Avropanın qurbanlıq Azərbaycanı
18:38 03-05-2014
İQTİSADİYYAT
Avropanın qurbanlıq Azərbaycanı
Rusiyanın isə udmaq istədiyi tikə
Biz Avropa və ABŞ-dan çox şeylər umuruq. Müxalifətimiz onlardan hakimiyyətə gəlməyi, hakimiyyətimiz isə Dağlıq Qarabağı.
Biz Avropa və ABŞ-dan tez-tez incik düşürük; açıq şəkildə dəstk görməməyimiz üçün.
Biz Avropa və ABŞ-dan hər gün yenilik gözləyirik; bizlərə demokratiya,firavanlıq gətirəcək deyə.
Amma hələ ki, gözləyə-gözləyə özlüyümüzdə onlardan xəbərsiz küsür,sonrada elə xəbərsiz barışır; bəzənsə qeyri-səmimilikdə ittiham edirik. Gəlin mövzuya keçməmişdən öncə illər öncə şair Qulu Ağsəslə olan bir söhbəti yada salım. Hər ikimiz AzTV-in radiosunda işləyirdik. Günlərin biri bizimlə bir yerdə durub-oturanlardan biri haqqımda radionun o zamankı rəhbəri Mövlud Süleymanlıya nə isə xəbərçilik eləmişdi. Çox pərt halda deyinirdim. Qulu Ağsəs isə eynəyini təmizləyə-təmizləyə bir söz dedi- "Eldəniz, o sənə qarşı nəyə görə səmimi olmalıdırki; borcludurmu buna?". Baxdım ki, həqiqətən onun mənə səmimiyyət borcu yoxdu. Və indi məndə sizlərdən bir şey soruşmaq istəyirəm, "Avropa, ABŞ və ya Rusiya bizlərə səmimi olmağa borcludurmu?". Sözsüz ki, yox. Bəs onda biz nə istəyirik?
Avropa və ABŞ-in
görmək istədiyi
Azərbaycan
Gəlin, öncəliklə bir məqama aydınlıq gətirəyin. Avropa və ABŞ Azərbaycanı necə görür? Bizim gördüyümüz Azərbaycan sözsüz ki, Conun gördüyü Azərbaycan deyil. Conun gördüyü Azərbaycanda Qarabağ yoxdu, hələ uzağa getsək heç Gəncə, Şəki, heç Sumqayıtda yoxdur. Avropa üçün qərbin enerji təhlükəsizliyini müəyyən qədər təmin edən, enerji daşıycılarının mərkəzində yerləşən bir tranzit ölkə kimi qəbul edilən Azərbaycan var. Yalnız belə bir Azərbaycan lazımdır və bu Azərbaycanın həm də güclənməsi qətiyyən onlara lazım deyil. Baxın, Suriya, Misir,Tunis artıq kifayət qədər daxili potensiallara sahiblənmişdilər və əl oyuncağına çevriləcək bir ölkə deyildilər, şərtlərlə idarəolunmağı sevmirdilər. Avropa və ABŞ-a isə onlardan aslı durumda olan Misir və ya Tunis lazım idi və bu səbəbdən "Bahar inqilabı" alovlandı. Bundan dərs alan Qərb və ABŞ indi nədən Azərbaycanın güclü bir dövlətə çevrilməsini qəbul etsin?
Bu gün Dağlıq Qarabağ Rusiyaya ona görə lazımdır ki, Azərbaycana təsir etsin. Rusiya isə Avropa və ABŞ-a ona görə lazımdır ki, Azərbaycanı daim gərginlikdə saxlasın. Məhz bu siyasətin nəticəsidir ki, Ukrayna qan gölündə boğulur. Bu gün iddia olunur ki, Avropa və ABŞ Rusiyadan belə qəddarlıq gözləmirdi və bu səbəbdən çaşqınlıq yaranıb. Əslində isə bu bir eyforiyadır və Avropa ilə ABŞ-in strateji planı tam fərqlidir. Bu gün AVROPA VƏ ABŞ POSSOVET ÖLKƏLƏRİNİ RUSİYANIN AĞUŞUNA ATMAQLA ƏSLİNDƏ RUSİYANI GÜNBƏ-GÜN ZƏİFLƏTMƏYƏ ÇALIŞIR. Gəlin bu teoremanın açmasına baxaq.
Putin növbəti dəfə hakimiyyətə gələndə gündəmdə bir aforizm vardı; Putin qələbə qazanacaq, Rusiya məğlub olacaq. Və hazırda bu proses gedir. Rusiya müxtəli ideyalarla çıxış edir, qüdrətini özünə qaytarmaq istəyir və hər gün iqtisadi baxımdan daha da Avropa və Çinin təsirinə düşür. Bu gün Rusiya Ukraynanı faktiki işğal edib. Bəs qarşılığında nə baş verir?
- Rusiya beynəlxalq təzyiqlərlə üzləşərək,etibarsız portnyora çevrilir
- Sanksiyalara məruz qalmaqla itkilərini artırır
- Ukraynada, Krımda qalmaq üçün büdcədən milyonlar xərcləyir
- Hiss olunmadan Rusiyada nəzarətsizlik arta-arta gedir.
Əslində Rusiyanın Ukraynanı işğal etməsi əlavə yüklənməsidir və siyasi maraqlar üçün həyata keçirilən bu yükləmə iqtisadi çöküşlə sonunclanacaq. Sabah Rusiya başqa possovet ölkələrinə də bu şəkildə müdaxilə edə bilər. Bu isə Rusiyanın ikiqat,üçqat zəifləməsi deməkdir. Bu gün Dağlıq Qarabağ problemi problem olaraq qalır və bundan yenə də itirən Rusiyadır. Çünki Dağlıq Qarabağ problemi nə qədər varsa, Ermənistanda o qədər Rusiyanın üzərində yük olaraq qalacaq. Belə olan halda, Rusiyanı zəiflədən nöqtələri nədən Avropa və ABŞ aradan qaldırmalıdır? Bu gün Avropa üçün Ukraynanın və ya Azərbaycanın Avropa İttifaqına daxil olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki Ukrayna və Azərbaycan onlar üçün tranzit ölkə və enerji mənbəyi rolundadır. Hər ikisini də artıq əldə edib. Bundan başqa Con üçün Mamedin demokrat olub-olmamasının heç bir önəmi yoxdur və olmayacaqda. Bununla yanaşı bir reallığıda qəbul etməyimizin zamanı çatıb.
Svilizasiyanın
şərq qütbü
Bu gün bizlər Roma papasından böyük katolik olmağa çalışırıq. Roma papasının ildə bir dəfə bir müsəlmanında ayağını yumasını yada salıb ayaqlarımızı çirmələyirik. Amma unuduruq ki, biz Avropa üçün nə katolik, nə provaslav nədə protestant ola bilmərik. Bizlər smokinqdə belə olsaqda avropalı üçün üzü-başı yağlı barbar müsəlmanıq. Bu gün Avropa elitası svilizasiyaların toqquşması prinsipini qəbul edir və şərq svilizasiyasını özündən qovur. Belə olan təqdirdə hansısa mənəvi dəstək gözləmək sadəcə olaraq absurddur. Çünki istəsəkdə-istəməsəkdə Ermənistan hər bir halda Avropa xristianlığına, dini svilizasiya məkanında Qərbə daha doğmadır.
Rusiyanın ayı oyunu
Onda belə nəticə çıxa bilər ki, bir halda ki, Avropa və ABŞ Rusiyanı zəiflətmək üçün possovet ölkələrini qurbanlıq kimi ortaya atıblarsa Rusiya nədən bu oyunun iştirakçısına çevrilir? Sualın cavabı konkretdir və bunun kökündə Rusiyanın seçimsizlik problemi ilə üzləşməsidir. Belə ki, Rusiya Yaxın Şərqdə ciddi mövqelərini demək olar ki, itirib. Suriya istisna olmaqla Rusiya sərhədlərinə qədər qovulub. Və istənilən an Rusiyaya olan təzyiqlər, onun daxilinə keçə bilər və növbəti bir çeçen problemi yox, onlarla Dağıstan, Çeçenistan, Tatarıstan kimi problemlər ortaya çıxa bilər. Bu səbəbdən Rusiya sərhədlərində ki, münaqişə ocaqlarını aktivləşdirməklə sadəcə olaraq zaman udmağa çalışır. Bu zaman isə Rusiyaya həm də bir sıra məqamlara görə lazımdır. İlk növbədə ona görə ki, Rusiya görür ki, artıq bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, BMT kimi qurumlar dünyada baş verən proseslərə təsir göstərə bilmir. Və bu qurumlar demək olar ki, ABŞ-in və Avropanın təsir dairəsindədir. Bu səbəbdən də beynəlxalq təşkilatlara olan inamsızlıq,paralel olaraq bu dövlətlərə də təsirini göstərir. Belə olan halda Avropaya və ABŞ-a inamı olmayan güclər, daha güclü və ya yırtıcı Rusiyanın yanında olmağa həvəs göstərə bilərlər. Həmçinin dünyada baş verən qlobal iqtisadi böhranda bir tərəfdən Rusiyanı çökdürürsə, digər tərəfdən Avropa və ABŞ-in regiona təsirini zəiflədir. Və nəhayətdə Rusiya gərginliyi artırmaqla yenə ikiqütblülüyün formalaşmasına çalışır. Bunun üçün isə hələ ki, Çin və İran potensialından bəhrələnməyə çalışır. Məhz buna görə də Rusiyaya hələ ki, zaman lazımdır və bu zamana görə Avropa və ABŞ-in qurbanlıqlarını qəbul edir.
Azərbaycanın
seçim anı
Ukraynada baş verənlərdən sonra belə düşünmək olardı ki, Avropa və ABŞ Ukrayna problemi sona çatana və bu ölkənin ərazi bütövlüyü təmin olunana qədər fərqli siyasət yürüdəcək. Amma aydın olur ki, bu güclər bunun tam əksini edərək Azərbaycan başda olmaqla bir neçə possovet ölkəsini yenədə gərginlikdə saxlamaqla Avropa ittifaqı ilə işbirliyini dərinləşdirməyə çalışır. Ukraynanı bu seçim qarşısında qoyaraq bərbad hala salan Avropa nədən indi də bu siyasəti Azərbaycanda davam etdirmək istəyir? Bu sualın isə tək bir cavabı var; RUSİYANI DİGƏR MÜNAQİŞƏLƏRƏ DƏ CƏLB ETMƏK. Rusiya Ukraynadan sonra ikinci və üçüncü cəbhə açarsa bu əslində Rusiyanın çöküşünü sürətləndirəcək. Bu gün Avropa və ABŞ-ı Bakıda qan tökülməsi o qədər də maraqlandırmır, onları maraqlandıran Rusiyanın eyni vaxtda bir neçə münaqişəyə cəlb olunmasıdır. Hazırda Qərb özünü yazıq görkəmdə göstərməkdə, Barak Obama isə dişlərini qıcamaqdadır. Amma beyin mərkəzləri bütün cəhdlə Rusiyanın Pribaltikada, Moldovada, Azərbaycanda yeni gərginliklər yaratmasını istəyir. Bir sözlə Azərbaycan Avropa üçün bu gün Rusiyanı tələyə salmaqdan ötürü seçilmiş pendir dilimidi. Və bütün bunları nəzərə alaraq siyasi mövqedən aslı olmayaraq bir suala cavab tapmalıyıq- HANSI YOLU SEÇMƏLİ? .Yəqin ki, ziddiyətli fikirlər ortaya çıxacaq. Amma bu ziddiyətlərin qarşısına çıxaracağımız tək fikir budur ki, böyük oyunçuların oyununda nədən hər zaman ofsaydda qalacaq oyunçuya çevrilməliyik? . Bu səbəbdən ilk növbədə itirəcəklərimizi və qazanacalarımızı düşünməliyik. Tarixi keçmişə baxdıqda isə yalnız bir reallığı görürük. 1918-ci ildə şərqdə ki, ilk demokratik respublika olan ADR-in inglis və rus masasında necə bölündüyünü görməkdən başqa çarəmiz qalmır. Bu gün isə Avropa Azərbaycanı qurbanlıq olaraq Rusiyanın ayaqları altına atır, Rusiya isə Azərbaycanın ona əl açacağı zamanı gözləyir. Deməli bu gün elə mövqe seçilməlidir ki, nə Avropa nə də Rusiya Azərbaycanı hansısa taktiki gedişin qurbanına çevirməsinlər. Bunu da qeyd edək ki, bu proseslər yaxın aylarda daha da ciddiləşəcək və Azərbaycanın manevr imkanlarını maksimal dərəcədə daraltmağa çalışacaqlar.Çünki 2015-ci il parlament seçkiləridir və istər Qərb, istərsədə şimal qonşumuz Azərbaycanda siyasi sabitliyin təngünəfəs olması, vahid komanda sisteminin parakəndə duruma düşməsi üçün müxtəlif addımlar atacaqlar.
Sonda bunu da yada salaq ki, Azərbaycan artıq dünənki Azərbaycan deyil və keçən hər gün regionda mövqelərini daha da gücləndirir. Amma Avropa "YES SER", Rusiya isə "YEST QOSPODİN" deyən bir Azərbaycan istəyir və buna sözsüz ki, hazır olmalıyıq. Əgər Azərbaycan olaraq qalmaq istəyiriksə...
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53