Azərbaycanın manevr imkanları genişlənib
11:41 22-05-2014
İQTİSADİYYAT
Azərbaycanın manevr imkanları genişlənib
Rusiya-Azərbaycan-İran müttəfiqliyi yarana bilər
Regionda baş verən proseslər deyəsən yeni siyasi mənzərənin yaranmasına xidmət edir. Belə ki, Rusiya Krımın işğalına nail olandan sonra ciddi şəkildə Qərbin təzyiqlərinə məruz qaldı və hazırda Rusiyaya tətbiq olunan sanksiyaların ağırlaşdırılması gözlənilir. Bu isə Rusiyaya yeni manevrlər etmək məcburiyyəti yaradır. Daha doğrusu Rusiya iki istiqamətdə aktiv fəaliyyətə keçə bilər.
1. Qonşu dövlətlərlə münasibətləri dərinləşdirmək
2. Çin başda olmaqla Yaxın və Uzaq Şərqlə münasibətləri dərinləşdirmək.
Bunuda qeyd edək ki, Rusiya artıq hər iki istiqamətdə fəaliyyətə başlayıb və ABŞ-la Avropa tərəfindən də əks həmlələr gəlməkdədir. Sözsüz ki, məlum prosesdə Azərbaycanında rolu kifayət qədər maraqlı olacaq. Hələlik isə görünən budur ki, ABŞ ölkəmizdə ki, səfiri vasitəsi ilə heç də xoş olmayan mesajlar səsləndirdilər, hətta hakimiyyəti Ukrayna variantı ilə hədələdilər. Bununla yanaşı olaraq amerikalı diplomat bəyan etdi ki, Azərbaycan üçün Rusiya və İran problemləri mövcuddur. Amma səfirin bu açıqlamasına Azərbaycan hakimiyyətinin münasibəti sərt oldu və bəyan edildi ki, istər Rusiya ilə, istərsə də İranla hər hansı problem yoxdur və münasibətlər qaydasındadır. Bunu da qeyd edək ki, həqiqətəndə Azərbaycan prezidenti İlham Əliyevin İran səfərindən sonra iki ölkə münasibətləri kifayət qədər qaydaya düşüb və hazırda strateji müttəfiqliyin dərinləşməsinə ümidlər artıb. Bununla yanaşı artıq əksər analitiklər hesab edir ki, Rusiya Azərbaycanla münasibətlərin dərinləşməsinə çalışacaq və bunun üçün Dağlıq Qarabağın hətta Azərbaycana qaytarılması üçün Ermənistana təzyiqlərini artıracaq. Çox qəribədir ki, hazırda Ermənistandakı əksər politoloqlarda bu fikirdədir və Fransa prezidentinin regiona səfərindən sonra bu məsələ daha da aktuallaşıb. Bu arada növbəti maraqlı bir səfərin planlaşdırılması ortaya çıxıb. Belə ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı Z.Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı S.Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır. Maraqlıdır, bu görüşlər nələrlə nəticələnə bilər? Ekspertlər hesab edir ki, hər üç dövlət bu gün regionda aparıcı gücə çevriliblər və onların eyni mövqedən çıxış etməsi siyasi düzəni dəyişə bilər. Bunu da qeyd edək ki, hər üç ölkə ABŞ və Avropadan kifayət qədər narazıdır və bu narazılıq yeni imkanlar yarada bilər. Həmçinin ortada Türkiyə faktoruda var və bir ildən çoxdur ki, ABŞ və Türkiyə münasibətləri kifayət qədər kəskinləşib. Hətta Türkiyənin baş naziri dəfələrlə bəyan edib ki, Türkiyəyə yanaşma dəyişməzsə Türkiyə Rusiya və İran tərəfə marağını artıracaq. Belə olan halda meydanda İran-Rusiya-Türkiyə-Azərbaycan dördlüyü görmüş olacağıq. Ekspertlər hesab edir ki, hazırkı situasiyanı dəyərləndirəndə aydın olur ki, Azərbaycan üçün bu gün münbit şərait yaranıb və Azərbaycan bundan bəhrələnməklə Dağlıq Qarabağ problemini həll edə bilər. Düzdür, bunun qarşılığında Avropa və ABŞ Azərbaycana hansısa formada təzyiqlər edə bilərlər. Amma bu gün ölkədaxili siyasi sabitlik və müxalifətin kifayət qədər zəif olması səbəbindən bu təzyiqlərin bəhrə verəcəyini gözləməyə dəyməz. Amma məsələ orasındadır ki, Rusiya sona qədər bu prosesdə səmimi ola biləcəkmi? Ekspertlər hesab edir ki, hər şey Avropanın tətbiq etdiyi sanksiyalardan aslıdır. Hazırda durum elədir ki, Rusiya ətrafına daha çox müttəfiq toplamağa məcburdur və Azərbaycan müttəfiq kimi əvəzolunmaz ölkədir. Yeri gəlmişkən hazırda İlham Əliyev Çindədir və bu prosesdə Çinin tutacağı mövqedə kifayət qədər aktualdır. Beləliklə çıxaracağımız nəticə budur ki, son zamanlar Azərbaycan-İran, Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə arasında intensiv şəkildə aparılan danışıqlar təsadüf deyil və yaxın aylarda bunun real nəticələrini görə bilərik. Sonda bunu da unutmayaq ki, bu gün Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə müsbət təsir göstərən əsas ölkədir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23