Azərbaycan regionun nəbzinə çevrilir
06:22 07-05-2014
CƏMİYYƏT
Azərbaycan regionun nəbzinə çevrilir
Türkiyə-Azərbaycan-Gürcüstan müttəfiqliyinin sabahı
Dünyada baş verən siyasi kataklizmalar deyəsən bütün fəsadları ilə possovet məkanına yönəlir. Çünki bu kataklizmin bir tərəfində ABŞ durursa, digər tərəfində yenə Rusiya dayanıb. ABŞ Rusiya ilə son raunda hazırlaşır, Rusiya isə regiona bir dəfəlik bayrağını taxmaqla öz mövcudluğunu qorumağa çalışır. Bunun üçün isə Rusiyaya qurbanlıqlar lazımdır. İlk qurbanlıq isə Ukrayna oldu.
ABŞ politoloqu Zbiqnev Bzejinski deyirdi ki, Ukraynasız Rusiya güc ola bilməz. Bu həqiqətdir. Həm Ukraynanın yerləşdiyi strateji mövqeyinə görə, həm də siyasi məqamlara görə. Ukraynasız Rusiya o deməkdir ki, Rusiya Qara dəniz kimi bir manevr meydanını itirəcək. Ukraynasız Rusiya o deməkdir ki, Kreml Avropaya təsirini zəiflədəcək. Ukraynasız Rusiya həm də o deməkdir ki, rus tankı NATO tanklarının qarşısında atəş lüləsini aşağı salmalı olacaq. Məhz buna görə də Rusiya ilk qurbanlıq kimi Ukrayna üzərində dayanıb və hazırda proses davam etdirilir. Amma bu elə bir prosesdir ki, məsələ tək Ukrayna ilə kifayətlənməyəcək və nəhənglərin savaşında çox qurbanlar olacaq, qurban olmayan tərəflər az qal girov kimi saxlanılacaq. Necə ki, hazırda Ukraynanı yardımsız qoyan Avropa indidə Azərbaycandan şərq tərfdaşlığı sazişinə qoşulmağı istəyir. Elə Ukraynada tora məhz Avropanın bu tələbinə görə düşdü. Sözsüz ki, Qərbin tələbləri nə qədər çox ucadan səslənirsə, Rusiyanın ayıvari şərtləri də o qədər ağırlaşır. Bu ağırlıq isə deyəsən indi bizlərin, Azərbaycanla Gürcüstanın çiyninə düşməyə yönəlib. Çünki Rusiya çoxdan Ermənistanın çiynində əyləşib və ayaqlarını da rahatlıqla yellədir. Regionda Rusiyanı tərs duruma salan isə Azərbaycanla Gürcüstandır.
Ya birlikdə hərəkət
etməli ya da...
Prosesləri düzgün dəyərləndirən Azərbaycan rəhbərliyi buna uyğun addımlar atmaqdadır. Məsələn Avropanın sazişə qoşulmaq tələbini Azərbaycan bu şəkildə cavablandırır. "Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı davam edir. Bəzi məsələlər və bəzi mövzular var ki, onların da ətrafında müzakirələr, danışıqlar aparmaq lazımdır".Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Azərbaycanla AB arasında assosiasiya sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı suala nazir müavini belə cavab verib: "Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. AB bu məsələdə hələ ki düşünür".M. Məmmədquliyev bildirib ki, hazırda təşkilatın əsas müzakirə mövzusu Ukraynadır: "Amma hesab edirik ki, həm Avropa Şurası, həm də Avropa Birliyi digər məsələlərə də diqqət ayırmalıdır". Yəni bununla açıq şəkildə Avropaya bildirilir ki, Azərbaycan dövlətçilik maraqlarına cavab verəcək sazişlərə imza atacaq, hansısa tərəflərin maraqlarına cavab verəcək sazişlərə yox. Bunu da xüsusi ilə vurğulayaq ki, bir neçə ay öncə prezident İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan Rusiyanın diqtə etdiyi Gömrük İttifaqına da üzv olmayacaq. Bununla da Azərbaycan balanslaşdırılmış siyasətini qoruya bildi. Amma bütün bunlara baxmayaraq regionda hadisələrin mənfiyə getməməsi üçün Gürcüstanla Azərbaycanın birgə addımlamasına və Türkiyənin də bu prosesə cəlb olunmasına ciddi ehtiyac var.
İlk gözləntilər
Hazırda Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin görüşləri keçirilir. Bu görüşdən ilk gözləntilər nədir? Bu suala cavab vermək üçün gəlin öncəliklə prezident İlham Əliyevin verdiyi son bəyanata diqqət yetirək:-" Əminəm ki, sammitin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, üçtərəfli formatda biz bir çox hallarda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Və bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz üçün, eyni zamanda, bölgə üçün və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb, qlobal məna daşımaqdadır. Ona görə sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir".
Azərbaycan Prezidentinin sözlərinə görə, əlbəttə ki, sammitdə müzakirə olunacaq məsələlər mahiyyət etibarilə də çox böyük məna daşıyır: "Əminəm ki, bu gün həm beynəlxalq məsələlər, regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədəki əməkdaşlıqla əlaqədar biz fikir mübadiləsi aparacağıq və növbəti dövr üçün birgə fəaliyyət planı haqqında da danışacağıq. Bir daha sizə bu təşəbbüsə görə və göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram".
Anladığımız qədəri ilə görüşdə ilk növbədə iqtisadi əlaqələr, trans layihələrin həyata keçirilməsi xüsusi ilə müzakirə olunacaq və hazırkı əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunacaq. Sözsüz ki, eyni zamanda regional proseslərdə müzakirə obyekti olacaq.Ekspertlər hesab edir ki, Türkiyənin proseslərə müdaxiləsi istər Azərbaycanın , istərsə də Gürcüstanın regionda maraqlarını təmin edəcək. Ən azından Rusiya regionla bağlı siyasətini reallaşdıranda Türkiyənində mövcudluğunu nəzərə almalı olacaq. Elə üç prezidentin istər Dağlıq Qarabağla, istərsə də Krımla bağlı verdikləri açıqlamada buna misaldır."Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"Bunu Türkiyə Prezidenti Abdullah Gül Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Türkiyə Prezidenti qeyd edib ki, üçtərəfli görüş zamanı regional məsələlərlə yanaşı, qlobal məsələlər də müzakirə edilib:
"Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə verdiyimiz dəstəyi bir daha yenilədik. Bölgəmizdəki münaqişələrin sülh və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bir daha qeyd etdik".
A.Gül bildirib ki, görüşlər zamanı Ukraynadakı siyasi böhran da müzakirə edilib: "Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik və siyasi böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq".
Prezident vurğulayıb ki, Türkiyə Krım tatarlarının vəziyyətini diqqətlə izləməkdədir.
Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi birgə layihələrə münasibət bildirən A.Gül qeyd edib ki, bu layihələr bölgənin inkişaf və stabilliyi üçün çox önəmlidir: "Həyata keçirilən TANAP ciddi enerji layihəsi olaraq bölgənin əhəmiyyətini daha da artırır". O deyib ki, əsas məqsədlərdən biri də həyata keçirilən layihələrin bölgənin iqtisadi rifahına xidmət etməsidir.
Növbəti gediş
Ekspertlər düşünür ki, hadisələrin bu şəkildə inkişafını nəzərə alaraq Türkiyə-Gürcüstan-Azərbaycan arasında hərbi müttəfiqlik sazişi imzalanmalı və daha real addımlarda atılmalıdır. Bu bir tərəfdən Azərbaycan və Gürcüstan ordusunun daha da peşəkarlaşdırılması üçün lazımdır, digər tərəfdən isə təhlükəsizlik nöqteyi-nəzərdən çox gərəklidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27