Markes öldü!
"Hər şeyin bir sonu var, doğrudur, amma ən xoşbəxt son..."
Nobel mükafatlı yazıçı Qabriel Qarsia Markes aprelin 17-də Meksikanın paytaxtı Mexikoda vəfat edib. Kolumbiyalı yazıçı Mexikoda ağ ciyərindən müalicə alırdı.
87 yaşında dünyadan köçən Markeslə vida mərasimi aprelin 21-də olacaq. Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə üç günlük matəm elan edib. Xalqa müraciətində prezident deyib: "Kolumbiya yas içindədir. Bütün zamanların ən çox sevilən həmvətənimiz dünyadan getdi. Markes Kolumbiya tarixində ölkənin adını ən ucalara qaldıran soydaşımızdır".
Qabriel Qarsia Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb. Jurnalist olub, ədəbiyyata gəlib. 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alıb.
"Yüz ilin yalnızlığı", "Patriarxın payızı", "Gözlənilən bir qətlin tarixçəsi", "Polkovnikə məktub yoxdur", "Qaçırılmışlar" kimi məşhur əsərlərin müəllifi idi.
Dünya Markesin ölümünü
necə qarşıladı?
Markesin ölümü bütün dünyada əks-səda yaradıb. Bir zamanlar yazıçı ilə münasibətləri düşmənçilik həddinə çatmış Peru yazıçısı, Nobel mükafatçısı Mario Varqas Lyosa (Markes solçu görüşlərə malik idi və Kubanın sabiq lideri Fidel Castro ilə dostluq edirdi. Lyosa isə vaxtilə buna görə onu "Fidelin məşuqəsi" adlandırmışdı) deyib: "Böyük insan vəfat etdi. Onun əsərləri bizim dilimizdə ədəbiyyatı həm çox zənginləşdirib, həm də ona böyük nüfuz qazandırıb. Onun romanları ölümündən sonra da yaşamağa, oxucu qazanmağa davam edəcək".
"Mən ədəbiyyatın ənginliklərinə baş vurmaq impulsu və azadlığına görə ona borcluyam. Mən onun kitablarında öz ailəmi, öz ölkəmi, həyatım boyu tanıdığım insanları, qitəmin rəngləri, ritmləri və zənginliyini tapmışam" - bunu isə Çili yazıçısı Isabel Allende Markesin ölümü ilə bağlı deyib.
Britaniya yazıçısı Lan McEwan isə BBC-yə bildirib ki, ədəbiyyat tarixində Markes kimi "yüksək ədəbi istedada və bütün dünyada insanlara qeyri-adi təsir gücünə malik" yazıçılar az olub. Beləsini xatırlamaq istəsən "gərək Dikkensə gedib çıxasan".
"Dünya özünün ən geniş təxəyyülə malik görkəmli yazıçılarından birini itirdi. Həm də gənc yaşlarımda mənim sevdiyim yazıçılardan birini" - bunu ABŞ prezidenti Barak Obama Markesin ölümü ilə bağlı başsağlığı mesajında deyib.
Məşhur kolumbiyalı pop-ulduz Şakira Markesin ölüm xəbərinə öz saytında münasibət bildirib: "Əziz Qabo, sən bir dəfə demişdin ki, həyat heç də insanın yaşadığı həyat deyil, insanın xatırladığı həyatdır, həmin həyatın hekayətini söyləmək onu necə xatırlamasıdır... Sənin həyatın, əziz Qabo, bizim hamımızın yadında unikal və bənzərsiz bir hədiyyə, ən orijinal bir hekayə kimi qalacaq. Bizlərə nələr bəxş etdiyini xatırladığımız üçün sənə "əlvida" demək bizim üçün ağırdır. Sənin xatirən həmişə mənim qəlbimdə, eləcə də səni sevən və heyran olan hər bir kəsin ürəyində yaşayacaq. Şak.".
Şakira saytına yazıçıyla olan fotosunu da yerləşdirib.
ABŞ-ın keçmiş prezidenti Bill Klinton: ""Yüz ilin tənhalığı"nı 40 il öncə oxumuşam və Markesin təxəyyülünə, əsərdəki fikirlərin aydınlığına, emosional səmimiliyə heyrət etmişəm. Mən onun kimi böyük ürəyə, dərin zəkaya malik insanla 20 ildən çox dost olduğuma görə fəxr edirəm".
Kuba Kommunist Partiyasının orqanı olan "Qranma" qəzeti yazıb: "Latın Amerikası mədəniyyəti hüzn içindədir. Qabriel Qarsia Markes vəfat edib".
Markesin ölümü haqqında Azərbaycanda kim nə dedi?
Markesin ölümü ilə bağlı azərbaycanlı yazarların facebook statuslarını təqdim edirik:
Şərif Ağayar, yazar: "Bəzi yoldaşlar daha yeni tendensiyalara zərərli təsirinə görə Markesin ölümünə haqlı olaraq ciddi hadisə kimi baxırlar... Ancaq bir məsələ unudulur: belə adamların fiziki ölümü heç nəyi dəyişmir. Ona qalsa Axundov Füzuli ilə ölüm-dirim savaşına çıxanda 19-cu əsr idi və Füzulinin ölümündən 400 il ötmüşdü..."
Elnur Astanbəyli, yazar: "Qazaxlının Markesin ölümünə reaksiyası: "İsa Hüseynovdan sonra Markesi də itirdik"".
Araz Bayramov, blogger: "Burdan bütün bəşəriyyətə səslənirəm, Markesin ölümünə görə təəssüflənməyin, ən azından mən sağam".
İlqar Rəsul, yazar: "Ovqat üçün:
Rəvayətə görə Səməd Vurğunun dəfnində Süleyman Rüstəm çıxış edib deyir ki:
"Azərbaycanda iki böyük şair vardı. Onun biri öldü, mən də ki, özümü pis hiss edirəm".
İndi Markes öldü, mən də ki, özümü pis hiss edirəm".
Rövşən Danyeri, jurnalist: "Markes öldü, onu siz öldürdünüz zad . Yaxşı ki, Markes öldü. Yazarların boğazına keçmiş bir sümük idi. O, vaxt Dostoyevskidən xilas olmamış adamlar indi də Markesi büt kimi görürdülər. İndi görək yeni bütümüz kim olacaq? Markes öldü!Yaşasın yeni Markes!
Kənan Hacı, yazar:" Markes əbədiyyətə qovuşdu"
Markes necə danışırdı?
Sizə məşhur yazıçının müsahibələrindən hissələri təqdim edirik:
***
Mən ömrüm boyu əla reportyor olmağı arzulamışam. Lakin əvvəllər mənim belə bir imkanım yox idi. Ancaq yazıçı kimi məşhurlaşdıqdan sonra iqtisadi cəhətdən tam müstəqillik əldə elədim. İndi mən istədiyim mövzularda yazıram və qəzetlər mənim reportajlarımı məmnuniyyətlə dərc edirlər. Bu, olduqca çətin və təhlükəli işdi. Reportyor həyatla toqquşmalarda inkişaf edib böyüyür. Əsl müəllim həyatdı, qalan müəllimlər onun yanında heç nədi.
***
Bir dəfə Kubada bir ədəbiyyat professoru ilə söhbət edirdim. O mənə dedi ki, "Yüz ilin tənhalığı" qeyri-adi əsərdir, amma o problemin həlli yolunu göstərmir. Mən dedim ki, mənim əsərlərim situasiyanı təsvir edir, həlli yolunu göstərmir.
***
Mənim yaratdığım bütün əsərlərin özülündə ən sadə obrazlar durur. "Tökülmüş yarpaqlar" əsərinin mürəkkəb fabulu öz uşaqlığımın ani bir xatirəsindən doğmuşdu: bap-balaca bir uşaq iri, çox iri otağın küncündə qoyulmuş stulda əyləşib... "Polkonikin ölümü" povestində gözümün qabağına gətirdiyim ilk adama bir neçə il on-dan əvvəl balıq bazarında rast gəlmişdim, o həsrətlə limandakı gəmilərə baxırdı, bir neçə ildən sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və onun o vaxtlar nələr düşündüyünü aydınca başa düşdüm. Uzun illər "Yüz il tənhalıq" əsərindən bircə onu bilirdim ki, bir qoca uşağı sirkdə tamaşaya qoyulmuş buz parçasına baxmağa aparır. Bu cür ilkin obrazlar mənim üçün çox vacibdi, qalanı... qalanı it əzabıdı.
***
Getmək zamanı gəlibsə, "dayan" deməyib; vaxt keçibsə "dön" deməyin və eşq bitibsə "yenidən" deməyib heç bir mənası yoxdur.
***
Mən nağıllar yazmağa cəhd elədim. Amma heç nə alınmadı. Onlardan birini övladlarıma göstərdim. Onlar oxuduqdan sonra mənə dedilər ki, uşaqları bu qədər axmaq bilirsən?
***
Əgər bir az ağılın varsa; xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bacarmalısan.
***
Tənqidçilər ciddi adamlardı, məni isə son illər ciddi adamlar qətiyyən özlərinə cəlb etmirlər. Tənqidçilərə kömək əlini uzatmaqdansa, onların qaranlıqda dolaşmasına tamaşa eləmək mənim üçün daha maraqlıdır. Əksinə, yeri düşəndə, özüm onlara tələ qururam, əgər tənqidçilərin özləri bu tələyə can atmasaydılar, qurduğum tələlərin heç bir ziyanı olmazdı. Görünür ki, əsərin dərinliyinə varmaq, mahiyyətini dərk etməkdən xeyli asandı. Tənqidçilərin çoxu Amaranta Buendia obrazını düzgün yoza bilmədiklərindən, onu lazımsız saymışdılar. Bu obrazı yalnız bir adam - Ernnest Folkeninq yüksək professional səviyyədə təhlil edə bilib. "Yüz il tənhalıq" romanı nəşr olunandan sonra mən özüm orada 42 ziddiyyəti aşkara çıxardım, lakin tənqidçilərdən heç kəs bunları görə bilmədi, məni narahat edən budu. Əsərin italyan tərcüməçisinin mənə göstərdiyi altı ciddi qüsur da hamının nəzərindən yayınmışdı. Əlbəttə ki, hər bir yaxşı roman həmişə sehrdi, onu açıb göstərmək hər adama nəsib olmur, bu çətin və məsuliyyətli işi tənqidçilər könüllü olaraq öz öhdələrinə götürürlər, onları buna məcbur edən yoxdu.
***
Hər şeyin bir sonu var, doğrudur! Amma ən xoşbəxt son həftə sonudur.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49