməsinə və bunu xüsusilə Avropa üzərində tətbiq etməsinə qətiyyən razı deyil. ABŞ hələ də köhnə siyasəti - "kənardan dur və izlə, lazım olduqda müdaxilə et" prinsipinə sadiqdir. Demək olar ki, ABŞ İngiltərənin əvəllər icra etdiyi "möhtəşəm tənhalıq" siyasətini davam etdirir və bunu WMF, WB, WTO, NATO və UN kimi qurumların mexanizmləri ilə də gücləndirir. Qərbdə belə bir anlayış var - Şərqi Avropaya hakim olan, Avrasiyaya, Avrasiyaya hakim olan da dünyaya hakim olar. Bu səbəblə məsələn, Ukrayna qətiyyən Rusiyaya təslim olunmayacaq. ABŞ-ın Polşanı anti-raket hücumuna qarşı raket qalxanı ilə əhatə etməsinin, Baltik ölkələrinə tam Aİ üzvlüyünün verilməsinin səbəbi budur. Belorusiyada isə, Lukaşenkonun nəzarəti və Rusiya çox güclü olduğuna görə, hələ ki reallıqlar nəzərə alınaraq, Qərb gözləmə mövqeyindədir. Cənubi Qafqaz baxımından isə, Rusiyanın əsas cəhdləri Azərbaycanı ələ keçirməkdir. Lakin Azərbaycanda karbohidrat pulları, bunları bazara çıxarabilmə imkanları və sabit, güclü hakimiyyət, hələ ki, Rusiyanın bu cəhdlərini imkansız edir. Bununla belə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Rusiyanın əlində bir təsir mexanizmidir və bundan da imtina olunmayacaq".
Avropa Birliyi və ABŞ Ukraynaya maliyyə
yardımı nəzərdə tutan xüsusi plan hazırlayır
Avropa Birliyi və ABŞ Ukraynaya maliyyə yardımı nəzərdə tutan xüsusi plan hazırlayır. Bunu "Wall Street Journal" nəşrinə Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.
Onun sözlərinə görə, bu yardım keçid dövrü üçün nəzərdə tutulub. K. Eşton bildirib ki, plana əsasən, həmin vəsaitlə müvəqqəti hökumət 2015-ci il prezident seçkiləri öncəsi siyasi və iqtisadi islahatlar keçirə biləcək.
Maliyyə yardımın ayrılması üçün Ukraynadan Beynəlxalq Valyuta Fondu ilə uzunmüddətli saziş imzalamaq tələb olunmayacaq.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:34:23
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55