Oqtay Şirəliyevə günün sualı
13:59 14-02-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevə günün sualı
Azərbaycanda xəstəni yox, cibini düşünən həkim nə vaxt cəzalanacaq?
Həkimlərin, ilk növbədə, xəstənin sağlamlığını yox, öz qazancını düşünərək resept yazması artıq Rusiyada olmayacaq, çünki farmakoloji şirkətlərlə əməkdaşlıq edən həkimlər cəzalanacaq. Bu ildən etibarən rusiyalı həkimlər, aptek işçiləri farmakoloji şirkətlərlə əməkdaşlıq etməyəcək, həmin şirkətlərin hesabına xarici ölkələrə istirahətə getməyəcəklər.
Tibb işçilərinin farmakoloji şirkətlər tərəfindən maliyyələşdirilən mədəni-əyləncəli tədbirlərdə iştirakı, istirahət və konfranslara göndərilməsi də qadağan olunur. Həmin qanunun pozulmasına görə ilk olaraq pul cəriməsi, bu cür halların təkrarlanması isə həmin şəxsin müəyyən müddətə səhiyyə sistemindən kənarlaşdırılması ilə nəticələnəcək.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda dərman bazarında vəziyyətin bərbad olması, dövlət farmokopeyası, dərman maddələrinin dövlət reyestrinin olmaması, dərmanların keyfiyyət parametrlərinin şübhə altında olması həkimlərlə firmalar arasındakı münasibətdə neqativlik yaradır.
Ekspertlər deyirlər ki, farmakoloji şirkətlərlə əməkdaşlıq dünyanın hər yerində var. ABŞ-da da farmasevtik şirkətlər ayrı-ayrı dərmanları barədə farminformator vasitəsilə həkimlərə məlumat verirlər. Həmin dərman maddələrinin istehsalından tutmuş, kimyəvi tərkibi, farmadinamikası, yan təsirləri, əks təsirləri barədə, hansı dərmanlarla birgə istifadə oluna bilməsi haqda məlumat verirlər. Orada bu məsələlər yüksək səviyyədə qurulub.
Ekspertlərin sözlərinə görə, farmakoloji şirkətlərlə həkimlərin əməkdaşlığı əslində problem deyil. Onlar hesab edir ki, həkim-firma münasibətlərindənsə, sadaladığı məsələləri qaydaya salmaq lazımdır. Hətta həkim-farmakoloji münasibət aradan qalxsa belə, dərman bazarındakı bərbad durum aradan qalxmasa, məsələ öz həllini tapmayacaq. Bərbad durum isə dərmanların keyfiyyət parametrlərindədir. Məsələn, Azərbaycana seftaksion preparatının 100-dən çox variasiyası daxil olur. Bu, kimə lazımdır? Məqsəd nədir? Nəyə görə Azərbaycan bazarına təhlükəsizliyi sübuta yetirilmiş, Ümumdünya Səhiyyə Təşkilatının dərman reyestrinə daxil olan dərmanlar yox, mənşəyi bilinməyən dərmanlar gətirilir. Bunun qarşısını almaq üçün dövlət farmokapiyası, dərman maddələrinin dövlət reyestri yaradılmalıdır, onlar üzərində ictimai nəzarət həyata keçrilməlidir. Bu məsələlər nə qədər ki korporativ maraqlara xidmət edirsə, problem həll edilmədən, elə problem olaraq da qalır.
Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyindən isə deyirlər ki, Azərbaycanda həkim-farmasevtik şirkətlər münasibətinə görə cəzalar tətbiq olunmur, amma firma blanklarında həmin dərmanlardan yazılmasına icazə verilmir. Vahid resept blankı var və həkimlər ancaq bundan istifadə edə bilərlər. Firma blankları həkimlərdə və ya aptek şəbəkələrində aşkarlanarsa, mütləq cəza tədbiri görülür. Ümumiyyətlə, dövlət xəstəxanalarına dərman firmalarının nümayəndələrinin girməsinə icazə verilmir.
Şirəliyevin nazirliyindən iddia edirlər ki, Azərbaycanda dərman bazarı normal işləyən sistemlərdən biridir. Sadəcə, bəzi həkimlər təəssüf ki, firmalarla əməkdaşlıqdan sui-istifadə edirlər, pasiyentlərə lazım olmayan dərmanlar yazırlar. "Belə faktlar var və Səhiyyə Nazirliyi belə həkimlərə qarşı mübarizə aparır. Dərmanların əksəriyyəti firmadı, sadəcə onları təyin edərkən prinsiplərə riayət etməlidirlər. Bəzən əsassız dərmanlar yazırlar, bu isə yolverilməzdir. Özəl xəstəxanalar müxtəlif farmokoloji strategiyanı apara bilər. Söhbət dövlət xəstəxanalarından gedir. Həkim özəl sektorda hansısa firmanın dərmanını yazırsa, onun müalicə metodikası ola bilər. Ümumiyyətlə, həm özəl, həm də dövlət sektorunda işləyən həkimlər vahid resept blankı vasitəsilə dərman yazmalıdırlar və pasiyenti hansısa aptekə yönəltməməlidirlər" - nazirlikdən bildirirlər. Amma o sual açıq qalır ki, Səhiyyə Nazirliyi doğrudan da "belə həkimlərlə mübarizə aparırsa", niyə illərdən bəridir bu istiqamətdə vəziyyət müsbətə doğru dəyişmir, əksinə daha da qəlizləşir?
Hər halda bu suala da cavab verilsə, yaxşı olardı.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27