Krımdan görünən Qarabağ
10:35 12-03-2014
CƏMİYYƏT
Krımdan görünən Qarabağ
Krım parlamenti müstəqillik bəyannaməsi qəbul etdi
Krımın Ali Soveti muxtar respublikanın və Sevastopolun müstəqilliyi haqqında bəyannaməni qəbul edib. Bəyannamənin lehinə 100 deputatın 78-si səs verib. Deputatların yenilədiyi sənəddə yarımadanın hüquqi cəhətdən Rusiyanın tərkibinə daxil olması öz əksini tapıb.Xatırladaq ki, martın 16-da Krımın statusu ilə bağlı referendum da keçiriləcək. Maraqlıdır, Krımda baş verənlər hansısa formada Dağlıq Qarabağ probleminin həllinə təsir edə bilərmi? Ermənistan analitikləri hesab edir ki, Krımın belə addım atması özmüqəddaratını həll etmək deməkdir və eyni addımı Dağlıq Qarabağ erməniləri də atıb.
Amma azərbaycanlı politoloqlar bunun əksini düşünür. “Unikal”a açıqlama verən Mübariz Əhmədoğlu hesab edir ki, əslində baş verənlər ermənilərin əleyhinədir:-"Bilirsiniz hər dəfə belə problemlər ortaya çıxan kimi ermənilər aktivləşirlər və Dağlıq Qarabağ problemini istədikləri şəkildə gündəmə gətirirlər. Bir müddət öncə ermənilər Kosovanın müstəqil olmasını az qala toy-bayram kimi qəbul etdilər və bəyan etdilər ki, bu özmüqəddaratını həll etməkdir və Dağlıq Qarabağında müstəqilliyi tanınmalıdır. Amma bunlar Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına təsir etmədi. İndi Krımda yerli əhalinin Ukraynanın tərkibindən çıxıb Rusiyanın tərkibinə birləşmək istiqamətində atdığı addımı ermənilər "millətlərin öz müqəddəratının təyini" prinsipinin təntənəsi hesab edirlər və belə təqdim edirlər ki, növbə Dağlıq Qarabağındır. Bunu da deyim ki, Krımda baş verənlər çoxdan gözlənilən idi. Rusiyanın nə vaxtsa Krımdan çıxması onun Qara dənizdən və Aralıq dənizindən çıxması deməkdir. Bu isə Rusiya üçün hədsiz dərəcədə böyük geosiyasi itkidir. Bunu da qeyd edim ki, Nikita Xruşşov səlahiyyətlərindən istifadə edərək o zaman Krımı Rusiyanın tərkibindən çıxarıb, Ukraynaya vermişdi. İndi Rusiya prezidenti Vladimir Putin həmin prosesləri əks istiqamətdə təkrarlayır. Krımı Rusiyaya qaytarmaqla Rusiyanın vaxtilə pozulmuş ərazi bütövlüyünü bərpa edir. Beləliklə tarixən pozulmuş ərazi bütövlüyünün bərpası presedenti yaranır. Erməni siyasətçisinin düşüncəsi indi baş verənləri düzgün qavramır".Amma politoloq Qabil Hüseynli “Unikal”a açıqlamasında müəyyən qorxuların olduğunu deyir:-“Hesab edirəm ki, hansısa president baş verə bilər. Belə ki, Krım referenduma hazırlaşır və bu baş tutarsa ermənilərdə aktivləşəcək. Bunu da deyim ki, Ermənistan da Dağlıq Qarabağda referendum keçirtmək təşəbbüsündə olmuşdu və yəqin ki, yenidən bu məsələ qabaracaq. Düzdür Krımda keçiriləcək referendum beynəlxalq normalara cavab vermir. Amma hansısa formada bu sonradan beynəlxalq hüquq müstəvisinə salına bilər. Bunu da xatırladım ki, Ukrayna parlamenti artıq indidən bu referendumu qanunsuz hesab edib və dünya dövlətləri Ukraynanı müdafiə edir. Güman edirəm ki, Azərbaycanda açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü tanımalıdır və gələcəkdə Krım variantının Dağlıq Qarabağda tətbiqinin qarşısını almalıdır”. Bu arada başqa maraqlı bir məqamda ortaya çıxıb. Belə ki, Rusiya parlamentinin qəbul etdiyi son qanunda göstərilir ki, hansısa ölkə vətəndaşları toplum olaraq Rusiya vətəndaşı olmaq istəyərlərsə, o ərazinin Rusiyaya birləşməsini tələb edərlərsə onların istəyi dərhal həyata keçiriləcək. Buna görə də erməni politoloqlar hesab edir ki, Dağlıq Qarabağ erməniləri mütləq bu istiqamətdə addım atmalıdırlar. Yəni referndum keçirtməklə Rusiyaya birləşmək üçün müraciət etməlidirlər. Ekspertlərin fikrincə bu qanun tək Dağlıq Qarabağ üçün yox, possovet məkanındakı bütün münaqişə ocaqları üçün real təhlükədir. Bunu da qeyd edək ki, bir müddət öncə Rusiya məqsədli şəkildə Azərbaycanla sərhəd bölgəsində yaşayan Azərbaycan vətəndaşlarına Rusiya vətəndaşlığı verirdi. Məqsəd isə sonradan Rusiya vətəndaşlarının hüquqlarını qorumaq adı ilə Azərbaycana istənilən an ordu yeritmək idi. Necə ki, bunu Krımda etdi. Hesab edilir ki, Rusiya Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün məhz bu cür təzyiq rıçaqlarından istifadə edəcək. Bunu da qeyd edək ki, Rusiya Krımda istədiyini əldə edə biləcəksə, deməli possovet məkanını bütövlüklə ələ keçirəcək. İndidən bu haqda düşünməyə dəyər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49