Oliqarxlar Şahin Mustafayevi basqı altında saxlayır
11:24 18-04-2014
CƏMİYYƏT
Oliqarxlar Şahin Mustafayevi basqı altında saxlayır
İqtisadiyyat və Sənaye Nazirliyində Rəqabət Məcəlləsini niyə oxuyub qurtara bilmirlər?
Hələ iki il əvvəl, 2012-ci ildə KİV yazırdı ki, Milli Məclis deyəsən, uzun müddətdən sonra Rəqabət Məcəlləsinə baxmaq qərarına gəlib. Hələ o vaxt bildirilirdi ki, artıq iki parlamenti yola salan bu məcəllə üçüncü çağırışda həllini çözməlidir. Həmin dövrdə mətbuata açıqlama verən millət vəkili Ziyad Səmədzadə Rəqabət Məcəlləsinə baxılmasını vacib saydığını bildirmişdi.
Rəqabət prinsiplərinin qorunmadığı halda ölkənin gec-tez ağır duruma düşəcəyini qeyd edən Z.Səmədzadə Məcəllənin müzakirəsində bir sıra məsələlərə yenidən baxmağın lazım olduğunu bildirmişdi. "Buna görə də layihə yenidən baxılmaq üçün parlamentə təqdim olunub" - Səmədzadə belə demişdi.
Bu açıqlamanın üzərindən iki il keçib, Rəqabət Məcəlləsindən isə hələ də xəbəri yoxdur. Artıq üçüncü çağırış da başa çatmaq üzrədir, sözügedən Məcəllənin taleyi hələ də qaranlıq qalır.
Dünən isə millət vəkili Vahid Əhmədovun bu mövzuda açıqlamasından sonra belə məlum olub ki, hazırda Rəqabət Məcəlləsi Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyində "yatır". Daha doğrusu, həmin nazirlikdə Məcəlləni oxuyurlar və lazımi rəy verildikdən sonra o parlamentə təqdim edilməlidir.
"Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib. Artıq bunun üzərindən xeyli zaman keçsə də, üçüncü oxunuş üçün məcəllə Milli Məclisin plenar iclasına çıxarılmayıb" deyən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olan Vahid Əhmədov bildirib. Əhmədov əlavə edib ki, "Hazırda Rəqabət Məcəlləsi haqqında qanun layihəsi İqtisadiyyat və Sənaye Nazirliyində baxılır. Layihə Milli Məclisin yaz sessiyasının gündəliyinə də salınıb. Amma nazirliyin yekun rəyi olmadığından o, gündəliyə salınmır".
Mövzu ilə bağlı münasibətini öyrəndiyimiz adının çəkilməsini istəməyən ekspert Rəqabət Məcəlləsinin İqtisadiyyat və Sənaye Nazirliyində yubanmasının səbəbini iri məmur maraqları ilə izah edib. Həmsöhbətimiz istisna etməyib ki, müəyyən oliqarxlar Məcəllənin oxunuşunun uzanması və nazirliyin yekun rəyinin yubanması üçün nazir Şahin Mustafayevə təsir edirlər.
Ekspert xatırladıb ki, bu qanun layihəsi 8 il əvvəl hazırlanıb: "Bu müddət ərzində Milli Məclisin plenar iclaslarında iki dəfə oxunuşa çıxarılıb. Bu ilin əvvəllərində bəzi deputatlar bildirirdilər ki, parlamentin yaz sessiyasında qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq. O vaxt narahatlıqlarını bildirənlər olmuşdu ki, layihə qəbul olunmaya və geri qaytarıla bilər. Amma yaranmış situasiya ondan ibarətdir ki, qanun layihəsi heç parlamentə gəlib çıxmır. Bütün bunlar təsadüfə oxşamır və bəzi oliqarxların maraqları ilə izah edilə bilər".
Ekspert deyib ki, haqqında danışılan Məcəllənin qəbul olunması iqtisadi baxımdan vacibdir. Bu sənəd sağlam rəqabətin aparılmasına, sahibkarlığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək: "Məcəllənin qəbul olunması zərurəti bəzi sahələrdə hələ də inhisarçılığın olması, sahibkarlıq mühitindəki əngəllərin qalması və digər məsələlərdən meydana çıxıb. Rəqabət Məcəlləsinin qəbul edilməsi inhisarçılığın aradan qaldırılması işində əsas baza olacaq. Bu sənəd daxili bazarda rəqabət qaydalarının müəyyənləşdirilməsi, haqsız rəqabətin, təbii və süni inhisarçılığın aradan qaldırılması istiqamətində irəliyə doğru addım olacaq. Məcəllədə inhisarçılıqla mübarizə üzrə yeni qurumun yaradılması da nəzərdə tutulub. Düzdür, hazırda belə bir qurum var, amma nazirliyin tərkibində kiçik bir strukturdur. Yalnız məcəllənin qəbulundan sonra tamamilə çevik və ən güclü nəzarət və icra imkanlarına malik dövlət qurumunun yaradılması mümkünləşəcək. Məcəllənin qəbulu və yeni qurumun yaranması ölkədə qiymət artımı ilə bağlı problemlərin də həllinə səbəb ola bilər. Çünki qiymət artımlarının böyük əksəriyyəti birbaşa süni xarakter daşıyır və inhisarçılıqla
bağlıdır. Bazarda hər bir sahə üzrə məmur-monopolistlər var, onların nəzarətində olan sahələrdə davamlı olaraq qiymətlər əsassız yerə artırılır. Rəqabət Məcəlləsində isə bu hallara qarşı konkret mexanizmlər əksini tapıb. Yəni hər bir halda Rəqabət Məcəlləsi inhisarçı oliqarxların maraqlarına ziddir. Odur ki, onların Məcəllə ilə bağlı yekun rəy hazırlanmasını yubatmaları ağlabatan versiyadır. Şahin Mustafayev hökumət içində "dişli" məmur olmadığından görünür, onun nazirliyi Rəqabət Məcəlləsinin həllini sürətləndirəcək rəyi məhz monopolist məmurların basqı və təzyiqləri nəticəsində gecikdirir".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:19:21
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35