Ərdoğan: Portretdən cizgilər
13:56 14-02-2014
CƏMİYYƏT
Ərdoğan: Portretdən cizgilər
Limonad satan uşaq, futbolçu gənc və bişmiş siyasətçinin həyat hekayəsi "Unikal"da
"Unikal" qəzeti olaraq oxucularımızın diqqətinə təqdim etdiyimiz "Tanınmışlar" layihəsində dünyanın böyük siyasət, iqtisadiyyat, sənət və idman adamlarının görünməyən tərəfləri ilə portretini cızmağa çalışacağıq. İlk olaraq isə təkcə Türkiyənin yox, bütövlükdə planetin ünlü siyasətçilərindən sayılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla tanışlığa qərar verdik. Beləliklə...
Kimdir Ərdoğan:
gürcü yoxsa türk?
Ərdoğan 26 Fevral 1954-cü ildə İstanbulun Kasımpaşa bölgəsində, sahil mühafizəçisinin ailəsində anadan olub. O, müsahibələrinin birində ailəsinin Rizəyə Acarıstandan köçürüldüyünü bildirib. 11 Avqust 2004-cü ildə Gürcüstan səfəri zamanı Ərdoğan "Mən də gürcüyəm, ailəmiz Batumdan Rizəyə köçmüş gürcü ailəsidir", - söyləmişdi.
Uşaqlıq illəri o qədər də fərəhli keçməyən Ərdoğan erkən yaşlarından işləməyə və ailəsinə maddi baxımdan dəstək olmağa çalışıb. O, yeniyetmə yaşlarından şəhərin təhlükəli küçələrində limonad satmaqla məşğul olsa da təhsil almağa da müvəffəq olub. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirən Ərdoğan həmin il İmam Xətib liseyinə (mollaxanaya) daxil olub və 1973-cü ildə oradan məzun olub. Məhz həyatının bu dövrü onun yaddaşında möhkəmlənəcək və siyasi dünyagörüşünə təsir edəcəkdi. Dini dəyərlərə bu bağlılığı onun bütün şüurlu fəaliyyətini göstərəcəkdi. Hələliksə gənc Ərdoğanın başlıca əyləncəsi futbol idi.
Bəlkə də yaxşı futbolçu olacaqdı, amma...
Maraqlıdır ki, Ərdoğanın siyasətə gedən yolu məhz futboldan keçib. O, hələ uşaq yaşlarından "idmanın şahı"na vurulub və bu vurğunluq onu peşəkar futbola gətirib. Ərdoğanın top qovduğu ilk peşəkar futbol klubu isə "Camialtı" olub. 15 yaşında bu komanda ilə müqavilə bağlayan Ərdoğanın transfer qiyməti 1000 türk lirəsi (!) olub.
Daha sonra o, İstanbul Elektrik Tramvay və Tünel (İETT) klubuna keçib. 1976-cı ildə İETT-in heyətində ən böyük uğurunu - Türkiyə çempionluğunu qazanıb. Bir müddət "Erokspor" klubunun da şərəfini qoruyub və 16 illik futbol karyerasını 1980-ci ildə başa vurub. Onun futbolla vidalaşmasına səbəb isə Ərdoğandan bığının qırxılmasının tələb edilməsi olub. Komandanın həmin tələbini rədd edən Ərdoğan bundansa futbolla vidalaşmağı üstün sayıb.
Amma baş nazir indi də futbola böyük maraq göstərir. O, tez-tez stadionlara baş çəkir, Türkiyə yığmasının və klubların oyununa baxır. Ərdoğan "Fənərbaxça"nın çılğın azarkeşi kimi tanınır.
Gənc Ərdoğan özünü siyasətdə sınayır...
Ərdoğan Milli Türk Birliyindəki fəaliyyətindən sonra islami dəyərlərə sadiqliyi ilə tanınan Milli Səlamət Partiyası (MSP) Gənclər Şöbəsinin sədri seçildi. Türkiyədəki 12 sentyabr 1980-ci il çevrilişindən sonra ləğv edilmiş MSP-nin xəttini davam etdirən və 1983-cü ildə qurulan Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon şöbəsinin sədri və yüksək idarə heyətinə üzv seçilir. O, 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyini də irəli sürüb. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd olub. Bilindiyi kimi, 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutur. Ərdoğan 1991-ci ildə yenidən deputatlığa namizədliyini irəli sürərək millət vəkili seçilir. Lakin müxtəlif bəhanələrlə Mərkəzi Seçki Komissiyası onun deputat mandatını ləğv edir.
Lakin 7 Mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul vilayət başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi irəli sürülür və o İstanbul Bələdiyyəsinin sədri seçilir.
Həbs həyatı, ardınca AKP sədrliyi...
Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şer səbəbiylə Diyarbəkirdə mühakimə olunaraq Türk Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən din və irq ayrı seçkiliyinə cəhdə görə 4 ay həbs cəzasına məhkum edildi. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirdi.
Fəzilət partiyasının Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini "mühafizəkarlar" və "islahatçılar" adı ilə iki qanadda davam etdirirdilər. "Mühafizəkarlar" adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001ci-ildə Səadət Partiyasını qurarkən, "islahatçılar" da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) qurdular. Tayyib Ərdoğan partiyanın sədri seçildi. Bu artıq onun böyük siyasətdə parlaması anlamına gəlirdi.
Siyasətdə
böyük uğurlar...
Qurulan Ədalət və İnkişaf partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq tək başına iqtidara gəldi. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan yenilənən Siirt seçkilərində millət vəkili oldu. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri seçildi və bu onun siyasi karyerasındakı əhəmiyyətli uğurlardan biri sayılmalıdır.
Türkiyə onun hakimiyyəti dövründə müsəlman ölkələrinə dövlət idarəçiliyinin yeni sintetik modelini təklif etdi. Ərdoğan özünü çox güclü siyasətçi-kombinasiyaçı kimi göstərdi və Türkiyə yeni regional oyunçu oldu. Onun bacarığı imkan verdi ki, özünün şəxsi siyasi və korporativ maraqlarını dövlət maraqlarında yerləşdirə bilsin. Ərdoğanın siyasi cazibəsinin kökündə ümumi axına qarşı getmək dayanır. O, öz siyasi rəqiblərini dağıtdı, generalları zərərsizləşdirdi.
Amma İstanbulda Gezi Parkı hadisələri və ardınca Fətulla Gülənlə bu günlərdə də davam edən çəkişmələr onun siyasi xarizmasına öldürücü zərbələr vurdu. Bu haqda dövrü mətbuatda mütəmadi olaraq yazıldığını və oxucularımızın mövzuyla bağlı məlumatlı olduğunu nəzərə alaraq biz daha çox onun şəxsi həyatına işıq salmağa çalışaq. Ərdoğanın şəxsi həyatındakı ən mühüm epizodlardan biri isə heç şübhəsiz ki, ailə həyatı qurmasıdır. Gəlin, onun sevgi hekayətinə nəzər yetirək....
Lap nağıllardakı kimi: Əminə xanım onu
yuxuda görmüşdü...
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan necə tanış olub? Yazıçı Gülay Atasoyun "Nasıl örtündüler?" adlı kitabında yazılanlara görə, Əminə xanım baş naziri çox sevdiyini və ağlından belə keçirməsə də hicabı məhz buna görə geyindiyini deyib. Ərdoğanla Əminə xanımı özünün tanış etdiyini deyən yazıçı Şule Şənlər isə onların necə tanış olduğui barədə bunları deyib:
"Onlar tanış olanda Əminənin 17, Tayyib bəyin isə 23 yaşı var idi. O vaxtlar Tayyib bəy Ərbəkan dönəmində partiyanın gənclər təşkilatının sədri idi. Arabir Ərbakan günləri təşkil olunurdu. Mən bir dəfə Əminəni də özümlə aparmışdım. Yanaşı oturub çıxış edənləri müzakirə edirdik. Tayyib bəy çıxdı, şeir oxudu. Soruşdum ki, Əminə, necə çıxış etdi? O isə cavab vermədi, üzü qızardı, başını aşağı saldı. Daha sonra yenə soruşdum ki, niyə Tayyib haqqında soruşanda cavab vermirsən? Niyə üzün qıpqırmızıdı? Cavab verəndə ağlamağa başladı və dedi ki, dünən gecə bir yuxu gördüm. Hər yer qaranlıq idi, uzun cübbəli, ağ saqqallı bir adam barmağını mənə uzadıb ağ rəngli kostyumda olan bir adamı göstərib, dedi ki, sən bununla evlənəcəksən. Göstərdiyi adam, o idi".
Yazarın sözlərinə görə, həmin gün Ərdoğan ağ rəngli kostyumda olub. Yazar kitabında onu da vurğulayıb ki, Əminə Ərdoğan ailə qurmazdan əvvəl qardaşı hicab geyinməyində israr etsə də, o, qəbul etmirdi. Onu hicab geyinməyə məhz Ərdoğan razı sala bilmişdi.
Ərdoğan:
"Axı, anam onunla
evlənməyimə razı
olmaz..."
Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan isə oğlunu dərnəkdən qaradənizli, çarşablı bir qızla evləndirmək istəyirmiş. Şule Şener isə Ərdoğana məslhət görür ki, gələcəyi ilə bağlı anasının bəyəndiyi qızla evlənməyi yaxşı seçim olmaz. Bu zaman R.T.Ərdoğan çıxış edərkən görüb bəyəndiyini Əminə xanımdan bəhs edir:
"Ərdoğana dedim ki, onun da səndən xoşu gəlib. Gəl bir təşəbbüs edək, evlənin. O da mənə dedi ki, anam icazə verməz. Bilirsən ki, bu günə qədər heç bir qıza gözümü qaldırıb baxmamışam, bu necə oldu bilmirəm. İlk dəfədir belə bir hiss yaşayıram. Amma anam qətiyyən icazə verməz, o, məni qaradənizli qızla evləndirmək istəyir".
Bundan sonra isə Şule xanım Ərdoğanın anası, Tənzilə xanımı razı salır. Ona, oğlunun gəlcəyinin parlaq olduğunu, xanımın çarşablı olmasının düzgün olmadığını, onun üçün ən uyğun həyat yoldaşının Əminə xanım olduğuna inandırır. Bir müddətdən sorna isə, 1978-ci il iyulun 4-də onlar nişanlanırlar.
Qızının Ərdoğana
məktubundan:
"Ata, bir gecəni də
bizə ayır..."
Rəcəb Tayyib Ərdoğan "Ustanın Hikayesi" adlı proqramda xanımı Əminə Ərdoğana aşiq olduğu günlərdən danışıb. Eşq hekayəsini ilk dəfə öz dili ilə anladan baş nazir bildirib ki, xanımı ilə Kasımpaşadakı Təpəbaşıdakı toplantıda tanış olub: "Orada partiyamızın bir toplantısı var idi. Əminə xanım diqqətimi çəkdi. Eşq insanın sevgidə yox olmasıdır. Bir aşiq olduq, pir aşıq olduq. İndi də belə davam edirik. Sağ olsun ki, qəhvəmə duz atmadı".
Elçilikdən də danışan baş nazir qayınatası və qayınanasının heç bir problem olmadan qızı ona verdiklərini vurğulayıb: "Uzatmadıq. Bir ilin içində nişan etdik və nikah bağladıq".
Ərdoğanın 2 oğlu və iki qızı var. Siyasətə başladığı ilk günlərdən ailə üzvləri ilə tez-tez görüşə bilmədiyini deyən Ərdoğan açıqlamalarının birində maraqlı bir nüansa toxunub: "Bir gecə yataq otağının qapısına böyük qızım bir qeyd asdı. Yazırdı ki, ata, bir gecəni də bizə ayır. Onların da haqqı var. Mən gəlirəm, onlar yatırlar. Eyni tərəfə baxmağımız, eyni yolda yürüməyimiz, həyat yoldaşımın yükümü daşıması işimizi asanlaşdırdı. Bu da bizi siyasətdə güclü etdi".
Hazırladı:
Zülfüqar Hüseynli
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19