Sənaye sektorunun Natiq Əliyevdən alınmasının sirri
11:39 22-05-2014
İQTİSADİYYAT
Sənaye sektorunun Natiq Əliyevdən alınmasının sirri
Nazirin səlahiyyətlərindən məhrum edilməsinin pərdəarxası təfərrüatları
Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Bəzi optimist müşahidəçilərin fikrincə, belə bir sərəncam respublikamızda bu ilin sənayeləşmənin yeni mərhələsinin başlanğıc dövrü olacağına dəlalət edir.
Maraqlıdır ki, Azərbaycanda 2014-cü ilin "Sənaye ili"elan edilməsi bu sahəyə cavabdehliyin Sənaye və Energetika Nazirliyindən alınıb İqtisadi İnkişaf Nazirliyinə verilməsi, sonuncunun İqtisadiyyat və Sənaye Nazirliyinə çevrilməsindən sonra baş verdi. Natiq Əliyev sənaye ilə bağlı səlahiyyətlərini itirdi, əvəzində Şahin Mustafayev kifayət qədər önəmli bir sahəni öz nəzarətinə keçirdi.
Bəs görəsən, sənaye sektorunda belə bir "əl dəyişdirilməsi"haradan qaynaqlanırdı? Bu suala cavab tapmaq üçün əvvəlcə sözügedən sahənin
ötən illər, daha doğrusu, Natiq Əliyevin həmin sektora rəhbərlik etdiyi müddət ərzindəki göstəricilərinə göz atmaq lazımdır.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, bu ilin yanvar-aprel aylarında ölkədə sənaye istehsalının həcmi 11 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 2 faiz azdır. Dördüncü aydır sənaye istehsalının həcmi neft sektorunda tempin azalması ilə bağlı geriləyir.
Neft və qaz hasilatı ilin əvvəlindən 1,5 faiz azalıb. Bu dövrdə 14 mln ton neft və qaz kondensatı hasil edilib. Bu, ötən ilin eyni dövründəkindən 1,7 azdır .
"Anglo-Asian Mining Company" qızıl hasilatı şirkətinin işi pis getmir. Bu il çıxarılan qızıl (501,8 kq) ötən ilin eyni dövründəkindən 46,4 faiz çoxdur.
Neft emalı zavodlarının fəaliyyətinin qismən dayanması emal sənayesi məhsulunun həcminə də təsir edib. Neft emalı həcmi (778 mln manat) 13,3 faiz azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, qeyri-neft emal sənayesində istehsal 4,2 faiz artıb. Emal sənayesinin ümumi həcmi 2,3 mlrd manat olub (3,2 faiz). Bunun 35 faizi (820 mln manat) yeyinti sənayesinin payına düşür. İçki istehaslı (44 mln manat və ya mənfi 7,9 faiz), kağız və karton (7,3 mln manat və ya mənfi 11 faiz), rezin-plastmass məmulatı (12 mln manat və ya mənfi 31 faiz) istehsalı azalıb.
DSK-ya görə, ötən dövrdə sənayeyə 2 267 mln manat investisiya qoyulub. Bu, ötən ilin eyni dövründəkindən 12,7
faiz çoxdur. İnvestisiyaların çoxu (1,8 mlrd manat) neft sektoruna yönəldilib. Emal sahəsinə 134,2 mln manat əsaslı qoyuluş olub. Bu, ötən ilin eyni dövründəkindən 48,1 faiz azdır.
Bir daha xatırladaq ki, bu il ölkədə "sənaye ili"elan edilib. Bu sahədə görüləcək tədbirlərlə bağlı xüsusi plan təsdiq edilib".
Rəsmi rəqəmləri şərh edən iqtisadçı-ekspertlər bildirirlər ki, sənaye sektorunda məhsul istehsalının aşağı düşməsinin əsas səbəbinin neft sektorundakı tənəzzüllə əlaqələndirdi. Onların sözlərinə görə, hökumət 2014-cü ili "sənaye ili" elan edəndə neft sektorunu nəzərə almayıb. "Qeyri-neft sənayesi dedikdə, qeyri-neft sektorunun inkişafı nəzərdə tutulmalıydı. Bu yöndə önəmli olanlardan biri metallurgiya sənayesi idi, Azərbaycanın deyilən sahədə müəyyən potensialı da var. Amma sənaye sektorunun inkişafına bir il azdır" - ekspertlər belə düşünür.
Onlar bildirirlər ki, sənaye sektoru ən investitor tutumlu sektorlardan biridir. Xüsusən də nəzərdə tutsaq ki, ağır maşınqayırma, qara və əlvan metallurgiya sənayesi Azərbaycan üçün vacibdir. Ancaq əlavə investisiyanın cəlb olunması üşün Azərbaycanda münbit biznes mühiti olmalıdır. Əlverişli biznes mühitinin olmaması problemin həll olunmasını çətinləşdirir. Başqa tərəfdən, Azərbaycan iqtisadiyyatının diverfikasiyası vacibdir ki, bunun üçün qeyri-neft sektoru inkişaf etməlidir. Bu sıraya xidmət, nəqliyyat, ticarət sektoru da daxil olduğundan müəyyən inkişaf var. Amma ən böyük problem sənaye sektorundadır, bu il "Sənaye ili" elan olunmasına baxmayaraq, bu sahəyə sərmayə qoyulmaması səbəbindən çətinliklər yaşayır. Ona görə də sərmayə qoyulmadığından bir il ərzində sənaye sektorunun inkişafından danışmağa dəyməz.
Beləliklə, neft hasilatının azalması ilə sənaye sahəsindəki istehsal göstəricilərinin ciddi şəkildə aşağı düşməsi belə deməyə əsas verir ki, Natiq Əliyevin bu sektora rəhbərliyi zamanında görülən işlər heç də uğurlu olmayıb. Yəni onun nazirliyi sənaye istehsalı göstəricilərini sadəcə olaraq, neftin yüksək hasilatına hesablayıb, hasilatın aşağı düşməsi ilə sənaye sektorunda da axsaqlıqlar ortaya çıxmağa başlayıb.
Görünür, hökumətdə bunu öncədən hesabladıqları üçün sənaye sahəsinin Natiq Əliyevdən alınmasına qərar verilib. Əvvəlcə bu, ardınca da 2014-cü ili "Sənaye ili"elan etməklə hökumət bu sektorda yeni, "neftsiz inkişaf"a əsaslanan yüksəliş mərhələsinə start verməyi qərara alıb. Şahin Mustafayevin nəzarəti altında bu hədəfin nə qədər reallaşacağını demək çətindir, amma Natiq Əliyevin həmin sektora yönəlik səlahiyyətlərdən məhrum olunmasının arxasında məhz yuxarıda qeyd etdiyimiz uğursuzluğun dayandığı ehtimalı kifayət qədər yüksəkdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23