Misir Mərdanovdan rəqiblərinə ismarıc
13:51 14-02-2014
İQTİSADİYYAT
Misir Mərdanovdan rəqiblərinə ismarıc
Sabiq təhsil nazirindən onun istintaqa cəlb ediləcəyinə dair iddialara özünəməxsus cavab
Keçmiş təhsil naziri Misir Mərdanovdan xəbər var. Belə ki, AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Akademiyadan verilən məlumata görə, tədbirdə gündəlikdə duran məsələlər müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib. İclasda bundan başqa, elmlər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib. Elmi Şura üzvləri elmi müəssisələrin direktorları vəzifəsinə keçirilən seçkilərdə öz namizədlərini irəli sürüblər.
Namizədin kimliyini öyrənmək üçün AMEA-nın sözügedən institutu ilə əlaqə saxladıq. İnstitutdan bildirildi ki, elmi müəssisələrin direktorları vəzifəsinə seçkilərdə iştirakı üçün AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanovun namizədliyi yekdilliklə qəbul olunub.
Mərdanovla bağlı bu xəbəri həm də onun təhsil naziri olduğu dövrdən gərgin münasibətlərdə olduğu iqtidariçi çevrələrə mesajı kimi də qəbul etmək mümkündür.
Xatırladaq ki, bir neçə gün əvvəl KİV-də belə bir məlumat yayılmışdı ki, Azərbaycanda "saxta diplom" qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovda istintaqa dəvət olunacaq. İddialara görə, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb.
Bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqda araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq.
KİV-in məlumatına görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsində açılan cinayət işində sabiq təhsil naziri Misir Mərdanovun da adı bir neçə məqam üzrə keçir: "Cinayət işinin açıldığı ilk günlərdə M.Mərdanovun adı işdə onun imzaladığı köçürülmə sənədinin saxtalaşdırılması ilə bağlı keçsə də, sonradan sabiq nazirin adı işə saxta diplomların verilməsində məsuliyyəti olan şəxs epizodu üzrə də salınıb".
Qeyd edək ki, Müəllimlər İnstitutunun rektoru A.Naxçıvanlı da ona qarşı sərt ittihamlara cavab verərkən bu işdə M.Mərdanovun adını çəkib. Rektor bildirib ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. Sitat: "O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz nazirlik edib. Məsələn, keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur".
A.Naxçıvanlı həmçinin Müəllimlər İnstitutu tərəfindən verildiyi göstərilən saxta diplomlardakı imzaların onun olduğunu təsdiqləyib. Amma rektor bildirib ki, diplomlarda onun imzası və möhürü olan hissəni skaynerdən çıxarıblar.
Əlavə edək ki, hazırda həm Gəncə Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu tərəfindən verilən saxta diplomlardakı imzaların ekspertizası keçirilir. Ümumiyyətlə, saxta diplom qalmaqallarından sonra rəsmən elə də ciddi əsas göstərilmədən Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarının bağlanacağı elan olunub. Qazax filialının isə məsələsinə baxılır.
Mərdanov haqqında bu məlumata çox keçmədən Baş Prokurorluq aydınlıq gətirdi. Qurumun mətbuat xidmətindən bildirildi ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Baş Prokurorluğun açıqlamasına əsasən demək olar ki, iqtidar içində hansısa dairələr hələ də Mərdanovun adını ölkə gündəmində, hələ də neqativ planda saxlamaqda maraqlıdır. Burada əsl səbəbi müəyyənləşdirmək çox çətindir, amma ehtimal etmək olar ki, keçmiş təhsil "şef"inin gərginlikdə saxlanılmasını istəyənlər var.
Onun istintaqa cəlb edilməsi barədə KİV-də özünə yer alan iddialardan qısa müddət sonra isə Mərdanovun AMEA-dakı fəaliyyəti ilə bağlı yeni xəbərin yayılması - sabiq təhsil nazirinin elmi müəssisələrin direktorları vəzifəsinə seçkilərdə iştirakı üçün namizədliyinin yekdilliklə qəbul olunması maraq doğurur. Bunu keçmiş təhsil nazirinin onun istintaqa cəlb ediləcəyinə dair iddialara özünəməxsus cavabı kimi də qiymətləndirmək olar. Namizədliyi ilə bağlı qərarın yekdilliklə qəbul edilməsi ilə mümkündür ki, Misir Mərdanov ona qarşı psixoloji savaş açan, adını davamlı şəkildə həbs olunacağı və ya istintaqa cəlb ediləcəyi yönündə xəbərlərə qarışdıran iqtidariçi çevrələrə mesaj verir. Bildirmək istəyir ki, o, məşhur türk mahnısında deyildiyi kimi, "yıkılmadım ayaqdayım", vəzifə karyerasında ciddi geriləmə yaşasa da, elmi karyerasında önəmli irəliləyişlərə imza atmaq gücündədir.
Hər halda cəmi bir neçə gün əvvəl barəsində fərqli informasiya yayıldıqdan dərhal sonra Mərdanovdan yazının əvvəlində bəhs etdiyimiz mövzuda yeni xəbər gəlməsini başqa cür izah etmək xeyli çətindir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03