Deputatlar televiziyalardan narazıdırlar
18:36 03-05-2014
İQTİSADİYYAT
Deputatlar televiziyalardan narazıdırlar
Ziyafət Əsgərov Fərəc Quliyevi susdurdu
Milli Məclisin 7-ci plenar iclası olub. İclasın gündəliyinə 12 məsələ daxil edilib. İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında", Yaşıllıqların mühafizəsi haqqında", "Dövlət reyestri haqqında" qanunlara dəyişikliklər və bir sıra digər məsələlər deputatların müzakirəsinə verilib.
Əli Hüseynli
"Şəffaflıq Azərbaycan" təşkilatından
şikayətləndi
Milli Məclisin iclasında deputat Əli Hüseynli mətbuatda gedən yalan xəbərlərdən şikayətlənib. "Təəssüf ki, bir sıra beynəlxalq təşkilatların mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatları dərc olunur. Bunların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Onu da qeyd etmək istəyirəm ki, parlament açıq, şəffaf orqandır. İstənilən məsələni açıq şəkildə müzakirə etməyə hazırıq. Amma bir neçə gün bundan əvvəl "Beynəlxalq Şəffaflıq - Azərbaycan" təşkilatının hesabatı dərc olunub. Hesabatın parlamentə aid olan hissədə qərəz dolu və böhtan var".
Ə. Hüseynli qeyd edib ki, Milli Məclisi şəffaflıq prosesini pozmaqda ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü də Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn korrupsiya əməlinə yol verib. "Bu günlərdə erməni kəşfiyyatı ilə əlaqədə suçlanan Leyla Yunus külli miqdarda, 100 minlərlə dollar vəsaitin nağdlaşdırılmasının iştirakçılarından biri də şəffaflıqdan danışan Rəna Səfərəliyevadır. Bu hesabata geniş şərh vermək istəmirəm. Amma hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentariləri isə bundan sonra həmin təşkilatla heç bir əlaqə qurmamalıdır".
Zahid Oruc deputat
həmkarının rus hərbi
bazaları ilə bağlı
təklifini dəyərləndirdi
"Qüdrət Həsənquliyev partiya rəhbəridir və Azərbaycan siyasətində özünəməxsus yeri olan bir şəxsdir. Düşünürəm ki, onun yürütdüyü siyasət fərqli baxış sisteminə malikdir. Onun lazım gəldiyi halda Azərbaycanda Rusiya hərbi bazalarının yerləşdirilməsi təklifi indiyə kimi meydana çıxmamışdı".
Bunu açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib. "Söhbət heç bir halda Rusiya və Ukrayna arasındakı bəlli davanın regional proseslərə və beynəlxalq münasibətlər sisteminə təsirindən getmir".
"Azərbaycan hər hansı bir ölkənin bölgədə yerləşdirilməsi qərarını verərsə, bu halda qanunvericilikdə dəyişikliklər baş verməlidir. Bir çox qanunlarımızda bu qadağan edilib".
Musa Qasımlı
papağı atılan polisin müdafiəsinə qalxdı
""Polis haqqında" qanuna əlavələr edilməsinə zərurət yaranıb. Bunu Milli Məclisin deputatı Musa Qasımlı bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, parlament polisin nüfuzdan düşməsinə imkan verməməlidir: "Dövlətimizin mühüm orqanı olan polisin son zamanlar alçaldılması və papağının ayaqlar altına atılması fikrimcə, ictimaiyyət tərəfindən şiddətlə qınanılmalıdır".
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus bir neçə gün bundan öncə polislə mübahisə edən zaman polisin papağını başından çıxarıb yerə atıb.
Fəzail Ağamalı:
"Başqa ölkələrin
vətəndaşı olanlardan Azərbaycan
pasportları alınmalıdır"
"Başqa ölkələrin vətəndaşı olanlardan Azərbaycan pasportları alınmalıdır". Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün keçirilən iclasda çıxışında deyib. O bildirib ki, Azərbaycanda erməni kəşfiyyatına işləyənlərin adları bəlli olub: "Leyla Yunus anti-Azərbaycan qüvvələri və ermənilərlə birgə Azərbaycana qarşı mübarizə aparır. Necə olur ki, belə insanlara 5 illik viza verilir? Mən bütün millət vəkillərinə və ictimaiyyətə müraciət edirəm ki, bu məsələyə həssas yanaşsınlar. Mən bir millət vəkili olaraq Leyla Yunusun Azərbaycana qarşı ermənilərlə apardığı mübarizə haqqında dəfələrlə danışmışam. Artıq bu öz təsdiqini tapıb. Leyla Yunus erməni xüsusi xidmət orqanlarının təsiri altındadır. Erməni lobbisinin ayırdığı vəsaitlə Azərbaycana qarşı müxtəlif təxribatlar aparır".
Deputat sonda onu da bildirib ki, elə insanlar var başqa ölkənin vətəndaşıdır, lakin bu günə qədər Azərbaycan pasportunu daşıyır.
Siyavuş Novruzov:
"Ermənistana gedənlər Azərbaycan
vətəndaşlığından
məhrum edilsin"
Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Azərbaycan vətəndaşlığından çıxmaq istəyənləri dərhal vətəndaşlıqdan çıxarmaq lazımıdır. Milli Məclisin iclasında çıxış edən YAP-çı deputat qeyd edib ki, Xarici İşlər Nazirliyi bununla bağlı bəyannamə yaymalıdır. "Hər bir vətəndaş bunu başa düşməli, dərk etməlidir. İnanmıram ki, kimsə öz xoşu ilə Azərbaycan vətəndaşlığından imtina edərək başqa ölkənin vətəndaşlığını qəbul etsin. Ola bilər ki, ticarət və özünü müdafiə etməkdən ötrü başqa dövlətlərin ərazisinə gedirsə, o, dərhal Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır".
S. Novruzov qeyd edib ki, dünyada baş verən hadisələr dövlət təhlükəsizliyi məsələlərinin önəmini artırır. "Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə işləyənlər, erməniyə işləyənlər səngərdə dayanan ermənilərdən daha betərdir. Çünki onlar bizə arxadan bıçaq sancan insanlardır ki, Azərbaycanda yaşayaraq Azərbaycan əleyhinə işlər görürlər. Azərbaycan barədə yalan məlumatlar verirlər. ABŞ Dövlət Departamenti də hesabat yayır, indi bu hesabatların mənbəyi bəlli oldu. "Beşinci kolon"un nümayəndələrinə qarşı biz öz işimizi düzgün qurmalıyıq ki, bizim vətənə xəyanət edən insanlar ifşa olunsun. Hüquq-mühafizə orqanlarına təhvil verilsinlər və hesabat versinlər. Burada heç nədən çəkinmək lazım deyil. O, Azərbaycan hökumətinə, xalqa, millətə qarşı çıxış edib ona görə də cəzasını almalıdır".
"Sizi saymayan
TV-lərə niyə müsahibə verirsiniz?"
"TV-lər parlamentə qarşı haqsız iradlar bildirirlər". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda çıxışı zamanı deyib. "Son vaxtlar mən də hiss edirəm ki, nəyin ki, QHT-lər, hətta TV-lər belə parlamentə qarşı haqsız iradlar bildirirlər. Bizdə buna qarşı hər zaman dözümlü olmuşuq. Deputatlardan xahiş edirəm ki, edirəm diqqətli olsunlar. Elə TV-lər var ki, Milli Məclisi çox pis formada təqdim ediblər. Üç-dörd gün sonra isə deputatlar gedib həmin kanallara müsahibə verirlər. Sizə belə münasibət göstərirlərsə, nə üçün, gedib müsahibə verirsiniz?!"
Spiker "Beynəlxalq Şəffaflıq – Azərbaycan" təşkilatının hazırladığı sənədlə bağlı da danışıb: "Çox təəssüf edirəm ki, belə bir araşdırma təşkilatı olan adam araşdırma ilə deyil, qarışdırma ilə məşğuldur. Bu məsələlər arasında fərq çoxdur. Araşdırma aparanda 1 və 2 il əvvəli araşdırırlar. Bu hesabatda küçə yazılarını götürüb araşdırma kimi yayırlar".
Fərəc Quliyev
Ziyafət Əsgərovla söz davasına çıxdı
Azərbaycan parlamentinin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərovla deputat Fərəc Quliyev arasında söz dueli yaşanıb. F. Quliyev çıxışı zamanı deputatlara yetərli söz verilməməsindən şikayət edən zaman Ziyafət Əsgərov onun sözünü kəsib. Vitse-spiker onu mahiyyəti üzrə danışmağa dəvət edib. Bundan sonra F.Quliyev daha da kəskin ifadələr işlədib: "Bura notariat kontoru deyil. Hər kəsin çıxış etmək haqqı var. İmkan verin sözümüzü deyək. Ziyafət müəllim, burada hər kəsin öz fikrini bildirmək haqqı var. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz, vəssalam!"
"Hepatitli xəstələrin
müalicəsi üçün
xüsusi dövlət proqramı qəbul olunmalıdır"
Deputat Qənirə Paşayeva Azərbaycanda Hepatit B və C virusuna yoluxanların getdikcə artdığını və bunun insan sağlamlığı üçün böyük faciələrə səbəb olduğunu deyib. Modern.az xəbər verir ki, deputatın fikrincə, Hepatit B və C-nin artmasının qarşısının alınması, bu virusdan əziyyət çəkən insanların müalicəsinə və əməliyyatına dövlət dəstəyini nəzərdə tutan dövlət proqramının qısa zamanda qəbul edilməsi vacibdir: "Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyərlə bağlı həyata keçirilən 58 qaraciyər köçürmə, transplantologiya əməliyyatı zamanı aydın olub ki, 58 xəstənin 45 faizinin qaraciyərinin bu vəziyyətə düşməsi Hepatit C, təxminən 40 faizi Hepatit B mənşəlidir. Təkcə son həftədə Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində həyata keçirilən qaraciyər köçürmə əməliyyatı zamanı məlum olub ki, xəstələrin üçünün qaraciyərinin ağır vəziyyətə düşməsinə səbəb Hepatit C olub. Bu əməliyyatların qiyməti isə aşağı və orta əmək haqlı Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır".
Hepatit C-yə yoluxan xəstələrin qaraciyər köçürmə əməliyyatının 45 min manata, Hepatit B-li xəstələrdə isə qaraciyər əməliyyatında immunoqlobilinə ehtiyacı olduğu üçün 60 min manata başa gəldiyini deyən deputat bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə və Hepatit B və C-nin getdikcə artdığını nəzərə alaraq bir çox məsələləri özündə əks etdirən dövlət proqramına ciddi ehtiyac var.
Deputatdan təklif:
"Cərimə 100 manata
kimi qaldırılsın"
Milli Məclisin iclasında deputat Rəfael Cəbrayılov "Yol hərəkəti haqqında" Qanun layihəsinə dəyişikliklərdən danışarkən bildirib ki, xüsusi siqnallarla təchiz olunmuş avtomobillərə yol verilməməsi ilə bağlı qayda pozuntusunu digər qayda pozuntusu ilə müqayisədə təhlükəlidir. "Söhbət yol polisi, yanğınsöndürən, təcili yardım maşınlarından gedir. Sürücülər polis maşınlarına yol verirlər. Bunun səbəbləri aydındır. Yanğınsöndürən maşınlara da yol verilir. Çünki onların qabariti böyükdür və toqquşma təhlükəsi baxımından onlara da yol verilir. Lakin təcili yardım maşınlarına yol verilməməsi çox geniş yayılıb. Burada insan sağlamlığından söhbət getdiyi üçün məsələ daha təhlükəlidir".
R. Cəbrayılov bəzi təkliflər verib: "Qanun layihəsinin 151-ci maddəsində sadalanan əməllərlə birgə 60 manat cərimə olunma ayrı bir maddədə verilməlidir. Nəzərə çatdırım ki, Milli Məclisin belə bir təcrübəsi var. Piyadaların keçid zolağı üzərinə çıxan andan onlara sürücü tərəfindən yol verilməsini iki il bundan öncə ayrı bir maddədə yerləşdirdik. Təbii ki, bu da lazımı effekt verdi. Xüsusi səs siqnalları, sayrışan işıqlarla təchiz olunmuş avtomobillərə yol verilməməsinə görə inzibati məsuliyyət 151.2-ci maddədən çıxarılıb ayrıca maddədə verilsin və sanksiya ən azı 100 manata kimi qaldırılsın".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53