Mikayıl Cabbarov ali təhsil sisteminin keyfiyyətini artıra biləcəkmi?
13:57 14-02-2014
CƏMİYYƏT
Mikayıl Cabbarov ali təhsil sisteminin keyfiyyətini artıra biləcəkmi?
Təhsil Nazirliyi universitetlərdə yaratdığı “SABAH” qrupları nə vəd edir?
Fevralın 13-də Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov "SABAH” qruplarının yaradılması zərurəti haqqında fikirlərini bildirib.
Nazirin sözlərinə görə, “SABAH” qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil ediləcək: "Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı strategiyası”na uyğun olaraq, ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməyi nəzərdə tutur. Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Gənclərin intellektual və yaradılıcılıq potensialının inkişafı, onların elm, təhsil və yeni texnologiyalara marağının artması da bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini aktuallaşdırıb. Müasir dövrdə gənc alim və mütəxəssislərin fəaliyyət sahələrində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqi tələb olunur. Bu məqsədlərə nail olmaq üçün ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə uyğun kadr hazırlığının təmin olunması əsas vəzifələrdəndir".
"SABAH" qruplarında iştirak edəcək tələbələrin seçimi proseduruna gəlincə Mikayıl Cabbarov bildirib ki, bu qruplar ali təhsil müəssisələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən təşkil olunacaq: "Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazasını yüksək olan ali məktəblərdə "SABAH" qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur". Nazir deyib ki, qrupa qəbul ediləcək tələbələrin imtahan balı 61-dən yuxarı olmalıdır. Nazir onu da vurğulayıb ki, “SABAH” qrupuna dərs demək üçün nüfuzlu ali təhsil müəssisələrindən də mütəxəssislər, elm adamları, professorlar cəlb ediləcək. Eyni zamanda ölkə müəlliimləri də bu qrupa xüsusi seçim əsasında götürüləcək və onların aylıq əmək haqqında da fərqlənmə olacaq. Həmçinin qrupun beynəlxalq əlaqələri də inkişaf etdiriləcək, “SABAH” qruplarında təhsil alan tələbələr təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirə biləcəklər. Mikayıl Cabbarov sonda onu da qeyd edib ki, bütün bunları həyata keçirməkdə məqsəd Azərbaycanın ali təhsil sistemini yüksək keyfiyyətli təhsilə çevirməkdir: “Təhsil Nazirliyi olaraq həyata keçirdiyimiz tədbirlər sistem xarakteri daşımalıdır”
Tədbirdə çıxış edən Təhsil Nazirliyin elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov “SABAH” qrupu haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, ümumilikdə 15 min tələbənin seçiləcəyi qruplarda nazirliyin nəzdində olan 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək: "Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda - 79,5 faiz, humanitar və sosial ixtisas qrupunda - 67,5 faiz, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda - 57,3 faiz, təbiət ixtisas qrupunda - 87,8 faiz, texniki və texnoloji ixtisas qrupunda - 49,5 faiz təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur".
Süleyman İsmayılbəyli
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19