Parlamentdə Oqtay Şirəliyevə ağır ittihamlar
10:42 19-04-2014
İQTİSADİYYAT
Parlamentdə Oqtay Şirəliyevə ağır ittihamlar
Qənirə Paşayeva:"Problem 2011-2015-ci illər üzrə vərəmlə mübarizə tədbiri çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsinin anbarda qalmasıdır
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun müzakirəsinə ehtiyac var".
Bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.
"Çox vaxt istintaqın gəldiyi nəticələr özünü təsdiq etməyəndə insanlar əsassız olaraq daha çox həbs yerlərində saxlanılırlar. Təklif edirəm ki, bu məsələni təklif kimi nəzərə alsınlar".
Musa Qasımlı Əbülfəs Qarayevə
2 təklif ünvanladı
Millət vəkili Musa Qasımlı Milli Məclisin plenar iclasında Azərbaycanda turizmin inkişafının zəif olduğunu bildirib.
"Əgər bizdə turizm imkanları Mədəniyyət və Turizm Nazirliyinin bildirdiyi kimidirsə, nə üçün insanlar istirahət etmək üçün xaricə üz tuturlar? Buna görə də, Mədəniyyət və Turizm Nazirliyi əhali arasında sorğu keçirməlidir.
Deputat Mədəniyyət və Turizm Nazirliyinə 2 təklif göndərib:
1. Səfirliklərimizdə Mədəniyyət və Turizm şöbələrinin açılmasına ehtiyac var.
2. Bölgələrdə turizmin inkişafı üçün işlər görülməlidir.
Siyasi məhbuslarla bağlı qalmaqal
Milli Məclisin plenar iclasında deputat İqbal Ağazadə bildirib ki, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə amnistiya elan olunsun.
""NİDA"çı gənclərə üçün bu qədər cəza istənilməsi prokuror orqanlarını da pis vəziyyətdə qoyur. İlqar Məmmədov və Tofiq Yaqubluya verilən həbs müddətlərinə baxanda dəhşətə gəlirəm. Azərbaycanda bu qədər gəncin həyatını puç etmək məncə düzgün deyil. Qarşıdan Respublika günü gəlir. Yaxşı olar ki, həmin gün Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunsun. Həmin şəxslər də azad olunsun".
""NİDA"çı uşaqları öyrədib əlinə "Molotov" kokteyli, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını dolduran, qızışdıranlar məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər".
Bunu isə İqbal Ağazadənin amnistiya təklifinə cavab olaraq YAP-çı deputat Siyavuş Novruzov bildirib.
"Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin haradandır? Məhkəmənin hökmü verilməmiş indidən məhkəmənin çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz. Hər bir məhkəmədən sonra başqa instansiya məhkəmələri var. Əgər bu məhkəmənin qərarından razı deyilsənsə, digər yerlərdə araşdırıla bilər. Hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilər".
S. Novruzov bildirib ki, "NİDA"çı gənclərin prosesində faktiki olaraq siyasi məhbusdan, siyasi məhkəmədən söhbət gedə bilməz.
"Konkret olaraq törədilən cinayət faktları ilə bağlı məhkəmədən söhbət gedə bilər. İxtisasından, peşəsindən asılı olmayaraq qanun qarşısında hamı məsuliyyət daşıyır".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə İ.Ağazadənin fikirlərinə etiraz edib: "Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!"
Qənirə Paşayeva
səhiyyəni alt-üst etdi
Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva Hesablama Palatasının 2013-cü aid hesabatını dəstəkləyib. O, vurğulayıb ki, Hesablama Palatasının gördüyü işlər təqdirəlayiqdir və hesabatında öz əksini tapan bəzi məsələlərin və problemlərin də həllini vacib sayır. Həmin problemlərdən bir neçəsini sadalayan deputat deyib ki, Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin icrasının auditi aparılıb.
"Auditin nəticələri açıqlandığı zaman bəzi problem şəklində qeyd olunan məsələlər öz həllini tapmalıdır. Hesabatda vurğulanır ki, 2013-cü ildə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna qədər mərkəzin anbarında saxlanıb".
Q. Paşayeva bildirib ki, şəkərli diabet üzrə proqramın icrası çox önəmlidir. Çünki şəkərli diabetdən əziyyət çəkən xəstələrimizin sayı kifayət qədər çoxdur.
"Vacibdir ki, bu qlükometrlər xəstələrə paylansın. Ona görə də 2013-cü ildə mərkəzləşdirilmiş xərclər vasitəsilə alınmış qlükometrlərin xəstələrə paylanmasının təmin edilməməsi məsələsi qeyd olunub. Bu məsələnin təcili şəkildə öz həllini tapması lazımdır. Çünki xəstələrin buna çox ciddi ehtiyacı var.
İkinci bir məsələ vurğulanır ki, dağınıq skleroz xəstəliyinin müalicəsi və prafilaktikası, onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsi xəstələrin qeydiyyatda olduqları Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına verilir. Çox hissəsi isə istifadə müddətinin bitməsinə az vaxt qalsa da, mərkəzin anbarında saxlanılır".
Q. Paşayeva vurğulayıb ki, bu dərmanlar alınıbsa, onların təcili şəkildə xəstələrə paylanmasına ehtiyac var.
"Dərmanlar alındıqları zaman xəstələrin sayına görə uyğunlaşdırılmalıdır. Hesabatda vurğulanır ki, xroniki böyrək çatışmazlığı üzrə tədbirlər planında nəzərdə tutulmuş xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron reyestrinin və məlumat bazasının yaradılması təmin edilməyib. Çox vacibdir ki, qısa zaman ərzində bu məsələ öz həllini tapsın. Digər bir məsələ isə 2011-2015-ci illər üzrə vərəmlə mübarizə tədbiri çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsinin anbarda qalmasıdır. Eyni zamanda yoluxucu xəstəliklərin immunoproflaktikası və 2011-2015- ci illər üçün yoluxucu xəstəliklərin immunoproflaktikasına dair tədbirlər çərçivəsində alınmış vaksinlər və tibbi təyinatlı vasitələrin, 2010-2012-ci illərdə alınmış dərman preparatlarının, 2013-cü ildən qalmış vaksinlərin də anbarda saxlanıldığı göstərilir. Onların da təcili şəkildə xəstələrə paylanması, verilməsi çox vacibdir.
Hesabatda öz əksini tapan hemofiliya və talasemiya xəstələrinin reyestrinin aparılmadığı vurğulanıb. Bu çox vacibdir ki, hemofiliya və talassemiya xəstələrərinin reyestri yaradılsın. Eyni zamanda, burada vurğulanır ki, talassemiya perenotal diaqnostika metodlarını tətbiq etmə məqsədilə müvafiq laboratoriyalar təşkil edilməyib. Qısa zamanda bu məsələlərin öz həllini tapması olduqca vacibdir".
Millət vəkili yaşıllaşdırma ilə bağlı məsələdən də danışıb: "Bakı Şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi bölməsində vurğulanır ki, balansda olan yaşıllıq sahəsinin invertarlaşdırılması aparılmamış, yaşıllıq sahələrinin ərazisi dəqiqləşdirilməmiş, alınması rəsmiləşdirilmiş əkin materiallarının əkilmə ünvanı, həmçinin, yaşıllıq sahələri üzrə tərtib edilmiş aktların yerinə yetirilmə ünvanları göstərilməmişdir".
Bundan başqa, Q.Paşayeva qeyd edib ki, yaşıllaşdırma ilə bağlı işlərin daha geniş aparılması üçün bu hesabatda özünü göstərən problemlərin təcili şəkildə öz həllini tapması vacibdir.
"Digər bir məsələdə isə vurğulanırdı ki, Azərbaycanda məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı üzrə 2007-2010-cu illər üçün nəzərdə tutulan vəsait icra edilməyib. Əgər bu vəsait varsa, təcili şəkildə məktəbəqədər təhsilin yeniləşdirilməsinə yönəldilsin".
Elmira Axundovadan
Milli Məclisdə süründürməçiliklərdən danışdı
Milli Məclisdə həmçinin Hesablama Palatasının hesabatı dinlənildi və bundan sonra deputatlar fikirlərini bildirdilər. "Rayonlarda məktəbəqədər təhsil müəssisələrinə diqqət yetirilməlidir. Son illər kəndlərdə bağçaya tələbat artıb". Bunu Hesablama Palatası sədrinin məruzəsi dinlənildikdən sonra deputat Elmira Axundova deyib.O, hesabatda diqqətini çəkmiş bir faktı xüsusi qeyd edib. "Bağçalar üçün ayrılan vəsait icra edilməyib. Niyə? Bunun səbəbi niyə açıqlanmır? Bilmək istərdim ki, eyni qanun pozuntusu, eyni problem niyə ildən ilə ötürülür?"
Elmira Axundova eyni zamanda qeyd edib, hesabatda göstərilir ki, təhsilə ayrılan pul, ötənilki ilə müqayisədə 8 faiz çoxdur. "Arzu edirəm ki, bura müəllimlərin məvacibi də aid olsun. Üstəlik, texnik peşə sahələrinə nəzər yetirdikdə görürük ki, sanki bu sahəyə heç kimdə həvəs yoxdur. Fikrimcə, bu sahəyə diqqət yetirilməlidir. Mənzil-kommunal təsərrüfatı xərcləri və dövlətin əmlak alqı-satqısında real bazar qiymətləri nəzərə alınmır. Bunlar gizli biznesdir. Burada süründürməçiliklər var".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53