"Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatları (ABŞ) ABŞ-nin paytaxtı Vaşinqtona işgüzar səfəri Azərbaycanın diplomatiya tarixində mühüm əlamətdar hadisə kimi dəyərləndirilir. Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyin daha da möhkəmlənməsinə, tərəfdaşlıq dairəsinin genişlənməsinə və milli maraqların qlobal səviyyədə müdafiəsinə önəmli töhfə verib".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Parlamentari bildirib ki, Vaşinqtonda baş tutan yüksək səviyyəli danışıqlar dövlətimizin çevik, məqsədyönlü və milli maraqlara söykənən siyasi kursunu bir daha nümayiş etdirib.
"Səfərin ən mühüm siyasi nəticələrindən biri Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan Birgə Bəyannamə olub. Bu sənəd Cənubi Qafqaz regionunda uzun illər davam etmiş qarşıdurmaların aradan qaldırılması üçün konkret mexanizmləri özündə əks etdirir.
Bəyannamənin strateji komponentlərindən biri regional inteqrasiyanın və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dair müddəalar olub. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin bərpası məsələsi xüsusi prioritet kimi vurğulanıb. ABŞ-nin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi Ermənistan ərazisindən keçərək yeni bir nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Səfər zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək mühüm qərarlar qəbul edilib. Liderlərin razılığı ilə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıb.
ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması qərarı səfərin diplomatik baxımdan ən diqqətçəkən hadisələrindən biri olub. Bu düzəliş uzun illər ərzində Azərbaycan-ABŞ münasibətlərinə süni məhdudiyyətlər tətbiq edib. Bu qərar qarşılıqlı etimad mühitini gücləndirir, iqtisadi əməkdaşlığın genişlənməsinə və təhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarının artmasına şərait yaradır. Eyni zamanda, ABŞ-nin Cənubi Qafqaz siyasətində daha balanslı və praqmatik yanaşmaya keçdiyini göstərir ki, bu da regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Enerji sektoru da səfərin əsas gündəm mövzularından biri kimi xüsusi yer tutub. Prezident İlham Əliyevin iştirakı ilə SOCAR və ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bu sənəd neft və qaz sahəsində yeni layihələrin icrası, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi və enerji təhlükəsizliyi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Ümumilikdə, Prezident İlham Əliyevin bəhs olunan səfəri Azərbaycan diplomatiyasının strateji uğurlarından biri kimi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Səfər çərçivəsində əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunu artırıb, sülh prosesində lider mövqeyini təsdiqləyib və ABŞ-la münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb. Bu səfərin nəticələri gələcək onilliklərdə Azərbaycanın regional və qlobal mövqelərinə ciddi təsir göstərəcək, eləcə də diplomatik, iqtisadi və strateji baxımdan milli maraqlara xidmət edəcəkdir".