"Maşa və Ayı. Novruz sərgüzəştləri" Kosa və Keçəl ilə Bakıda
"Maşa və Ayı. Novruz sərgüzəştləri" Kosa və Keçəl ilə Bakıda

Mədəniyyət Xəbər verdiyimiz kimi, Bakıda Gürcüstanın "Multi-Pulti dünyası" teatrının təqdim etdiyi "Maşa və Ayı" tamaşası böyük ajiotajla və tamaşaçı marağı ilə müşahidə olunmuşdur.
Gürcüstanın "Multi-Pulti dünyası" teatrı Novruz bayramı ərəfəsində də Azərbaycanlı tamaşaçıları sevindirmək niyyətindədir. Teatr "Maşa və Ayı" tamaşasının "Maşa və Ayı. Novruz sərgüzəştləri" adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək.
Məlumata görə, balaca tamaşaçılar sevimli personajları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını martın 18-dən 23-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər. Tamaşa məxsusi olaraq Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi filmi və Novruz adət-ənənələri əsasında hazırlanıb.
Hadisələr Novruz bayramı ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə yanaşı Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edirlər.
Tamaşa iki variantda - Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər.
Balaca tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər gözləyir.